Dəbdəbə və menyu yarışına çevrilən toy məclisləri:
165
12:05, Bu gün

Dəbdəbə və menyu yarışına çevrilən toy məclisləri: "Vəzifəli şəxslərdən başlansın" - ARAŞDIRMA

Müasir dövrdə toy məclisləri sadəcə ailə quranların şənlik mərasimi olmaqdan çıxaraq dəbdəbə yarışına çevrilib. Hər gün yenilənən trendlər, təmtəraqlı zallar və bahalı menyular artıq bir çox cütlüyü özlərini bu yarışa qoşulmağa məcbur edir. Onlar üçün bəzən milli mətbəximiz kifayət eləmir, süfrələrə əlavə çeşidli yeməklər düzülür. Yeməklərin bir qisminə isə heç toxunulmur da. Borc və böyük xərclərlə keçirilən belə toylar ailələri maddi və mənəvi tərəfdən çox qayğılandırır. Süfrədə qalan yeməklər israfçılığa səbəb olur.
 
Bəs toy məclislərində menyunu necə təşkil edək ki, israfçılıq olmasın? Xeyli vaxtdır ki, yas məclislərinə tətbiq edilən standartlar toy məclisləri üçün də keçərli ola bilərmi?
 
Toy məclislərində israfçılıq təkcə süfrədə olmur
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, yas məclislərində olduğu kimi toy məclislərində də israfçılıq var.
 
Onun sözlərinə görə, təyin ediləndən artıq yeməklərin gətirilməsi və həmin yeməklərdən çoxunun istifadə olunmaması israfçılığın açıq təzahürüdür.
 
 
"Söhbət təkcə yeməkdən getmir. Bu özünü geyimdə, musiqiçilərdə, avtomobildə də göstərir. Süfrələrə o qədər nemətlərin düzülməsi düzgün deyil. Proses şüurlu şəkildə getməlidir. Qiymətlərə baxılmalı və tənzimlənmə aparılmalıdır. Həmçinin, vətəndaşlar və şadlıq evləri bu reallığı ciddi nəzərə almalıdırlar", - deputat əlavə edib.
 
Şadlıq evləri maksimum dərəcədə toy sahiblərini yükləməyə çalışırlar
 
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, toy mərasimlərində bol çeşidli yeməklərin təqdim edilməsi milli adət-ənənələrdən doğan bir haldır, amma bu da son illərdə israfçılıqla müşahidə olunur.
 
“İsrafçılıq süfrəyə qonaqların fiziki olaraq yeyə bilməyəcəyi qədər çox yemək düzülməsi, yeməyin keyfiyyətsiz hala düşməsi və atılması ilə bağlıdır. Çox vaxt süfrələr təmtəraq naminə həddən artıq yüklənir və onların böyük hissəsi istifadə olunmadan kənara atılır. Bu, ailə büdcəsinə zərər vurur.
 
Bu gün Azərbaycanda toyların keçirilməsində şadlıq evlərinin də mühüm rolu var. Şadlıq evləri gizli bir kölgə biznesinin əsas hissələrindən birini təşkil edir. Maksimum dərəcədə toy sahiblərini yükləməyə çalışırlar. Bəzən menyunu toy sahibi ilə razılaşdırmırlar. Menyular qapalı xarakter daşıyır, şəffaf deyil. Qiymətlərlə bağlı məsələlər açıqlanmır. Bəzi toy sahibləri də təmtəraqlı toy keçirməyə çalışırlar. Bu da külli miqdarda vəsaitlərin xərclənməsinə gətirib çıxarır”.
 
Yeni formalar, islahatlar lazımdır
 
O, menyunun qonaqların sayına və istehlak imkanlarına uyğun olmalı olduğunu deyib:
 
“Bir neçə isti yemək, milli mətbəximizə aid əsas təamlar, desert və içkilər kifayət edə bilər. Hüquqi baxımından ölkəmizdə xüsusi olaraq toy menyusu ilə bağlı qanun qəbul edilməyib, heç buna zərurət də yoxdur. Elə məsələlər var ki, onu qanunun tənzimləmə predmetinə çevirmək olmaz. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında, qida təhlükəsizliyi haqqında qanunlarda resurslardan səmərəli istifadə etmək və ərzaqların keyfiyyəti ilə bağlı müddəalar dolayı yolla tətbiq edilə bilər.
 
Dövlət müəyyən minimum qaydalar müəyyənləşdirərsə, ictimai dəstəklə bu adətləri tənzimləmək mümkündür. Bu istiqamətdə yeni formalar, islahatlar lazımdır. Bu islahatlar cəmiyyətin mövcud ehtiyaclarından doğur. Son zamanlar cəmiyyətdə səslənən fikirlərə diqqət yetirmək, daha sadə toy məclislərinə nail olmaq lazımdır”.
 
 
Vəzifəli şəxslər nümunə olmalıdırlar
 
Ə.Nuriyev yas mərasimlərinə tətbiq edilən məhdudiyyətlər, süfrələrin sadələşdirilməsi kimi halların cəmiyyətdə müsbət qarşılandığını bildirib.
 
“Bu təcrübəni toy mərasiminə də qismən şamil etmək olar. Bu həm sosial ədalət baxımından, həm də milli resursların sərfəli istifadəsi üçün vacibdir. Bir sıra hallarda həvəskarlıq, dəbdəbəli toy etmək istehlak mədəniyyətinə və iqtisadi baxımdan ailə büdcəsinə zərər vurur. Ailə borca düşə bilir. Toy xoşbəxtlik gətirmək əvəzinə, bir sıra hallarda ciddi fəsadlara gətirib çıxarır. Buna görə prosesin sadələşdirilməsi vacibdir. Burada yüksək vəzifəli və nüfuzlu şəxslərin övladlarına etdiyi sadə toylar nümunə göstərilə bilər”,- o vurğulayıb.
 
Menyular “bolluğu göstərmək” məqsədi ilə tərtib olunur
 
Qida eksperti Fərid Səfərov isə bildirib ki, Azərbaycanda toy mədəniyyəti həm sosial, həm də iqtisadi baxımdan böyük yer tutur, amma toylarda menyular çox vaxt “bolluğu göstərmək” məqsədi ilə tərtib olunur.
 
Onun sözlərinə görə, nəticədə həm israfçılıq, həm də sağlamlıq baxımından mənfi təsirlər ortaya çıxır:
 
“Toy süfrəsinə adətən 15–20 növ isti-soyuq yemək, salat, şirniyyat, içki, əsas yeməklər (plov, kabab, toyuq, balıq) gətirilir. Amma qonaqların 30-40%-i bunların hamısını yemir. Çörək bəzən 2–3 qat artıq qoyulur, çoxu qalıb atılır. Eyni hal müxtəlif salatlarda da olur. Eyni zamanda bir neçə ət növü təqdim olunur (plov üstündə toyuq, dolma, kabab, qızardılmış balıq və s.), amma onların çoxu yeyilmir. Xüsusən tort, paxlava, şəkərbura, meyvələrin yarısı süfrədə toxunulmamış qalır. Bunlar həm iqtisadi baxımdan israfçılıqdır, həm də sosial baxımdan "göstəriş” yarışına çevrilib”.
 
 
F.Səfərov eyni vaxtda yağlı plov, qızartma, şirniyyat, qazlı içkilər qəbul edildikdə mədədə ağırlaşma, həzm pozğunluğu, refleks, hətta ürək-damar sistemi yüklənməsi ola biləcəyini deyib.
 
“Mayonez və sousların çoxluğu hipertoniya və xolesterin riskini artırır. Həddindən artıq şəkər istifadəsi qan şəkərinin sürətli qalxmasına səbəb olur, xüsusən diabet riski olanlarda təhlükəlidir. Spirtli içkilərin qəbulu zəhərlənmə, qaraciyər və sinir sistemi pozğunluqlarına yol aça bilər”, - o əlavə edib.
 
Toylarda menyu necə olmalıdır?
 
F.Səfərov daha praktik və balanslı menyu seçilə biləcəyini bildirib.
 
“Çeşidli, amma az miqdarda salatlar (mayonezsiz, daha çox zeytun yağı ilə) tərəvəzlə ola bilər. 1-2 növ əsas isti yemək kifayətdir. Daha az çeşid, amma keyfiyyətli və yeyilə biləcək qədər olmalıdır. Qazlı içkilərin azaldılması, təbii şirələr və suyun çoxluğu tövsiyə olunur. Gündüz toylarına daha yüngül menyu uyğun olar. Qonaqlar gün ərzində aktiv olur, ağır yemək onlarda yorğunluq yarada bilər.
 
Axşam toylarında isə axşam yeməyi olduğuna görə daha doyumlu və ənənəvi yeməklər verilə bilər. Amma yenə də çeşid çoxluğuna yox, miqdar və balansına diqqət edilməlidir. Toy menyusu qonağın gözünü doyurmaq üçün yox, mədəsini rahat doyurmaq üçün hazırlanmalıdır. İsrafçılığın qarşısını almaq həm ailələr üçün maddi yükləri azaltmağa xidmət edər, həm də daha sağlam, mədəniyyətli masa təqdim edilər”, - qida eksperti əlavə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər