Giriş üçün bir neçə söz
“Xalq Bank” “Xalq Əmanəti” layihəsi çərçivəsində 25-ci kitabını təqdim etdi. Cənubi Azərbaycan poeziyasına həsr olunan nəşr-“Güney Azərbaycan poeziyası. Seçmələr” kitabı həm də keşməkeşli tariximizi əks etdirir.
Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə də qəzəlləri toplanıb.
Müəlliflərin sırasında adını Azərbaycan ədəbiyyatı tarixinə yazan böyük şairlərimizlə yanaşı, çağdaş dövrün istedadlı gənc ədiblərinin də isimləri vardır.
“Xalça – kitab” haqqında...
Nəfis tərtibatla hazırlanmış “Güney Azərbaycan poeziyası. Seçmələr” kitabının üz qabığının sağ yuxarı küncündə əks olunan naxışlarla sanki fərqli aləmə addım atıram. Təqdimat zalındayıq və birazdan çıxış edəcək natiqlər kitabın məzmunundan, layihədən danışacaqlar. Amma naxışların sirrindən çıxıb onlara qoşulmağın o qədər də asan olmayacağının fərqindəyəm. Kitabın üz qabığındakı sirli naxışlar-bizə Təbrizi andıran, bizi Təbrizə aparan gizli işarələr nəşrin məzmununu, daxili qatını necə də dəqiq izah edirmiş. Biz də kitabın dərinliyinə məhz bu naxışların qapısını açaraq daxil oluruq. Zərgər dəqiqliyi ilə seçilərək, “naxışlı kitabda” özünə “məskən salmış şairlərin zərrəbinlə seçilmiş şeirlərinin hər biri əslində hansısa mücərrəd, nəhəng bir xalının, xalçanın ilmələri deyilmi?! Təbrizin, Güneyin qürbət ağrısından toxunan xalça onu yaradan hər ilməni öz doğma balasıtək bağrına basır. Demək, kitabın üz qabığındakı sirli naxışlar əslində, bunun işarəsiymiş...
Kitabı vərəqlədikcə buradakı hər şeiri ilmə-ilmə qürbət xalçasının üzərinə oturtmağa çalışır, onlarla aramızdakı doğmalığın gətirdiyi hüzuru ruhuma köçürürdüm. Hansı ki, bu doğmalığı cəmi bir neçə gün bundan əvvəl mən Təbrizin “Traktor-Sazi” futbol klubu çempion olan zaman virtual da olsa soydaşlarımızın sevinc nitqində, ana dilində oxuduqları nəğmələrdə görmüşdüm. Bayaqdan haqqında danışdığım naxışların içərisində də bu doğmalıq adamı bir bələdçi kimi müşahidə edir. Elə mənim özümü də şeirdən-şeirə (ilmədən-ilməyə) aparan, bələdçilik edən də bu doğmalıq oldu. Əlimdən tutub 50 şairin bir-bir hamısı ilə görüşdürdü...
Akademik Nizami Cəfərov, kitabın tərtibçilərindən biri və ön sözün müəllifi Səlim Babullaoğlu, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Həmid Herisçi, şair Sayman Aruz öz çıxışlarında əslində bu sirli “xalça”nın ecazkar nəhəngliyinə toxundular, sözlərinin daxili qatlarında bu qürbəti salamladılar, gələcəyə məhz bu qürbətin işıqlı pəncərəsindən inamla baxdılar. Hər birinin də çıxışında bu “kitab-xalça”dakı ilmələrin ötürdüyü müsbət enerjinin təsiri yüksək səviyyədə hiss olunurdu:
Xalq şairi Sabir Rüstəmxanlı: “Bir xalqın bu gün ana dilində yazan 700 şairi varsa və 50-nin mükəmməl ədəbiyyat nümunəsi bir kitabda toplanırsa bu, o deməkdir ki, bu xalqın gələcəyi parlaqdır. Mən bu kitabı araya-ərsəyə gətirən "Xalq Əmanəti" layihəsinin bütün komandasına dərin təşəkkürümü bildirirəm".
Kitabın tərtibçisi Səlim Babullaoğlu: “Tərtib etdiyimiz kitabda vətən və yurd nisgilli, dil mücadiləsi ilə bağlı poetik mətnlər qırmızı xətlə keçir. Çünki güneyli şairlərimizin əksəriyyəti hansı mövzuda yazmağından asılı olmayaraq, daim Vətəni və dili önə çəkiblər. Qəribədir, dünyada bəlkə ikinci bir ədəbiyyat tapmaq mümkün deyil ki, həmin ədəbiyyatın təmsilçiləri dil varlığı uğrunda mübarizələrini təkcə o dildə yazmaqla deyil, həm də məzmunca bu qədər aydın ifadə edərək aparıblar”.
Həmid Herisçi və Sayman Aruzun nitqlərindəki həsrət, eləcə də gələcəkdəki vahid Azərbaycan ədəbiyyatı ilə bağlı böyük inam kitabın ümumi ruh və ovqatı ilə tam şəkildə üst-üstə düşürdü.
Təbii ki, bu məqamda bütün elmi yaradıcılıqlarını Güney Azərbaycanın ədəbiyyatı və publisistikasının tədqiqinə həsr edən tərtibçilər Esmira Fuad və Pərvanə Məmmədlini də unuda bilmərik. Onlar çıxışları zamanı kitabın (daha doğrusu, “xalça-kitab”ın) necə ərsəyə gəlməsindən, işin məsuliyyətli və qürurverici tərəflərindən də ürəklə danışdılar.
İlmələr üzərində üşüyən nəğmə...
Kitabı haradan açırsansa-aç, hansı şeirdən (oxu:ilmədən) tutursansa-tut, iki detalın həmən fərqinə vara biləcəksən: doğmalıq və həsrət. Xalça-kitabdakı hər şeir-ilmənin üzərində üşüməkdə olan nəğməni sezməmək olmur... Qürbət ağrısından yaranan bu şeirlərin üzərində həmin nəğmə soyuq şeh kimi görünür. Hətta gözümü o şeirlərdən ayıranda da həmin musiqi dayanmır. Güneyli şairlərin şeirləri ilə necə də ruh qardaşı imiş bu musiqi?! Özümdən xəbərsiz məndə səslənən bu musiqini Güney Azərbaycan yanğısı ilə dünyasını dəyişən mərhum Rübabə Muradova “Heydərbabaya salam”dan oxuyur... Daha doğrusu, mahnını böyük yanğı ilə bu kitabın arxa fonu kimi səsləndirir: “Bilməz idim ayrılıq var, ölüm var...”
Çıxışlar bitir, amma Təbriz xalçasını xatırladan nəfis kitabın içində qalıb, oradakı gəzintimizi davam etdiririk. Bir anlıq da olsa, ətrafdan təcrid olunub, elə buradakı ilmələrin, naxışların arasında gəzişmək nə qədər gözəl imiş. Bu naxışların, ilmələrin ab-havasından Təbriz qoxusu gəlir. Elə az öncə çıxış edən, böyük güneyli şair Əli Tudənin oğlu Natiq bəy də bu qoxuya necə də bənzəyirdi...
Kitabı örtürəm... Mərhum Rübabə Muradovanın yanğı ilə oxuduğu “Heydərbabaya salam” mahnısı hələ də qulaqlarımdadır. Göz gəzdirdiyim hər şeirin üzərində o nəğmə yaman çox üşüyürdü...
Elmin Nuri