Üç məktəbdə müəllimlər vahid formaya keçdi: Nə dəyişib? - Direktorlar danışır
430
15:25, Bu gün

Üç məktəbdə müəllimlər vahid formaya keçdi: Nə dəyişib? - Direktorlar danışır

Azərbaycanda bəzi məktəblərdə müəllim heyəti vahid geyim formasına keçir. Bu təşəbbüsün təhsildə intizam və nümunəvi görünüş baxımından fayda verdiyi bildirilir. Ancaq müəllimlərin vahid formaya keçidinə ehtiyac olmadığını düşünənlər də var.
 
Bəs vahid geyim formasının tətbiqi məktəblərdə hansı nəticələri verib?
 
Moderator.az xəbər verir ki, vahid forma tətbiq edilən məktəblərin direktorları Teleqraf-a danışıblar. Qeyd edək ki, hər üç məktəb Şəmkir rayonuna aiddir.
 
Şəmkir rayonu Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbinin direktoru Yaqub Əsədov bildirib ki, vahid forma intizamı və keyfiyyəti artırır.
 
Onun sözlərinə görə, 2021-2022-ci tədris ilindən müəllimlərin vahid forma geyinməsi təşəbbüsü məktəb rəhbərliyi və müəllimlər tərəfindən irəli sürülüb, Şəmkir rayon təhsil şöbəsi tərəfindən dəstəklənib. Məktəb kollektivi formaya keçidi müsbət qarşılayıb:
 
“Hər bir məktəbin vahid formaya keçməsi daha yaxşı olardı. Şagirdlər də həmişə forma geyinib. 2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən nümunələr arasında pedaqoji şurada valideynlərin iştirakı ilə 2 nömrəli forma seçildi. Həmin geyimi həm valideynlər, həm də şagirdlər müsbət qarşıladılar. Vahid forma nizam-intizamın qorunmasına, şagirdlərin təhsilinin keyfiyyətinə müsbət təsir göstərir”.
 
 
Şəmkir rayonu Qaralar kənd Ayaz Bağırov adına tam orta məktəbinin direktoru Flora Qurbanova isə bildirib ki, onlar bu qaydanı illər əvvəl tətbiq etməyə başlayıblar:
 
“Mən 1993-cü ildən bu məktəbdə direktoram. Elə həmin ildən uşaqların vahid formada dərsə gəlməsi qaydasını tətbiq etmişik. Əvvəlcə döş geyimi və şalvar idi, sonradan qara yubka və ağ köynəyə keçdik. Eyni forma müəllimlərə də şamil olundu. 2013-cü ildən isə qadın və kişi müəllimlərimiz vahid geyim formasından istifadə edir”.
 
Direktorun sözlərinə görə, bu, həm səliqə, həm də mənəvi baxımdan müsbət nəticələr verib: “Kimsə məktəbə gəlib bahalı paltarlarını nümayiş etdirə bilmir. Bu, həm müəllimlər, həm də şagirdlər üçün keçərlidir. Vahid forma həm görünüş baxımından gözəldir, həm də şagirdlər üçün nümunədir. Mən ümumilikdə səliqəni çox sevirəm və bu üsulla onu təbliğ edirik”.
 
Direktor vahid formanı həm pedaqoji kollektivin nümunəvi görünüşü, həm də şagirdlərin təhsilinə müsbət təsir edən amil kimi qiymətləndirir:
 
“Valideynlər də razıdırlar. Hamı eyni formada olduğundan heç kim bir-birindən seçilmir. Bu da sosial bərabərliyin qorunmasına kömək edir”.
 
 
Şəmkir rayonunun Ağlavaşlı kənd Sahib Əliyev adına tam orta məktəbin direktoru Tahir Hacıyev isə təşəbbüsün özünə məxsus olduğunu deyib:
 
“Şagird müəllimin geyiminə baxıb ona bənzəməyə çalışır, hərəkətlərini, davranışını, danışığını təkrarlamağa başlayır. Geyimini də müəlliminə uyğunlaşdırır. Bu baxımdan vahid formanı vacib hesab edirəm. Mən bu məktəbdə iki ildir çalışıram, formaya keçid təşəbbüsünü də özüm irəli sürmüşəm. Tətbiq etdik və nəticələr müsbət oldu.
 
Bu yanaşma həm məktəbin ümumi ab-havasına, həm də şagird-müəllim münasibətlərinə yaxşı təsir göstərir. Məktəbdə nizam-intizamın qorunması, müəllimlərin peşəkar görünməsi və şagirdlər üçün nümunə olması baxımından bu addımın digər məktəblərdə də tətbiqi faydalı ola bilər”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər