350
13:50, Bu gün

"Rusiya və Şimali Koreya ABŞ-a qarşı sui-qəsd hazırlayır" - Tramp

 
"Moskva, Pekin və Pxenyan birgə səhnəyə çıxaraq ABŞ və Qərbə yeni güc balansı barədə xəbərdarlıq edib..."
 
Pekində keçirilən hərbi parad Çin üçün təkcə bayram tədbiri deyildi. Bu, həm də güc nümayişi idi. Tədbir 80-ci ildönümünü - Yaponiyanın kapitulyasiyası və İkinci Dünya müharibəsinin bitməsini xatırladırdı.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Çinlilərin möhtəşəm nümayişi və qlobal siqnallar
 
Tyananmen meydanında baş tutan bu mərasimdə döyüş təyyarələri, tanklar və Pekinin son illərdə yaratdığı ən yeni texnologiyalar təqdim olundu. Çin qitələarası ballistik DF-5C raketindən tutmuş sualtı pilotsuz aparata və lazer silahına qədər arsenalını göstərərək öz hərbi qüdrətini açıq nümayiş etdirdi.
Parada 26-dan çox ölkə rəhbəri qatıldı. Ən çox diqqət çəkən qonaqlar isə Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In oldu. Onların Tszinpinlə birlikdə tribunaya çıxması beynəlxalq medianın diqqət mərkəzində idi.
 
BBC və "Reuters" yazır ki, Kimin bu tədbirdə xüsusi şərəf yeri alması tarixi hadisədir: uzun illər təcrid və istehzadan sonra o, ilk dəfə qlobal arenada Putin və Tszinpinin yanında "bərabər tərəfdaş" kimi göründü. Bu isə Qərbə açıq mesajdır - Moskva, Pekin və Pxenyan artıq birlikdə hərəkət edir.
 
Tokionun yoxluğu və tarixi yaddaşın oyadılması
 
Yaponiyanın rəsmi nümayəndə heyətinin paradda iştirak etməməsi də diqqətdən yayınmadı. Tokio yalnız keçmiş baş nazir Yukio Xatoyamanın şəxsi təşəbbüsü ilə təmsil olundu. Paradda ifa olunan mahnılar, çıxışlarda vurğulanan "14 illik müqavimət" və "imperialist Yaponiyanın təcavüzü" isə Çinin tarixi yaddaşı necə yenidən canlandırdığını göstərdi. Pekin Kommunist Partiyası bu paradı milli qürur və partiyanın "xilaskar rolu"nu möhkəmləndirmək üçün istifadə etdi.
 
Trampın istehzası və ABŞ-Çin münasibətləri
 
ABŞ prezidenti Donald Tramp tədbiri diqqətlə izləyib və "Truth Social" sosial şəbəkədə sərt, amma istehza dolu paylaşım edib. O, Çin liderinə və xalqa "gözəl bayram günü" arzulasa da, Putinin və Kimin yanında görünməsinə istehza ilə yanaşaraq yazıb: "Xahiş edirəm, Vladimir Putinə və Kim Çen Ina mənim ən səmimi təbriklərimi çatdırın - onlar hazırda ABŞ-a qarşı sui-qəsd qururlar".
 
Tramp həmçinin xatırladıb ki, ABŞ vaxtilə Çinə azadlığını təmin etmək üçün "çoxlu dəstək verib və qan töküb": "Çox sayda amerikalı Çin xalqının Qələbə və Şöhrət yolunda həlak olub".
 
Ağ Evdə keçirilən brifinqdə ona "Pekindəki parad, xüsusən Putin və Kimin iştirakı ABŞ-a qarşı çağırış deyilmi?" sualı verilib. Tramp isə cavabında vəziyyəti dramatikləşdirməyib: "Xeyr. Mənim Tszinpinlə çox yaxşı münasibətlərim var. Çin bizə bizdən qat-qat çox möhtacdır. Mən bunda problem görmürəm".
Üçlüyün mesajı və gələcək balans
 
Analitiklər hesab edir ki, bu parad Çin üçün tarixi an olmaqla yanaşı, Rusiya və Şimali Koreyanın da beynəlxalq statusunu gücləndirdi. Əgər Putin qlobal siyasətin daimi oyunçusu idisə, Kim Çen In artıq Pxenyanın dar sərhədlərindən çıxaraq Pekin və Moskva ilə bir sırada özünü göstərdi.
 
Trampın istehza dolu reaksiyası isə göstərir ki, Vaşinqton bu üçlüyün yaxınlaşmasını diqqətlə izləyir, amma hələlik onu real təhlükə yox, siyasi jest kimi qəbul edir. Bununla belə, Pekin meydanında verilən mesaj aydındır: Moskva, Pekin və Pxenyan birgə səhnəyə çıxaraq ABŞ və Qərbə yeni güc balansı barədə xəbərdarlıq etdilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər