Sülh üçün yeganə maneə aradan qaldırılır: Ermənistan son seçimi etməyə yaxındır - MÜSAHİBƏ
322
11:50, Bu gün

Sülh üçün yeganə maneə aradan qaldırılır: Ermənistan son seçimi etməyə yaxındır - MÜSAHİBƏ

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Mübariz müəllim, Azərbaycanla Ermənistan arasında sülh istiqamətində vacib razılaşmalar əldə edilib. Amma görünən odur ki, Ermənistan daxilindəki revanşistlər və yeni reallıqla barışmaq istəməyən qüvvələr sülh prosesinə qarşı müxtəlif təhdidlər yaratmağa çalışır. Sizcə, bu təsirlər nədən ibarət ola bilər? Bununla prosesin ləngiməsi ehtimalı varmı?
 
- Azərbaycan Prezidenti Cənubi Qafqazda və bütövlükdə bölgədə sülhün əsas təşəbbüskarıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişədən sonra sülh gündəliyi də məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Azərbaycan bu müharibədə qalib dövlətdir. Ölkəmizin sülh şərtləri ortadadır. Dövlətimiz bu şərtlərdən bir addım belə geri çəkilmədən avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında keçirilən üçtərəfli görüşün nəticəsi olaraq əldə edilən sənədin ortaya çıxmasına nail oldu. Bu mənada Azərbaycanın sülh gündəliyi ölkəmizin maraqlarını, beynəlxalq hüququn, mövcud prosesin gedişatını nəzərə alır. Sözsüz ki, sülhə doğru bəlli bir vaxt qət edilib. 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra sülh gündəliyi daim gündəmdə olub. Təəssüf ki, hər zaman olduğu kimi, bu gün də Ermənistandakı bəzi qüvvələr xüsusən də kilsə, erməni lobbisi, "daşnaksütyun" və digər qisasçı, revanşist qruplar Vaşinqton razılaşmasını qəbul etməyərək, ona qarşı çıxır. Onlar bu razılaşmalarda mövcud hakimiyyəti yəni, Baş nazir Nikol Paşinyanı günahlandırırlar. Paşinyan da öz növbəsində bu qüvvələrə açıq cavablar verir. Burada onun əsas arqumentləri tarixən Ermənistanın heç də doğru yol seçməməsi ilə bağlıdır. Onun xəyalı və real Ermənistan arasında analiz aparması da məhz bunun nəticəsidir. Faktiki olaraq, indiki sülh prosesində Ermənistan hakimiyyəti ilə ona qarşı çıxan radikalların mövqeyi açıq şəkildə görünməkdədir. Bütün bunlara rəğmən hər kəsə də bəllidir ki, Ermənistandakı revanşistlərin dayaqları çox zəifdir.
 
 
- Sizcə, bu kimi bölücü fikirlər erməni cəmiyyətinin mövqeyinə təsir edə bilərmi?
 
- Bu, o qədər də real görünmür. Çünki onlar sülh prosesinə qarşı təbliğat aparsalar da, Ermənistan cəmiyyətində aparılmış rəy sorğuları bunun əksini göstərir. Əksəriyyət bu gün sülh tərəfdarı kimi çıxış edir. Bu baxımdan Ermənistanda gələn il nəzərdə tutulan parlament seçkilərində Paşinyan komandasının üstün mövqedə olacağını proqnozlaşdırmaq mümkündür.
 
 
- Kənar faktlorlar bu məsələdə nə dərəcədə təsirli rola malikdir?
 
- Sözsüz ki, hər zaman olduğu kimi xaricdən müxtəlif istiqamətlərdə həmin qruplara dəstək verənlər var. Bölgədə yaranmış sülh prosesinə əngəl olmaq istəyənlər az deyil. Bütün bunlara rəğmən Azərbaycanın sülhlə bağlı mövqeyi birmənalıdır. Sülhə mane olan iki şərt var idi, bunlar ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması. Vaşinqton razılaşması ilə ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilib. Ermənistan konstitusiyasındakı mövcud müddəalar aradan qaldırıldıqdan sonra Azərbaycanla yekun sülh sazişinin imzalanması mümkün olacaq. Rəsmi İrəvan konstitusiya dəyişiklikləri ilə bağlı referenduma gedəcəkləri ilə bağlı açıq bəyanatlar verib. Paşinyanın son çıxışlarından da bəlli olur ki, konstitusiya ilə yanaşı, Ermənistanın dövlət idarəçilik modelində müəyyən dəyişikliklər olması da proqnozlaşdırılır.
 
 
- Bu dəyişikliklər daha çox hansı istiqamətləri əhatə edə bilər?
 
- Ermənistanın rəsmi sənədlərində Türkiyə ərazisindəki Ağrı dağının simvolu çıxarılır. Artıq bununla bağlı qərar qəbul edilib. Azərbaycan və Türkiyə ilə əldə ediləcək sülhün Ermənistanın maraqlarına uyğun olduğu artıq dərk edilməkdədir. Sözsüz ki, erməni tərəfi heç də asanlıqla bu qərara gəlməyib. Ermənistan tərəfinin belə qərarları qəbul etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsindəki qələbəsi nəticəsində mümkün olub. 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan ərazisində uzun onilliklər kök salmış separatizmə son qoyulub. Bütün bunlar isə Ermənistanda reallığa doğru zəruri addımların atılmasına gətirib çıxarıb. İndi də Paşinyan və Ermənistan ictimai rəyi başa düşür ki, prosesə, sülhə əngəl olmaq növbəti dəfə onların daha ciddi məğlubiyyəti ilə nəticələnə bilər. Real vəziyyəti indi hamı görür və bu, Azərbaycanın həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu reallıq Azərbaycanın hərb cəbhəsindəki qələbəsinin diplomatik müstəvidə də zəfərlə yekunlaşacağını söyləməyə əsas verir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər