Sülh üçün risklər budur: Defakto gücdən istifadə istisna edilir - MÜSAHİBƏ
2276
27 Aug 2025 | 14:08

Sülh üçün risklər budur: Defakto gücdən istifadə istisna edilir - MÜSAHİBƏ

Politoloq Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında əldə edilən sülh razılaşmasına dair şərtlər fonunda gözləntilərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.
 
- Fərhad bəy, Azərbaycanla Ermənistan arasında ilkin çərçivə sülh sənədi təsdiq edilib. İki ölkə arasında münasibətlər sisteminin perspektivini nədə görürsünüz?
 
- Azərbaycan tərəfi Ermənistan və erməni xalqı ilə sülhə nail olmaq istəyir. Sülh bu istiqamətdə mühüm prosesdir. Onun əsas şərti və dar çərçivədə məqsədi odur ki, ölkələr arasında münasibətlər sistemini formalaşdırır. Münaqişədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması münasibətlər sisteminin formalaşmasında əsas şərtdir. Bu, qarşılıqlı fəaliyyəti təmin edən əsas amillərdəndir.
 
 
- Sizcə, bundan sonra Bakı ilə İrəvan arasında münasibətlər necə tənzimlənəcək? Sülhdən geri dönmək riskləri varmı?
 
- Avqustun 8-də Vaşintonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən sənədlər hazırkı dövr üçün mühüm nəticədir. Bu, yekun sülh sazişinin imzalanmasına qədər iki dövlət üçün münasibətləri tənzimləmək istiqamətində çərçivə formalaşdırır. Əsas nəticə odur ki, defakto sülh dövründə gücdən istifadə istisna edilir.
 
 
- Yekun sülh üçün yeganə maneə Ermənistan konstitusiyasındakı ərazi iddiaları hesab olunur. Bu əngəlin aradan qaldırılması üçün siyasi-diplomatik vasitələrlə hansı addımlar atıla bilər?
 
- Siyasi-diplomatik vasitələr əsas amil kimi qəbul edilib. Ermənistan işğalçı dövlət olduğu üçün sülh istiqamətində addımları daha çox onun atması lazımdır. Ermənistan konstitusiyasındakı dəyişiklik Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasında məhz erməni cəmiyyətinin mövqeyinin ifadəsi kimi qəbul ediləcək.
 
Ermənistan hökuməti artıq Azərbaycanın sülh gündəliyini qəbul edib. Azərbaycan üçün vacib olan odur ki, Ermənistan cəmiyyəti də bunu nümayiş etdirsin. Bu prosesdən sonra yekun sülh sazişinin imzalanması mümkün ola bilər. Bununla Ermənistanla münasibətlərdə keyfiyyətcə yeni mərhələ başlayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər