Donbasdakı
1497
19 Aug 2025 | 15:00

Donbasdakı "Kölgə"nin müəmmalı sonu - REPORTAJ + FOTO

2014-ci ildən başlayan separatizmlə mübarizəni nəzərə alsaq, Ukraynanın Donetsk vilayətində müharibə 10 ildən çox davam edir.
 
2022-ci ilin yazı Ukraynaya qarşı başlayan genişmiqyaslı müharibənin qaynarlığı ilə yanaşı, havaların isti keçməsi ilə də özünü göstərirdi. Xüsusilə Ukraynanın cənub-şərqində may ayı xarakterik olmayan sərt istilərlə gəlmişdi, sanki təbiət də baş verən hadisələrə reaksiya verirdi.
 
Dnepr şəhərindən Donetsk vilayətinin Ukraynanın nəzarətində olan Kramatorsk şəhərinə 250 kilometrlik məsafə var. Vəziyyətlə əlaqədar olaraq nəqliyyat çətinliyi yaranmışdı. Odur ki, ilk rastıma çıxan "könüllü" maşınına minib, yola düşdüm.
 
Kramatorsk Mariupolun işğalından sonra Donetsk vilayətinin Ukraynanın nəzarətindəki ərazisi üzrə inzibati mərkəz hesab olunur. 2014-cü ildə mərkəz Donetsk şəhərinə nəzarəti itirən Ukrayna, 2022-ci ilin martına qədər vilayətin mərkəzi kimi, Azov dənizinin sahilindəki Mariupol şəhərini seçmişdi. Hazırda da, Mariupulun işğalından sonra, Kramatorsk vilayət mərkəzindən çox cəbhə xəttinin ürəyi sayılır. Əhalisinin demək olar, 90 faizi rusdillidir. Etnik tərkibinin təxminən 70 faizə qədəri yarı rus, yarı ukraynalı, yerdə qalanı isə digər millətlərdən ibarətdir. Yeri gəlmişkən, bu şəhərdə azərbaycanlılar da az deyil.
 
Yol yorğunluğu və havanın isti olması məni əldən salmışdı. Kramatorska çatar-çatmaz, əvvəlcədən həmyerlilərimin köməkliyi ilə tapdığım boş qalan mənzillərdən birinə yerləşdim. Divanda yerimi rahatlayıb, hazırlayacağım reportaj üçün qeydləri gözdən keçirdim. Dərhal da yuxuya getdim. Axşama doğru yuxudan oyandım, mobil telefonuma gələn çoxsaylı zənglərdən belə xəbərim olmamışdı. Cəbhə xəttində çəkiliş üçün məni müşayiət edəcək hərbçilər zəng etsələr də, onların zəngini eşitməmişdim. Hərbçilərlə Kiyevdə Silahlı Qüvvələrin mətbuat xidməti vasitəsilə razılaşmışdım. Dərhal geri zəng etsəm də, artıq geç idi - onlar Kramatorsku tərk etmişdilər. Dilxor oldum. Bu, Kiyevdən ezamiyyət üçün gəldiyim 900 kilometrlik yolun nəticəsiz qalması demək idi.
 
Kiyevdən olan hərbçi və deputatlarla əlaqə saxlayandan bir qədər sonra cavab gəldi: "Nömrənizi vermişəm, yarım saata sizə zəng edəcəklər". Həqiqətən, yarım saat sonra zəng gəldi, adının Ruslan olduğunu, nömrəmin ona Kiyevdən verildiyini dedi, şəhərdə harada yerləşdiyimi soruşdu. Qətiyyətli danışığından hiss olundu ki, komandirdir: "10 dəqiqə sonra mənim adamlarım sizi aşağıda gözləyəcək". 10 dəqiqədən sonra binadan çıxan kimi qarşımdakı maşından iki nəfər maskalı hündürboy hərbçi çıxıb mənimlə rus dilində salamlaşdı, onları Ruslanın göndərdiyini bildirdi.
 
Təxminən 10-15 dəqiqə yol gedəndən sonra, binanın qarşısında dayandıq. Avtomobildən enib blokların birindən keçib zirzəmiyə girdik. İçəri girəndə hərbi qərargahı xatırladan mənzərə ilə qarşılaşdım. Müxtəlif otaqlardan və silah-sursat yeşiklərindən ibarət zirzəmidə 10-a yaxın hərbçi vardı. Daha doğrusu, yarımhərbi formalı şəxslər. Hiss etdim ki, bunlar nizami orduda xidmət edən hərbçilər deyil. Söhbət etdiyim hərbçilərin də dediklərindən məlum oldu ki, onlar bir dəstədirlər, əksəriyyəti də hazırda döyüş tapşırığındadır. Əsas kazarmaları da bura deyil, burada şəhər məkanı olaraq hərdən toplaşırlar. Əsas kazarmanın harada olduğunu demədilər, mən də soruşmadım. Az sonra içəri ortaboy, enlikürək, saqqallı, qafqaz görünüşlü 35-40 yaşlı bir hərbçi girdi. O, girəndə hamı qalxdı. Yaxınlaşıb görüşərək özünü təqdim etdi. Ruslan idi, dəstənin komandiri. Onunla söhbət zamanı zənnimdə haqlı çıxdım. Bunlar "Kölgə" ("Ten"-red) adlı kəşfiyyat dəstəsi və yerli komandanlığa yox, birbaşa Müdafiə Nazirliyinə tabe olan könüllülərdən ibarət kəşfiyyat qrupu idi.
 
Ruslan təklif etdi ki, hazırda cəbhəyə yaxın Slavyansk rayonu ərazisinə gedir, tanışlıq məqsədi ilə mən də ona qoşula bilərəm. Amma günün sonu olduğu üçün, əsas çəkilişə sabah səhər onun əsgərləri mənə kömək edəcəklər.
 
Təkliflə dərhal razılaşdım, yola düşdük. Maşında ikimiz idik. Jurnalist marağımı boğa bilməyib, yolboyu şəxsi suallar verməyə başladım. Ünsiyyətçil olduğundan söhbətimiz maraqlı keçdi. Dedi ki, atası tatar, anası çeçendir. Çeçenistanda doğulub, valideynləri erkən yaşda avtomobil qəzasında öldükləri üçün onu Rostova uşaq evinə göndəriblər. Orada böyüyüb, yetkinlik yaşına çatanda, Ukraynanın Donetsk şəhərinə köçüb. Ən qəribəsi də odur ki, 2014-cü ildə Ukraynanın şərqində separatizm başlayanda, Ruslan da separatçıların tərəfində olub. Amma sonradan onlarla konflikti düşüb, Ukrayna tərəfə keçib. Səbəb də o olub ki, separatçılardan bir komandir şəxsi ədavət zəminində Ruslanın arvadını və azyaşlı qızını qaçırıb. Ailəsinə qarşı baş verənlər Ruslanın heysiyyətinə toxunub. Silah gücünə ailəsini xilas edəndən sonra 2015-ci ildə Ukrayna tərəfə keçməyə məcbur olub. Donetsk vilayətini yaxşı tanıdığı üçün, az sonra göstərdiyi əməliyyat şücaətləri nəticəsində Ukrayna ordusunun rəğbətini qazanıb. Ona könüllü dəstə formalaşdırmağa icazə veriblər.
 
Onun kəşfiyyat dəstəsi əsasən Rusiya ordu hissələrinin arxasına keçir, xüsusi tapşırıqlar yerinə yetirir. Gördüyü işləri detalları ilə açıq danışmasalar da, keçirdiyim iki-üç gün müddətində onların əslində, "Kölgə" adlı müasir partizan dəstələrindən olduğu qənaətinə gəldim.
 
Həmin axşamı Ruslan ilə Slavyansk şəhərinin ətrafını gəzib geri, Kramatorska qayıtdıqdan sonra, səhər tezdən onun ayırdığı 3-4 dəstə üzvü ilə yenidən bu istiqamətə, amma cəbhəyə yaxın bir kəndə çəkilişə gəldim. Xahiş etmişdim ki, mümkün qədər ön xəttə yaxın bir kənddən reportaj edim. Aleksandrovka kəndində olduq. Bura həmən vaxt elə bir kənd idi ki, səhər tezdən Ukrayna buranı geri alırdı, axşam Rusiya ordusu yenidən tuturdu. Lap ötür-ötür idi. Kənddə salamat ev qalmamışdı, sakinlər pərən-pərən düşmüşdülər. Kim qalmışdısa kənddə, onlar da sağ qalmaq üçün evlərdən çox, zirzəmilərdə yaşayırdılar. Kənd sakinlərindən olan orta yaşlı bir kişi, söhbətimiz zamanı yarızarafatla olsa da, gileyləndi: "Bu, yaşayış deyil. Bir qərar versinlər bizi kim tutur. Bir gün ruslar gəlib tutur, səhəri Ukrayna ordusu gəlib qaytarır. Bir gün rusca danışırıq, o biri gün ukraynca. Bezdik bu vəziyyətdən. Ortaq bir qərara gəlsinlər...".
 
"Kölgə"nin əsəgərlərinin köməyilə kənddə çəkiliş edib, geri qayıtdıq. Yorulmağıma baxmayaraq, axşama doğru Ruslan təklif etdi ki bir qrup onun özünün rəhbərliyi ilə ön xəttə gedirlər, istəyirəmsə, gedə bilərəm. Maraq yorğunluğa güc gəldi, qoşuldum onlara. Sən demə, bu Slvayanska qonşu Svyatoqorsk rayonu yaxınlığında Rusiya ordusuna məxsus bir hissənin demək olar ki, düz yaxınlığı imiş. Slavyansk və Svyatoqorsk rayonları Donetsk vilayətində yanaşı əkiz rayonlardır və SSRİ dövründən bəri bura daha çox kurort zonası kimi tanınıb. İndi də kurort tikililərinin qalıqları, sıx yaşıllıqlar kəşfiyyat qruplarının əməliyyatı üçün əlverişli məkana çevrilib.
 
Həmin axşam, iki-üç maşınla meşələrin arası ilə dolayı yollarla xeyli getdikdən sonra, sən demə, keçmiş kurort binalarının birində daldalanmış Rusiya ordu hissəsindən birinin düz yaxınlığına gəlib çatmışıq. Gülləbaran edilmiş villalardan ibarət dar bir küçədə idik. Ruslan tapşırdı ki, ondan icazə almadan burada kameranı işə salıb nəyisə çəkməyim. Sonra əlavə etdi ki, ondan ayrılmayım, təhlükə yaransa, məni qorumaq ona asan olsun. Amma... Elə bunu demişdi ki, yanımızda sanki ildırım çaxdı. Başımı qaldıranda üstümdə Ruslanı gördüm. Sən demə, yaxınlığa minatan düşüb, Ruslan tez üstümə atılıb ki, sağ qalım. Dərhal maşınlara minib oradan uzaqlaşdıq. Xoşbəxtlikdən yaralanan və ölən olmadı..
 
Üç gün orada onların dəstəyi ilə kəndlərdə çəkiliş apardım. Axşamlar oturub söhbətlər edirdik. Məlum oldu ki, dəstə üzvlərinin tam əksəriyyəti peşəkar hərbçi deyil, müxtəlif keçmiş peşə sahibləridir. Amma hamısı idmançılardı. Məsələn, Ruslan özü sambo üzrə Rusiyanın idman ustası olub. Söhbət əsnasında bir də onu öyrəndim ki, bunlar burada təkcə döyüşmürlər. Eyni zamanda, yerli iş adamlarının ödənişli sifarişi müqabilində onların yüklərinin daşınmasının təhlükəsizliyini də təmin edirlər. Açığı, bunu eşidəndə, dəstə üzvlərindən bir az şübhələnməyə başladım. Sonralar, bunda da haqlı çıxdım...
 
Belə ki, cəmi bir il sonra bu dəstənin üzvlərindən, o cümlədən Ruslanla əlaqəm itdi. Daha sonralar Kiyevdə onlardan ikisi ilə rastlaşdım. Eşitdiklərimə inanmaq çətin idi. Həmin vaxt komandiri olan Ruslana az qala ata kimi sitayiş edənlər, indi ondan nifrətlə danışırdılar. Lakin səbəbini açıb demədilər. Amma məlum oldu ki, dəstə narazılıq üzündən dağılıb.
 
Bir neçə ay sonra isə dəstə üzvlərindən milliyətcə tatar olan Nahir ilə Kiyevdə, tatar kafelərinin birində təsadüfən rastlaşdım. Qısa müddət keçməsinə baxmayaraq, saçı tam ağarmışdı. Dedi ki, Ruslan hazırda həbsdədir, Ukrayna hüquq-mühafizə orqanları onu çox ciddi bir məsələyə görə həbs ediblər...
Mübariz Aslanov
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər