394
15:19, Bu gün

"Biz bu cür təxribatlara dözməyəcəyik. Sizin imperiya dövrünüz çoxdan bitib" - Polşa XİN rəhbəri

 
"Birləşmiş Ştatlar və müttəfiqlərimiz NATO ərazisinin hər qarışını qoruyacaq..."
 
BMT Baş Assambleyasının 80-ci sessiyasında Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və NATO ölkələrinə qarşı təxribatları kəskin şəkildə pislənib və Moskvaya sərt xəbərdarlıq edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Danimarka və Norveçdə insidentlər
Sentyabrın 22-də axşam saatlarında Kopenhagendə naməlum dronlar səbəbindən ölkənin ən iri hava limanı fəaliyyətini dayandırıb. Polis ərazidə 2-3 iri pilotsuz aparatın müşahidə edildiyini açıqlayıb. Bütün uçuşlar və enişlər dərhal dayandırılıb, azı 15 reys başqa şəhərlərə yönləndirilib.
 
Eyni vaxtda Norveçin paytaxtı Osloda da həyəcan siqnalı verilib. Akershus hərbi qalası üzərində dronlar görünüb. Norveç ordusu iki nəfəri saxlayıb, onların Sinqapur vətəndaşı olduqları bildirilib.
 
Bu hadisələr Avropada narahatlıq dalğası yaradıb. Xatırladaq ki, sentyabrın əvvəlində çoxsaylı Rusiya dronları Polşaya keçib və NATO aviasiyası onları vurmaq məcburiyyətində qalıb. Ardınca Rusiya təyyarələri Estoniyanın hava məkanını pozub.
 
Sikorskinin sərt bəyanatı
 
Polşa xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Rusiyaya kəskin xəbərdarlıq edib. O, Kremlin hibrid müharibə metodlarını - siyasətçilərin və jurnalistlərin qətlə yetirilməsini, Avropada diversiyaları, kiberhücumları və diplomatik təxribatları sadalayaraq deyib:
 
"Biz bu cür təxribatlara dözməyəcəyik. Sizin imperiya dövrünüz çoxdan bitib. Ukraynaya qarşı üçgünlük "xüsusi əməliyyat"ınız on il ərzində belə Donbası ələ keçirə bilməyib. Yeni bir müharibə başlatmayın". Sikorski həmçinin xəbərdarlıq edib ki, əgər hər hansı raket və ya dron NATO ərazisinə düşsə, Moskva izahat üçün Qərbə müraciət etməsin: "Sizi xəbərdar etdik".
 
ABŞ-dan açıq mesaj: NATO-nun hər qarışı qorunacaq
BMT-də çıxış edən ABŞ-ın nümayəndəsi Maykl Uolts Vaşinqtonun mövqeyini bir daha açıqlayıb: "Birləşmiş Ştatlar və müttəfiqlərimiz NATO ərazisinin hər qarışını qoruyacaq. Rusiya dərhal bu təhlükəli davranışa son qoymalıdır". Uolts həmçinin Moskvanı beynəlxalq hüquqa hörmət etməyə, qonşularının suverenliyini pozmamağa və Ukrayna ilə birbaşa danışıqlara başlamağa çağırıb.
 
Polşanın baş naziri Donald Tusk isə bəyan edib ki, ölkəsi hava məkanını pozan bütün obyektləri vuracaq, lakin mübahisəli hallarda diqqətli davranacaq. Onun sözlərinə görə, Varşava tək qalmaq istəmir və müttəfiqlərin dəstəyinə arxalanır.
 
Avropada son günlər baş verən dron insidentləri, Rusiya qırıcılarının Estoniya üzərində manevrləri və ardınca BMT-də səslənən sərt bəyanatlar Qərblə Moskva arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir. NATO ölkələri açıq şəkildə bildirir: hər hansı təxribat artıq səssiz ötüşməyəcək və kollektiv müdafiə mexanizmi işə düşə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər