Bizi sosial şəbəkələrdən izləyin:
Baş Prokurorluq sosial şəbəkə hesabında Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror İlyas İsmayılovla bağlı paylaşım edib.
Moderator.az xəbər verir ki, paylaşımda İlyas İsmayılovun doğum günü yad olunur və onun tərcümeyi-halı təqdim edilir:
"1985-1990-cı illərdə Azərbaycan SSR-in prokuroru çalışmış İlyas İsmayılovun doğum gününü ehtiramla anırıq.
İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1970-ci ildən prokurorluq orqanlarında fəaliyyətə başlayıb. 1985-1990-cı illərdə Azərbaycan SSR-in prokuroru vəzifəsini icra edib.
O, həmçinin Azərbaycan Respublikasının ədliyyə naziri, Milli Məclisin III və IV çağırış deputatı kimi mühüm dövlət vəzifələrində çalışıb. Uzun illər ərzində topladığı zəngin təcrübə və dərin biliklərini məsul vəzifələrdə çalışarkən yüksək təşkilatçılıq bacarığı ilə birləşdirib. Onun cinayətkarlığa qarşı mübarizə, hüquq və ədalətin bərqərar olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsindəki yorulmaz fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2023-cü il tarixli əmri ilə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
İlyas İsmayılov 2025-ci il fevralın 17-də Bakı şəhərində vəfat edib.
İctimai-siyasi və dövlət xadimi İlyas İsmayılovun xatirəsi prokurorluq orqanlarının əməkdaşları üçün hər zaman əziz olacaq..."