"Rusiya hakimi Çində görkəmli görünəcək, amma qərar verən, oyunun qaydalarını yazan artıq o deyil..."
Rusiya mediası Vladimir Putinin yaxın günlərdə Pekinə edəcəyi səfəri "tarixi" adlandırmaqda tələsir. Amma bu təmtəraqlı şüarların arxasında başqa həqiqət dayanır.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nəşr yazır ki, Moskva getdikcə daha çox Pekinə bağlanır, lakin Çində keçiriləcək tədbirlərin mərkəzində yenə də Putin olmayacaq.
Toyun əsas qonağı kimdir?
Asiyanın İkinci Dünya müharibəsində qələbəsinin 80 illiyinə həsr olunmuş mərasimlərdə Putin gözlənildiyi kimi ən hörmətli qonaq olmayacaq. 3 sentyabr paradında rus hərbçiləri çinlilərlə yanaşı addımlayacaq, necə ki, mayda Çin hərbçiləri Moskvada yürüş etmişdi.
Putin həm də Si Tszinpinlə görüş imkanı əldə edəcək, hansı ki, Tramp ilə Alyaskada görüşündən sonra Pekin rəhbərinə zəng vurmaqdan çəkinib. Amma ən çox diqqət çəkən şəxs, oraya gələrsə, ABŞ prezidenti olacaq. Putin isə daha çox "toy generalı" rolunu oynayacaq.
Təbliğat uğuru, yoxsa sadəcə görüntü?
Kreml mediası bu səfəri böyük diplomatik qələbə kimi təqdim etməyə çalışır: guya Putin bir tərəfdə Si Tszinpinlə, digər tərəfdə Trampla dayanacaq, "dünyanın mərkəzi" kimi görünəcək. Amma əslində onun nümayiş etdirəcəyi şey sadəcə rəmzi jestlər - parad meydanında, yaxud Şanxay Əməkdaşlıq Təşkilatının sammitində verilən pozalardır.
Tramp ora dəvət olunmayıb, çünki bu qurum açıq şəkildə antiamerikandır. Putin fotolarda Hindistanın baş naziri Modi və Si Szinpinlə yanaşı görünəcək. Onlar Rusiya neftinin əsas alıcılarıdır, lakin bu, Moskvanın iqtisadi zəifliyini daha da üzə çıxarır: Rusiya iqtisadiyyatı artıq Çin və Hindistan bazarlarından asılıdır.
Gerçək mənzərə: güzəşt və yalvarış
Putinin mövqeyi hər ötən gün zəifləyir. Hindistanı neft almağa razı salmaq üçün ona getdikcə daha böyük endirimlər təklif edilməlidir. Çini isə inandırmaq lazımdır ki, Tramp ilə yaxınlaşma sadəcə siyasi oyundur, əsl sevgi yalnız Pekinədir. Bu vəziyyətdə Putin yalnız Kim Çen In qarşısında özünü bərabər sayır.
Ukrayna masada qalacaq
Tramp Çinə gəlib-gəlməyəcəyindən asılı olmayaraq, Ukrayna məsələsindən qaçmaq mümkün olmayacaq. Pekin getdikcə daha açıq şəkildə Rusiyanı dəstəklədiyini bildirir. Çin diplomatları Moskvanın məğlubiyyətinə imkan verməyəcəklərini artıq gizlətmir. Hətta Çin sülhməramlılarının Ukraynaya göndərilməsi ideyası gündəmə gətirilir. Rəsmi Kiyev buna kəskin etiraz edir, çünki bu, Kremlin müttəfiqlərinin Avropada yerləşdirilməsi deməkdir.
Çinin Avropaya çıxışı
Çin üçün Ukrayna sadəcə Rusiya ilə həmrəylik jesti deyil, Avropaya hərbi-siyasi ayaq basmaq imkanıdır. Pekin bunu açıq şəkildə istisna etmir. Avropa ölkələri, xüsusilə də Britaniya və Fransa, böyük kontingent göndərməkdən imtina edərkən, Çin öz "sülhməramlı" qüvvələrini təklif etməklə vəziyyətdən yararlanmağa çalışır.
"Kiçik köməkçi"yə çevrilən Rusiya
Əslində nə "sülhməramlı oyunlar", nə də ŞƏT sammitindəki fotoşou Ukraynaya sülh gətirir. Bunların hamısı bir həqiqəti göstərir: Rusiya getdikcə Çindən asılı vəziyyətə düşür. Putin hələ ki, tribunada və ya Alyaskada "gözəl pozalar" göstərir, amma hər addımı onu daha çox Pekinə bağlayan görünməz tellərlə şərtlənir. Putin Çində həqiqətən də "başqasının toyunda general" olacaq - görkəmli görünəcək, amma qərar verən, oyunun qaydalarını yazan artıq o deyil.