Bizi sosial şəbəkələrdən izləyin:
"Atamın ev muzeyini yaratmaq istəyirəm. Sadəcə olaraq dəstəksiz qalmışam. Bir də istərdim ki, adına küçə olsun. Çox istərdim ki, atamın adı Maştağadakı küçələrdən birinə verilsin. Çünki atam da Maştağalıdır, anam da. Bir-birlərinə qohumluqları da çatır. Ümumiyyətlə atamla bağlı arzularımın hər biri yarım qalıb. Ən böyük arzum bu idi ki, kaş yaşayardı, həyatda olardı. Başımızın üstündə, yanımızda olardı. Atamla bağlı olan arzularım kaşkilərdən ibarətdir".
Bunu Moderator.az-a açıqlamasında mərhum aktyor, xalq artisti Yaşar Nurinin qızı müğənni Ülkər Yaşarqızı deyib. O daha sonra bir neçə gün əvvəl atasının doğum günü olduğunu bildirib:
"Xalq artisti Firəngiz Mütəllimovadan başqa heç kim zəng edib, başsağlığı verməyib. İnstaqramında da paylaşıb. Başqa heç bir sənət dostunun yadına düşməyib. Heç məzarı üstünə də gedən olmayıb. Mədəniyyət Nazirliyindən də heç kim maraqlanmayıb. Bu hal sənətkarın ailəsi olaraq bizi çox üzür. Mədəniyyət Nazirliyi əlaqə saxlayıb, ən azından bir paylaşım etməli idi. Kimi nə maraqlandırır? Hər kəs öz abu-havasındadır. Əsas odur ki, xalq Yaşar Nurini sevir. Nə qədər ki, Azərbaycan xalqı var, Yaşar Nuri də bir o qədər yaşayacaq. Atam sağ olsaydı bunlar baş verməzdi. Nəinki bunlar, heç bir şey baş verməzdi. Sağlığında onu qiymətləndirib, dəyərləndiriblər. Onu hər kəs sevib", - deyə sənətkarın qızı bildirib.