344
13:40, Bu gün

"Ukrayna torpaqdan imtina etməyəcək və Putinə güzəştə getməyəcək" - Zelenski

 
"Bizim üçün bu, sadəcə torpaq deyil,  həyatımız, tariximiz və Konstitusiyamızdır..."
 
Ukrayna prezidenti Vladimir Zelenski bir neçə beynəlxalq çıxışında Rusiyaya qarşı mövqeyini qəti şəkildə ifadə edib. Onun sözlərinə görə, Ukrayna heç bir halda torpaq mübadiləsinə getməyəcək və Rusiyanın işğalına güzəşt etməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.
 
Zelenski Danimarkada keçirdiyi mətbuat konfransında vurğulayıb ki, bəzi dairələr üçün bu sadəcə torpaq sayıla bilər, lakin Ukrayna üçün bu, xalqın həyatı, tarixi və dövlətin Konstitusiyasıdır: "Putinə etibar etmək olmaz. O, dəfələrlə yalan danışıb. Biz onunla heç bir razılaşmaya gedə bilmərik və ona "hədiyyə" kimi torpaq verməyəcəyik".
 
Prezident əlavə edib ki, Rusiya artıq minlərlə hərbçisini itirib, lakin dörd il ərzində Donbasın cəmi 30 faizini belə işğal edə bilməyib. "Əgər o, daha irəli getmək istəsə, illərlə müharibə aparmalı olacaq və bunun üçün milyonlarla əsgər qurban verməlidir", - Zelenski bildirib.
 
"İstəklilər koalisiyası"nın rolu
 
Paris səfəri zamanı Zelenski Fransa prezidenti Emmanuel Makronla birgə bəyanatında "İstəklilər koalisiyası" təşəbbüsə ümidini ifadə edib. Onun sözlərinə görə, bu ideya hələ nəzəri səviyyədə olsa da, nəticədə Ukrayna üçün real təhlükəsizlik zəmanətləri yaradacaq.
 
Zelenski qeyd edib ki, artıq 30-dan çox ölkə bu təşəbbüsə qoşulub və bu, Avropanın birliyi ilə ABŞ-ın dəstəyi fonunda Rusiyaya qarşı diplomatik təzyiqi gücləndirəcək. Makron isə bəyan edib ki, Avropa ilk dəfə olaraq açıq şəkildə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır. Onun sözlərinə görə, məqsəd sabit və davamlı sülhü təmin etməkdir.
 
Cənubi Koreya ssenarisi, amma fərqli şərtlərlə
Fransanın Le Point" nəşrinə müsahibəsində Zelenskiyə "Cənubi Koreya modeli" barədə sual ünvanlanıb. Prezident cavabında bildirib ki, Koreya nümunəsi maraqlıdır, çünki Seul ABŞ kimi güclü müttəfiqin himayəsi altında inkişaf edib. Lakin Ukrayna üçün bu modeli tam tətbiq etmək mümkün deyil:
 
"Şimali Koreyada 20 milyon əhali var, Rusiyada isə 140 milyondan çox. Təhlükənin miqyası müqayisəolunmazdır. Ona görə də biz Cənubi Koreya kimi mütləq təhlükəsizliyə nail ola bilmərik. Ancaq onların iqtisadi inkişaf modeli bizim üçün yaxşı nümunədir". O, əlavə edib ki, Ukrayna mütləq "Patriot" tipli müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyur və bu istiqamətdə müttəfiqlərlə iş aparılır.
 
Putin və Avropa üçün risklər
 
Ukrayna lideri xəbərdarlıq edib ki, əgər Putin Ukraynanı tam ələ keçirsə, bundan Avropaya qarşı tramplin kimi istifadə edəcək. "Moskva ilə Paris arasında məsafə 3000 kilometrdən azdır. Rusiya bu gün 2500 km məsafəni vura bilən raketlərdən istifadə edir. İki ildən sonra onların 5000 km məsafəli silahları olacaq. Dəniz də, okean da artıq heç kəsi qorumayacaq", - Zelenski bildirib. Onun sözlərinə görə, müharibə təkcə Avropada deyil, Rusiyada da texnoloji inkişafı sürətləndirir və bu, qlobal təhlükəsizlik üçün yeni reallıqlar yaradır.
 
Zelenski açıq şəkildə bildirir ki, Ukraynanın yeganə yolu müqavimət göstərməkdir. Heç bir "torpaq müqabilində sülh" formulu onun üçün qəbulolunmazdır. Prezidentin sözlərinə görə, Avropanın və ABŞ-ın birliyi ilə formalaşacaq yeni təhlükəsizlik sistemləri yalnız Ukraynanı deyil, bütün Avropanı qorumağa xidmət edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər