365
12:46, Bu gün

"Ukraynada ya müharibə bitəcək, ya da çox böyük bədəl ödəniləcək" - Tramp 

 
"Mən yeddi müharibəyə son qoydum, Ukrayna münaqişəsi də eyni aqibəti yaşayacaq. Bu bir qədər çətin prosesdir, amma biz bunu edəcəyik..."
 
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı mövqeyini bir daha açıqlagıb. O, bildirib  ki, Avropa bu münaqişənin həllində əsas rolu oynayacaq və təhlükəsizlik zəmanətləri üzrə ilk addımlar da məhz Avropadan gəlməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Ukraynaya təhlükəsizlik vədi
 
ABŞ prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsinə "baxacağını" və bu istiqamətdə addım atacağını bildirib. Lakin o, Avropanın bu məsələdə "birinci rol" oynayacağını vurğulayıb. "Biz bununla məşğul olacağıq. Onlara kömək edəcəyik. Çoxlu həyatları xilas etmək istəyirik, buna görə də bu barədə addımlar atacağıq. İnsanlar da bunu gözləyir. Biz kömək edəcəyik. Amma Avropa birinci olacaq. Onlar istəyirlər ki, bu müharibə bitsin. Avropa istəyir ki, bu sona çatsın", - Tramp bəyan edib.
 
Tramp əmindir ki, Avropa Ukraynadakı münaqişənin nizamlanmasını istəyir və təhlükəsizlik zəmanətlərinin təmin edilməsində əsas rolu Avropa oynayacaq. "Ukraynada ya müharibə bitəcək, ya da çox böyük bədəl ödənəcək. Mən yeddi müharibəyə son qoydum, indi isə Ukrayna münaqişəsi də eyni aqibəti yaşayacaq. Bu bir qədər çətin prosesdir, amma biz bunu edəcəyik", - o, əlavə edib.
 
Dronların ixracı və böyük silah sövdələşməsi
Trampın gündəmində təkcə diplomatiya deyil, həm də silah ixracı dayanır. "Reuters"-in məlumatına görə, o, 1987-ci ildən qüvvədə olan silahların ixracına dair məhdudiyyətləri birtərəfli qaydada yumşaltmaq niyyətindədir.
 
Bu, ABŞ-ın   "MQ-9 Reaper" kimi müasir dronları yalnız Ukraynaya deyil, həm də Səudiyyə Ərəbistanı və Şərqi Avropa ölkələrinə satmasına yol aça bilər. Söhbət 142 milyard dollarlıq nəhəng silah müqaviləsindən gedir. ABŞ-ın "General Atomics", "Kratos" və "Anduril" şirkətləri artıq bu dəyişiklikdən faydalanaraq məhsullarını daha rahat şəkildə ixraca çıxara biləcək.
 
"Müdafiə" yox, "Müharibə Nazirliyi"
Tramp eyni zamanda simvolik addım ataraq Pentaqonun adını dəyişdirib. O, Müdafiə Nazirliyini rəsmi olaraq "Müharibə Nazirliyi" adlandıran fərmanı imzalayıb. Prezidentə görə, bu addım ABŞ-ın hərbi gücünə daha çox uyğun gəlir və tarixi köklərə qayıdış deməkdir. Xatırladaq ki, nazirlik 1949-cu ilə qədər məhz bu adla tanınıb.
 
Tramp "siyasi korrektlik" səbəbindən dəyişdirilən köhnə adı bərpa etməyi daha doğru hesab edir. Lakin tənqidçilər bu qərarı sərt qarşılayıb və belə bir prosesin on milyonlarla dollara başa gələcəyini xatırladaraq, həmin vəsaitin əsgər ailələrinə və ya diplomatiyanın gücləndirilməsinə xərclənməsini daha məqsədəuyğun hesab edir.
 
Trampın son açıqlamaları və qərarları bir daha göstərir ki, onun siyasətində həm "sülh vədələri", həm də "güc nümayişi" yanaşı gedir. Ukraynaya təhlükəsizlik zəmanətləri, dron ixracı üçün məhdudiyyətlərin aradan qaldırılması və Müdafiə Nazirliyinin adının dəyişdirilməsi - bütün bunlar ABŞ-ın yeni dövründə həm diplomatik, həm də hərbi aləmdə ciddi rezonans doğuracaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər