"Tərəflər hələ də razılıqdan uzaqdır..."
Qəzzada artıq iki ilə yaxındır davam edən müharibəni dayandırmaq üçün yeni diplomatik cəhd gündəmdədir. ABŞ prezidenti Donald Tramp vasitəçilər - Qətər və Misir üzərindən HƏMAS-a yeni təklif göndərib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Atəşkəs üçün şərtlər, əsirlərin taleyi və tərəflərin uzlaşmaz mövqeləri
Plan bütün israilli əsirlərin - həm sağ, həm də həlak olanların cəsədlərinin azad olunmasını nəzərdə tutur. Əvəzində İsrail yüzlərlə fələstinli məhbusu azad edəcək, "Qideonun döyüş arabaları-2" əməliyyatını dayandıracaq və qoşunlarını Qəzza şəhərindən çıxaracaq. Paralel olaraq tərəflər Trampın şəxsi nəzarəti altında yekun razılaşma üzrə danışıqlara başlayacaqlar. ABŞ administrasiyası vurğulayır ki, bu, "son təklifdir" və HƏMAS-ın qəbulundan imtina etməsi ciddi nəticələr doğura bilər. Tramp isə əlavə edib: "İsrail artıq mənim şərtlərimə razılaşıb, indi sıra HƏMAS-dadır".
HƏMAS əsas tələblərindən geri çəkilməyəcək
HƏMAS isə açıqlamasında ABŞ-ın ideyalarını alqışladığını bildirsə də, əsas tələblərində geri addım atmaq istəmir. Hərəkat yalnız o halda danışıqlara başlamağa hazır olduğunu bəyan edib ki, müharibə tamamilə dayandırılsın, İsrail bütün qoşunlarını Qəzza bölgəsindən çıxarsın, bölgəni idarə etmək üçün
fələstinlilərdən ibarət müstəqil komitə qurulsun. Təşkilat İsrailin açıq öhdəlik götürməsini və əvvəlki pozulmuş razılaşmaların təkrar olunmamasını da şərt kimi irəli sürür.
Dalan vəziyyət və risklər
İsrail və ABŞ üçün bu tələblər qəbuledilməz görünür. Çünki qoşunların tam çıxarılması və HƏMAS-ın bölgədə silahlı qüvvə kimi qalması, hətta formal olaraq "müstəqil hökumətə" səlahiyyət verilsə belə, faktiki olaraq təşkilatın nəzarəti saxlamaq deməkdir. Bu səbəbdən ekspertlər hesab edir ki, tərəflərin mövqeləri hələlik uzlaşmaz olaraq qalır. İsrail cəmiyyətində isə ikili münasibət mövcuddur: bir tərəf hərbi əməliyyatların davamını dəstəkləyir, digər tərəf isə əsirlərin azad olunması üçün kompromisə getməyə çağırır.
Diplomatiya, yoxsa yeni hücum?
HƏMAS-ın cavabı Trampın planını dalana salıb. ABŞ prezidenti məsələni "son şans" adlandırsa da, hərəkat müharibənin rəsmi sonunu və İsrail ordusunun tam çıxarılmasını tələb edir. Bu isə Vaşinqton və Təl-Əviv üçün praktiki olaraq qəbulolunmazdır. Belə şəraitdə danışıqların uğursuzluğu ehtimalı böyükdür. Əgər tərəflər ortaq məxrəcə gəlməsələr, Tramp məsələni bağlanmış elan edə bilər və İsrail yeni hücum üçün "əl-qolunu açıq" görəcək.