854
14:45, Bu gün

"NATO Polşaya dron hücumuna hərbi cavab hazırlayır" - "Bloomberg"

 
"Rusiyanın Polşaya dron hücumu NATO-nun şərq cinahında yeni təhlükəsizlik böhranı yaradıb..."
 
10 sentyabr gecəsi Rusiyaya məxsus dronların Polşanın hava məkanını pozması NATO daxilində ciddi narahatlıq yaradıb. Hücumun ardından həm hərbi, həm də siyasi müstəvidə cavab addımları müzakirə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Hərbi-siyasi cavab axtarışında
 
Nəşrin yazdığına görə, Alyansın Ali Baş Komandanı, general Aleksus Qrinkeviç hazırda vəziyyəti dəyərləndirir və hansı müdafiə tədbirlərinin görüləcəyini müəyyənləşdirir. NATO baş katibi Mark Rütte və müttəfiq liderlər Moskvanın "təhlükəli və məsuliyyətsiz davranışını" qətiyyətlə pisləyiblər.
 
Hərbi mövqelərin gücləndirilməsi
 
Artıq bir sıra ölkələr Polşaya birbaşa dəstək göndərib. Fransa və Böyük Britaniya "Rafale" və "Eurofighter" qırıcılarını bölgəyə yönəldir. Niderland iki "Patriot" batareyasını, qısamənzilli hava hücumundan müdafiə sistemlərini, dron əleyhinə kompleksləri və 300 əsgəri Polşaya yerləşdirəcək. Çexiya isə üç Mi-17 helikopteri və yüzə yaxın hərbçi ilə qoşulacaq. Bütün bunlar NATO-nun şərq cinahında deterrensiya imkanlarını gücləndirməyə hesablanıb.
 
Varşava sərhəddə 40 min əsgər yerləşdirir
Polşa özü də hücumun fonunda sərt addımlar atır. Müdafiə nazirinin müavini Çezari Tomçikin sözlərinə görə, ölkə aylarla "Zapad-2025" adlı Rusiya-Belarus hərbi təlimlərinə hazırlaşıb. İndi isə Varşava sərhəddə 40 min hərbçi yerləşdirir. Hələlik təlimlərin miqyası bilinməsə də, Polşa onları potensial təhlükə və yeni təcavüzün siqnalı kimi qəbul edir.
 
Hava məkanının qapanması
 
Polşa 9 dekabra qədər ölkənin şərqində uçuşlara məhdudiyyət qoyub. Qadağa günbatandan günəş doğana qədər tam qüvvədə olacaq və yalnız hərbi aviasiya istisna təşkil edəcək. Latviyanın müdafiə naziri Andris Spruds da oxşar addım ataraq hava məkanını müvəqqəti bağlayıb. Onun sözlərinə görə, bu, dron hücumlarının qarşısını almaq və NATO-nun Baltik hava patrul missiyasına şərait yaratmaq üçün vacibdir.
 
Bahalı cavab, ucuz dronlar
 
"Politico"-nun vurğuladığı kimi, hadisə Avropanın hava hücumundan müdafiə sistemlərində ciddi boşluqları üzə çıxarıb. NATO qırıcıları və "Patriot" sistemləri bir neçə milyon dollara başa gələn əməliyyatlarla sadəcə ucuz, taxta və köpükdən hazırlanmış Rusiya dronlarını vura bilib.
 
Halbuki Ukrayna daha ucuz və effektiv müdafiə metodları ilə hücumların 80-90 faizini dəf edir. Avropa isə 19 drondan yalnız 3-nü vuraraq zəif nəticə göstərib. Avropa Şurasının eksperti Ulrike Franke sualı kəskin qoyur: "Hər dəfə ucuz dronlara qarşı F-35 və F-16 göndərəcəyikmi? Bu, davamlı deyil. Alyans daha çevik, ucuz və çoxqatlı müdafiə sistemləri qurmalıdır".
 
Strategiyanın dəyişməsi zərurəti
Hazırda NATO daxilində aydın olur ki, hərbi cavab mexanizmləri köklü surətdə yenilənməlidir. Bu həm elektron mübarizə vasitələrinin, həm də kütləvi istehsal olunan dron əleyhinə aparatların tətbiqini tələb edir. Çünki həm Rusiya, həm də Ukrayna texnologiyanı sürətlə inkişaf etdirir və yeni mərhələyə qədəm qoyur.
 
Polşaya qarşı dron hücumu NATO-nu həm hərbi, həm də siyasi baxımdan ciddi sınaq qarşısında qoyub. Bir tərəfdən, Alyans şərq cinahını gücləndirməyə çalışır, digər tərəfdən, bahalı texnika ilə ucuz dronlara qarşı müdafiənin uzunmüddətli həll olmadığını anlayır. Bu hadisə Avropanın hava müdafiəsi və təhlükəsizlik strategiyasında dönüş nöqtəsi ola bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər