Avropa və Britaniyanı birləşdirən sualtı kabellər Kremlin yeni hədəfi ola bilər
262
15:20, Bu gün

Avropa və Britaniyanı birləşdirən sualtı kabellər Kremlin yeni hədəfi ola bilər" - "Sky News"

 
"Kremlin hibrid müharibəsi dərin sulara enir..."
 
Rusiya hakimi Vladimir Putin Qərbə qarşı hibrid müharibəsini davam etdirir və bu dəfə diqqət Avropa ilə Böyük Britaniyanı birləşdirən sualtı kabellərə yönələ bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri yazıb.
 
Ekspertlərin sözlərinə görə, Rusiyanın Britaniyanın həyati əhəmiyyət daşıyan kommunikasiya infrastrukturuna dair kifayət qədər ətraflı "xəritəsi" var. Bu isə Kreml üçün yeni hücum imkanları açır.
 
Sualtı kabellərin həyati rolu və təhlükə riski
Böyük Britaniya Avropadan cəmi 34 km dənizlə ayrılır. Amma iki tərəfi enerji xətləri, boru kəmərləri və min kilometrlərlə uzanan kabellər birləşdirir. Onlar yalnız internet və rabitə üçün deyil, həm də elektrik və qazın ötürülməsi üçün vacibdir. "Sky News"-un qeyd etdiyi kimi, bu xətlər adaların həyatını təmin edən əsas sütunlardır.
 
Lakin yüzlərlə kilometrlik marşrutun daim qorunması çətin olduğundan, onlar sabotaj üçün asan hədəfə çevrilir. Qırmızı dənizdə bu yaxınlarda baş vermiş kabel zədələnməsi Asiya və Yaxın Şərqdə interneti iflic etdi. Britaniyanın deputatları da indi sual edir: əgər eyni hal Atlantikada və ya La-Manş yaxınlığında baş versə, nəticəsi necə olar?
 
"Yantar" - Kreml casusu, yoxsa mülki gəmi?
İlin əvvəlində Rusiyanın "Yantar" adlı tədqiqat gəmisi La-Manş boğazından keçərkən onu Kral Donanmasının "HMS Somerset" esminesi yaxından izləyib. Rəsmi Moskva gəmini mülki göstərsə də, London onu "casus gəmisi" hesab edir. Müdafiə naziri Con Hili parlamentdə açıq deyib: "Bu, açıq-aşkar kəşfiyyat gəmisidir. O, Britaniyanın kritik sualtı infrastrukturlarını xəritələşdirmək üçün istifadə olunur".
 
Kabel şəbəkəsinin miqyası və Rusiyanın marağı
 
Dəniz texnologiyaları üzrə ekspert Sidxart Kauşal bildirir ki, Britaniyadan 60-dan çox kabel sistemi keçir. Onların bir qismi beton altına gizlədilir, bəziləri isə dərin sularda uzanır. IISS analitik mərkəzinin hesabatında vurğulanır: "Kabel sistemi qlobal məlumat axınının 95 faizini ötürür, gündəlik təxminən 10 trilyon dollarlıq maliyyə əməliyyatını təmin edir". Məhz buna görə də ekspertlər düşünür ki, Rusiya illərdir gizli şəkildə bu kabelləri xəritələşdirir. Bunu bəzən xüsusi gəmilər, bəzən də pilotsuz sualtı aparatlarla edir.
 
Mümkün diversiya ssenarisi
 
Kauşal bildirir ki, təkcə bir-iki kabelin sıradan çıxması çox ciddi fəsad yaratmaz, çünki şəbəkədə ehtiyat xətləri var. Amma bir neçə kabelin eyni vaxtda məqsədli şəkildə kəsilməsi Britaniya üçün ağır nəticələrə gətirib çıxara bilər. Bu halda hadisəni təsadüf kimi göstərmək də mümkün olmayacaq.
 
Londonun cavabı və davam edən araşdırma
 
Ukrayna müharibəsi fonunda gərginliyin artması ilə Britaniya parlamentinin milli təhlükəsizlik komitəsi sualtı infrastrukturla bağlı araşdırma başladıb. Məqsəd - ölkənin nə dərəcədə müdafiə olunmuş olduğunu və uzunmüddətli internet kəsintilərinə qarşı dayanıqlılığını qiymətləndirməkdir. Komitə sədri Mett Uestern deyib: "Panikaya gərək yoxdur, müəyyən davamlılığımız var. Amma risklərin miqyasını aydın dərk etməliyik. Belə bir hücum ölkəmizə ağır zərbə ola bilər".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər