211
15:38, Bu gün

"Avropa zəmanət axtarışında, Kreml hücuma hazırlaşır" - Qərb mətbuatı

 
"Paris sammiti öncəsi Avropa bölünmüş, Putin isə yeni hücum üçün qüvvə yığır..."
 
Ukraynanın təhlükəsizliyi məsələsi Avropanın siyasi gündəminin mərkəzinə çevrilib. Sentyabrın 4-də Parisdə keçiriləcək "İstəklilər koalisiyası"nın toplantısı həm Avropanın, həm də ABŞ-ın gələcək mövqelərini müəyyənləşdirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" və "Financial Times" nəşrləri yazıb.
 
Qeyd edilir ki, sammitdə Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Kir Starmerin rəhbərliyi ilə 35 ölkə iştirak edəcək. Görüşdən sonra liderlər ABŞ prezidenti Donald Trampla da birbaşa danışıqlar aparacaq.
 
Avropanın dilemması: vahid mövqe tapılmır
Avropada Ukraynaya zəmanət mövzusunda tam razılıq yoxdur. "Financial Times" yazır ki, koalisiya şərti olaraq üç qrupa bölünüb: Böyük Britaniya kimi qoşun göndərməyə hazır olan ölkələr, İtaliya kimi açıq şəkildə buna qarşı çıxanlar və hələ tərəddüd edən çoxluq, o cümlədən Almaniya. Ursula fon der Lyayenin "dəqiq hərbi planlardan" danışması Berlində narazılıq doğurub.
 
Vaşinqton isə Avropadan daha çox məsuliyyət götürməyi gözləyir. Tramp avropalı həmkarlarına bildirib ki, ABŞ kəşfiyyat, komanda və idarəetmə sistemləri, həmçinin hava hücumundan müdafiə vasitələri ilə kömək edəcək, amma təşəbbüsün önündə Avropa dayanmalıdır.
 
Putinin planları: yeni hücumun kölgəsi
 
Bu müzakirələrin fonunda Rusiya cəbhədə fəal hərəkətlənir. "Bloomberg" yazır ki, Kreml Ukraynanın Donbas bölgəsində 100 minə yaxın əsgəri cəmləyib və yeni hücuma hazırlaşır. Avropalı diplomatların sözlərinə görə, Moskva danışıqlar masasına qayıtmaq niyyətində deyil, əksinə, savaşın miqyasını artırmaq istəyir.
 
Ukrayna prezidenti Vladimir Zelenski də xəbərdarlıq edib: Rusiya ordusu Pokrovsk yaxınlığında qüvvələr toplayır, eyni zamanda Kupyansk istiqamətində "ət maşını" tipli hücumlar üçün yeni rezervlər çəkilir. Hərbi ekspertlər hesab edir ki, Kreml əsas diqqətini Lyman-Pokrovsk xəttinə yönəldəcək və məqsəd Donetsklə Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq olacaq.
 
Avropa mesaj axtarır, ABŞ-dan dəstək gözləyir
 
Makron Paris sammiti ərəfəsində bildirib ki, Avropa hərbi rəhbərləri avqustdan bəri Ukraynaya zəmanət planları üzərində işləyir və sənədlər artıq müdafiə nazirləri səviyyəsində təsdiqlənib. "The New York Times" isə yazır ki, Avropanın əsas məqsədi həm Moskvaya, həm də Vaşinqtona mesaj göndərməkdir: Avropa öz payını qoyub, indi həm Ukraynaya dəstəyin artırılması, həm də Putinə qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində Trampdan gözləntilər böyükdür.
 
Avropa hələ də yekdil mövqe tapa bilmir: bəziləri qoşun göndərməyə hazırdır, digərləri isə risk etmək istəmir. Amma ortaq narahatlıq eynidir - Putin savaşı dayandırmaq niyyətində deyil. Parisdəki görüş bu dilemmanı açıq göstərəcək: Avropa öz liderliyini ortaya qoyacaqmı, yoxsa Ukraynanın təhlükəsizliyi yenə də qeyri-müəyyənlikdə qalacaq?..
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər