Moderator.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ilə müsahibəni təqdim edir.
- Gülnaz xanım, hipertoniya ürəyə necə təsir edir?
- Ümumiyyətlə, uzun müddət hipertoniyanın davam etməsi hədəf orqanlardan ən önəmlisi olan ürəyə mənfi təsirini göstərir və fəsadlar törətməyə başlayır. Yüksək təzyiqə qarşı ürək əvvəlcə qalınlaşaraq özünü qorumağa çalışır. Amma zamanla bu dəyişikliklər ürəyin sərtləşməsinə, qanla dolmasının çətinləşməsinə və nəticədə oksigen çatışmazlığına səbəb olur. Daha ağır mərhələdə isə ürək zəifləyir və ürək çatışmazlığı inkişaf edir.
Bundan əlavə, hipertoniya damarların daxili təbəqəsini zədələyərək, aterosklerozu sürətləndirir, bu da infarkt riskini artırır. Bu baxımdan bizim üçün hipertoniyanın profilaktikasını diqqət mərkəzində saxlamaq fəsadların qarşısının alınması üçün çox önəmlidir. Çünki pasiyentlərin doğru şəkildə maarifləndirilməsi, həyat tərzinin və lazım olduğu təqdirdə, dərman müalicəsinin aparılması nəzərəçarpacaq dərəcədə bu məqsədə nail olmağa imkan verir.
Maarifləndirmə tədbirlərinin rolu da mühümdür, çünki insanlar fəsadlardan xəbərdar olduqca, öz səhhətlərinə daha çox diqqət etməyə başlayırlar.
- Ürəyin işemik xəstəliyi barədə məlumat verərdiniz…
- Ürəyin işemik xəstəliyi ürəyi qidalandıran damarların daralması nəticəsində ürəyin kifayət qədər oksigen almamasıdır. Əsas səbəb ateroskleroz, yəni damarların içində yağlı yığıntıların (plakların) əmələ gəlməsidir.
Xəstəlik özünü müxtəlif formalarda göstərə bilər. Məsələn, stabil stenokardiya fiziki və ya emosional yüklənmə zamanı sinə ağrısı ilə özünü göstərir. Xəstəliyin daha bir forması qeyri-stabil stenokardiyadır. Bu zaman istirahət edərkən də ağrılar müşahidə olunur.
Bu xəstəliklər arasında ən çox fəsadlara səbəb olanı miokard infarktıdır. O, damarın qəfil tutulması nəticəsində ürək əzələsinin bir hissəsinin nekrozu, yəni toxumanın ölümü və daha sonra çapıq toxumasının yaranması ilə özünü göstərir.
Eyni zamanda, bəzi pasiyentlərdə damarlar tam tutulmasa da, işemiya və ya infarkt ola bilər.
- Hamiləlik zamanı ürəyə əlavə yük düşürmü?
- Bəli, çünki qadının bədənində bir sıra dəyişikliklər baş verir və ürək daha çox işləməli olur. Məsələn, hamiləlik zamanı bədənin qan həcmi təxminən yarıya qədər artır. Bu, həm dölün, həm də ananın orqanizminin ehtiyaclarını qarşılamaq üçündür. Qan artdıqca ürək də daha çox qan pompalamalı olur. Ürəyin döyüntü sayı da artır – normaldan təxminən 10–20 dəfə daha sürətli döyünə bilər. Hər döyüntüdə ürək daha çox qan ötürür. Buna görə də xüsusilə ikinci və üçüncü trimestrlərdə onun yükü daha çox olur.
Həmçinin, hormonal dəyişikliklər baş verir. Məsələn, progesteron damarları genişləndirir, təzyiq bir az enə bilir. Bu da ürəyin işini dəyişdirir. Uşaqlıq böyüdükcə diafraqmı sıxır, ürəyin mövqeyi bir az dəyişir, bu da əlavə təsir göstərir.
Sağlam qadınlarda bu dəyişikliklər normal sayılır və doğuşdan sonra ürək öz əvvəlki vəziyyətinə qayıdır. Lakin ürək xəstəliyi, məsələn ürək çatışmazlığı, qapaq problemi və ya ritm pozğunluğu olan xanımlara hamiləlik ürəyə ciddi yük salır və ağırlaşmalar müşhidə oluna bilər. Ona görə də, ürək problemi olan qadınların hamiləlikdən əvvəl və hamiləlik boyu həm ginekoloq, həm də kardioloq nəzarətində olması olduqca vacibdir.
- Ürək qapaq xəstəlikləri hansılardır?
- Ürək qapaq xəstəlikləri dedikdə, ürəyin içindəki qapaqların normal işləməməsi nəzərdə tutulur. Bildiyimiz kimi, ürəyin dörd qapağı var – mitral, aortal, triküspid və pulmonar. Onların əsas vəzifəsi odur ki, qan bir istiqamətdə hərəkət etsin və geri qayıtmasın. Bu qapaqlardan biri ya tam açılmır, ya da tam bağlanmır. Elə bu zaman problem yaranır.
Qapaq problemləri iki halda təzahür edir. Birinci vəziyyət, darlıq və stenoz. Bu zaman qapaq kifayət qədər açıla bilmir, qan ürəkdən keçməkdə çətinlik çəkir. Məsələn, aortal stenozda ürək qanın bədəndə dövr etməsi üçün daha çox güc sərf etməli olur. İkinci vəziyyət, requrqitasiya, yəni qapaq çatışmazlığı. Bu zaman qapaq tam bağlanmır və geriyə doğru axır. Bu da ürəyin daha çox işləməsinə səbəb olur, çünki eyni qanı dəfələrlə pompalamalı olur.
Nəticədə ürək getdikcə böyüyə, divarları qalınlaşa və zəifləyə bilər. Pasiyentlərdə təngnəfəslik, yorğunluq, ürəkdöyünmə, ayaqlarda şişkinlik, bəzən də sinədə ağrı kimi əlamətlər yaranır.
Müalicə üsullarına gəldikcə, yüngül hallarda yalnız dərmanlarla ürəyin yükünü azaltmaq mümkündür. Ağır hallarda isə artıq cərrahi müdaxilə (qapağın təmiri və ya süni qapaqla əvəz edilməsi) lazım olur.
- Damar tıxanıqlığı nə zaman baş verir?
- Ürək damarlarının tıxanmasının əsas səbəbi ateroskleroz adlanan vəziyyətdir. Damar divarında yağlar və ya piylər toplanır, “plak” yaranır. Bu, həm damarı daraldır, həm də qopub tromb əmələ gətirə bilər. Risk faktorları arasında hipertoniya, yüksək xolesterin, şəkərli diabet, tütünçəkmə, artıq çəki və stress vəziyyət aiddir.
Bunları aradan qaldırmaq və ya nəzarətdə saxlamaq şərtdir. Zəruri şəkildə profilaktik və maarifləndirici tədbirlər aparmaq lazımdır ki, insanlar bu risk amillərinin fəsadları haqqında məlumatlı olsunlar.
Bununla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən lipid məktəbinin yaradılması nəzərdə tutulub və artıq bu istiqamətdə tədbirlərin keçirilməsinə start verilib.
- Genetik amillər ürəyə təsir edirmi?
- Genetik amillər ürəyə ciddi təsir göstərə bilər. Bizim ürək sağlamlığımız təkcə həyat tərzimizdən (qidalanma, fiziki aktivlik və ya stres) asılı deyil, eyni zamanda valideynlərdən bizə keçən genlər də burada mühüm rol oynayır. Bəzən insanlar sağlam qidalanır, idmanla məşğul olur, lakin buna baxmayaraq, ürək problemləri ilə üzləşirlər. Bunun səbəbi məhz genetik meyillik ola bilər.
Məsələn, ailədə erkən yaşda ürək xəstəliyi keçirənlər çoxdursa, bu artıq bir siqnaldır ki, insanın özü də risk altında ola bilər.
Genetik təsirlər arasında “Ailəvi hiperxolesterinemiya” deyilən bir vəziyyət var. Burada irsi səbəbdən xolesterin həmişə yüksək olur və bu, erkən yaşdan damarların tutulmasına gətirib çıxarır. Daha bir nümunə - ritm pozğunluqlarıdır. Bəzi insanlarda ürəyin elektrik sistemi ilə bağlı genetik problemlər olur və bu, qəfil aritmiyalara səbəb ola bilər. Bundan əlavə, anadangəlmə ürək qüsurları və ya aorta genişlənməsi də çox vaxt genetik səbəblərlə bağlıdır.
Ürək xəstəliklərinin böyük qrupunu təşkil edən kardiomiopatiya ürək əzələsinin quruluşunda olan genetik dəyişikliklərdən qaynaqlanır. Belə hallarda ürək ya həddindən artıq böyüyür, ya da ürək əzələsi sərtləşir.
Genetik faktorlar “qaçılmaz” deyil, lakin riskin yüksək olduğunu bilmək insan üçün çox faydalıdır. Çünki belə insanlar tez-tez həkimə müraciət etməli, müayinələrdən keçməli və profilaktik tədbirlərə diqqət yetirməlidirlər.
- Ürək xəstələri qidalanmada nəyə diqqət etməlidirlər?
- Qeyd etmək istərdim ki, qidalanma ürək-damar xəstəliklərinin inkişaf riskinə və ürəyimizin ümumi sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilər. Ona görə də, ürək xəstələri üçün düzgün qidalanma olduqca önəmlidir. Düzgün qidalanma ürəyə düşən yükü azaldır, damarların sağlam qalmasına kömək edir və təzyiqi, xolesterini normada saxlamağa yardım edir.
Qeyd etmək istəyirəm ki, həddindən artıq duz istehlakı təzyiqi qaldırır və ürəyə əlavə yük salır. Ona görə də, yeməyi həddindən artıq duzlu etmək tövsiyə olunmur.
Həmçinin, yemək bişirilməsində yağların seçiminə diqqət etmək vacibdir. Heyvani yağlar (quzu, qoyun piyi, kərə yağı) damarların daralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına – zeytun, günəbaxan və ya kətan yağına üstünlük verilməlidir. Qızartmadan çox bişirmə, sobada hazırlama, buğlama daha faydalıdır.
Həmçinin, balıq və dəniz məhsullarının rasiona daxil olmasının önəmini vurğulamaq istərdim. Belə ki, həftədə ən azı 1–2 dəfə balıq yemək tövsiyə olunur, çünki omeqa-3 yağ turşuları ürəyi qoruyur, damarları elastik saxlayır.
Gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin tərəvəz və meyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır, bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir.
Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf, qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyə yük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Əti tam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıq seçmək daha düzgündür.
Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünki çoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsir edir və artıq çəki yaradır. Ona görə də. şirniyyatı minimuma endirmək lazımdır.
Həmçinin, maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığı olan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Belə hallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir. Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır.
Sonda tövsiyə edərdim ki, daha çox təbii, evdə bişirilmiş, tərəvəzli yeməklər üstünlük verilsin, çünki qidalanma bir növ “ürəyin dərmanı”dır. Sağlam qidalanma vasitəsilə həm təzyiq, həm xolesterin, həm də çəkini nəzarətdə saxlamaq olar.