"Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti saamiti həm əhatəliyinə, həm də qəbul etdiyi qərarlara görə mühüm əhəmiyyət kəsb edir. Sammitə üzv 10 ölkədən başqa 15 tərəfdaş ölkənin dövlət və hökumət başçıları da qatılmışdı. Əslində son 30 ildə bu sayda Asiya, Yaxın Şərq, Afrika ölkələrinin bir araya gəlməsi tarixi hadisə idi".
Moderator.az xəbər verir ki. bu sözləri Teleqraf-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.
O, “ŞƏT plyus” formatında keçirilən sammitin siyasi tərəflərinin geniş olduğunu bildirib: “Sammit ABŞ-nin bir çox üzv ölkələrə ciddi iqtisadi təzyiqlərinin baş verdiyi bir şəraitdə keçirilib. Yəni, bu şəraitdə yeni iqtisadi imkanların tapılması xüsusi maraq kəsb edirdi. Sözsüz ki, ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür. Belə ki, təşkilat iştirakçılarının məcmu ÜDM-i 26 trilyon dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30%-i deməkdir. Təşkilat üzvlərinin əhalisi 3,3 milyard nəfər təşkil edir ki, bu da planetin əhalisinin 41%-ni təşkil edir. Bundan başqa təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41%-nə, elmi patentlərin 30%-nə və nadir elementlərin ixracının 45%-nə sahibdir”.

Komitə üzvü sammitdə mühüm iqtisadi planların elan edildiyinə diqqəti çəkib: “İlk dəfə olaraq ŞƏT İnkişaf Bankının yaradılması bəyənilib. Bu, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ struktur kimi formalaşacaq. Həmçinin “Böyük Avrasiya” iqtisadi layihəsinin başlanılması elan edildi. Layihə çərçivəsində infrastruktur, enerji və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu layihə 2035-ci ilə qədər 7-9 trilyon dollarlıq iqtisadi effekt yarada biləcək. Digər mühüm məsələlərdən biri də ilk dəfə olaraq Avrasiya Reytinq Agentliyinin yaradılmasının bəyan edilməsi oldu. Agentlik Moody’s, S&P və Fitch -dən fərqli metodologiya ilə ölkələrin və şirkətlərin kredit qabiliyyətini qiymətləndirəcək. Görünən isə odur ki, bu sahələrdə uzun illərdir dominant olan Qərb strukturlarına alternativ Şərq strukturları formalaşmaqdadır”.
Tahir Mirkişili Azərbaycanın 2016-cı ildən ŞƏT-in dialoq üzrə tərəfdaşı statusuna malik olduğunu söyləyib: “Keçən dövrdə Azərbaycan ardıcıl olaraq təşkilat üzvləri ilə iqtisadi əməkdaşlığı gücləndirib. Təkcə keçən il Azərbaycanın ŞƏT-ə üzv ölkələrə ixracı 8,3 milyard dollar təşkil edib ki, bu əvvəlki illə müqayisədə 27%-lik artım deməkdir. Ölkəmizin Çinlə ticarət dövriyyəsinin həcmi də 3,1 milyard dolları ötüb.
Azbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir. Təkcə bu ilin 6 ayında bu marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4.2 milyon tonu keçib”.
“Sözsüz ki, regionda sülhün təmin olunması və Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geoiqtisadi imkanlar yaradır. Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avrasiyanın Şərqini əhatə edən ŞƏT ilə əməkdaşlığının güclənməsi ölkəmizin çoxvektorlu siyasətinə və milli maraqlarına uyğundur. ŞƏT-in hazırkı 10 üzvündən 3-ü Türk Dövlətləri Təşkilatın üzvü, 1-i isə qardaş Pakistandır. Təşkilatın digər üzvləri ilə də ölkəmiz arasında sıx iqtisadi partnyorluq mövcuddur. Bu mənada Şanxay Əməkdaşlıq Təşkilatını Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar”, - deyə deputat əlavə edib.