Tramp Kennedinin qətlinin “üstünü açdı” – İctimailləşdirilən sənədlər nəyi göstərir?
1090
20 Mar 2025 | 14:14

Tramp Kennedinin qətlinin “üstünü açdı” – İctimailləşdirilən sənədlər nəyi göstərir?

ABŞ prezidenti Donald Tramp 2024-cü il seçkisində xalqa verdiyi vədlərdən daha birini yerinə yetirib. O, 35-ci prezident Con Fitscerald Kennedinin qətli ilə bağlı sənədləri məxfilikdən çıxarıb.
 
Kəşfiyyat xidmətlərinə aid sənədlər də daxil olmaqla 80 min sənəd ictimaiyyətə açıqlanacaq. Məxfilikdən çıxarılan materialların ilk partiyası ABŞ Milli Arxivinin saytında peyda olub. 1960-cı illərdə ölkədəki siyasi vəziyyətlə bağlı yeni faktların üzə çıxması tarixçiləri sevindirib, sensasiya gözləyənləri isə narahat edib. Yayımlanan sənədlər Kennedinin öldürülməsi ilə bağlı çoxsaylı sui-qəsd nəzəriyyələrinin heç birini təsdiq etmir.
 
Bu yerdə yeni bir müəmma ortaya çıxır. Əgər bu sənədlər heç bir sensasional səciyyə daşımırdısa, bunu 62 il boyunca məxfi saxlamaq nəyə lazım idi?
 
51-6-2480.jpg (95 KB)
 
Bu, bir faktdır ki, 1963-cü il noyabrın 22-də baş verən qətl ABŞ tarixinin ən qalmaqallı və ən müəmmalı hadisəsidir. Kennedinin ömrünü yarıda kəsən sui-qəsd uzun illər boyunca bütöv bir nəzəriyyə dalğasına, mifə və xofa səbəb olub. Bu, qismən Kennedinin şəxsiyyəti ilə izah oluna bilər. Onunla bağlı çoxlu ümidlər olub. Kennedi ən gənc prezident, bu vəzifəni tutan ilk katolik idi, 1960-cı illərdə ölkədə və dünyada baş verən dəyişikliklər dövrünü təcəssüm etdirirdi.
 
Onun qısa çəkən prezidentliyi dövründə irqi ayrı-seçkiliyə son qoyulur, qara və ağ amerikalıların hüquqları bərabərləşdirilirdi. Karib dənizində başlanan raket böhranında SSRİ ilə müharibədən yayınmaq daha çox onun xidməti olub. Kommunist Kuba Amerikanın burnunun dibindəki düşmən olaraq qalsa da, Kennedi nüvə müharibəsindən yayınıb. Kennedinin hakimiyyətinin davam edəcəyi təqdirdə yəqin ki, ABŞ “Vyetnam bataqlığı”na da saplanmayacaqdı. O, zahirən amerikalıların adət etdiyi siyasətçi tipini deyil, Hollivud filmlərindəki personajı xatırladırdı. Kennedi bəlkə də mediada öz imicini şüurlu və məqsədyönlü şəkildə quran ilk Amerika prezidenti idi. Bu mənada onu müasir demokrat həmkarlarının deyil, Trampın sələfi hesab edirlər.
 
62 ildən sonra açıqlanmaqda olan sənədlərdən məlum olur ki, Kennedinin qətlində heç bir müəmma-filan yox imiş, hər şey, necə deyərlər, “şəffaf olub”: Dallas şəhərində prezidenti Li Harvi Osvald adlı şəxs snayper tüfəngi ilə vurub, qətli ertəsi günü Cek Rubi adlı barmen xüsusi mühafizə altında olan Osvaldı güllələyib, Rubinin özü isə türmədə ölüb.
 
cekkk.jpg (95 KB)
 
                                    Cek Rubi Osvaldı güllələyir - real kadr
 
Osvald prezidenti niyə güllələməliydi – bilinmir. Əhlikef barmen Osvaldı o qədər mühafizənin arasında necə və nəyə görə öldürməliydi – aydın deyil. Rubi özü nə üçün türmədə ölməliydi – şübhəlidir. Con Kennedinin baş prokuror olan qardaşı, bu qətlin üstünü açacağına and içmiş Robert Kennedinin 1968-ci ilin iyununda prezidentliyə namizədliyi elan etdiyi gün öldürülməsi də müəmmalıdır.
 
Yəni ortada sui-qəsd nəzəriyyəçilərinin yavan çörəyinə yağ-bal olacaq xeyli material var. Nəzəriyyələr nə tavandan götürülüb, nə yerdən qazılıb çıxarılıb. Osvaldın vaxtilə SSRİ-yə mühacirət etməsi, Minskdə yaşaması, rus qızı ilə evlənib ABŞ-yə qayıtması, ispan əsilli olması və bir çox başqa detallar onun bu qətlin izinin azdırılması üçün bilərəkdən seçilmiş “killer” olduğuna dəlalət edir.
 
Kennedinin qətlindən sonra xüsusi “versiya kirliliyi” yaradan dairələr şübhələri sovet DTK-sının, Kuba inqilabçılarının, ABŞ-nin hərbi sənaye kompleksinin, yerli mafiyanın üzərinə yönəldib, ortalığı tamamən qarışdırıblar.
 
tram-stun.jpg (24 KB)
 
Tramp özü 1991-ci ildə rejissor Oliver Stounun çəkdiyi “JFK” filminə baxdıqdan sonra Kennedinin qətli ilə maraqlanıb. Bu film cinayətin heç bir faktla təsdiqlənməyən versiyasından bəhs edən kino əsəridir. Film əsasən ufoloq və sui-qəsd nəzəriyyəçisi Ceyms Farrell Marsın kitabına əsaslanıbı. O zamandan bu məsələ ilə bağlı düşünən Tramp bu qətldə Amerika kəşfiyyat xidmətlərinin günahının olub-olmamasını yəqinləşdirmək üçün Kennedinin işi ilə bağlı bütün məlumatları ictimaiyyətə açıqlamaq qərarına gəlib.
 
Məxfilikdən çıxarılan fayllar əsasən MKİ-nın fəaliyyətinə aiddir. Onların arasında Kennedinin köməkçisi olmuş kiçik Artur Şlesinqerin 1961-ci ilin yayında prezidentə göndərdiyi və tarixçilərin çoxdan marağına səbəb olan memorandumun tam mətni var. O, MKİ-nı Kubadakı hərəkətlərinə görə sərt şəkildə tənqid edib. Sənəd çoxdan məlum olanı təsdiqləyir: Kennedi və onun çevrəsi vaxtaşırı olaraq Amerika kəşfiyyat orqanları ilə çətin münasibətlərə malik olub. Amma onun qətlinin arxasında onların dayandığına dair heç bir təsdiq yoxdur.
 
Elədirsə, bəs Tramp birinci prezidentliyi dövründə bu işlə bağlı sənədləri açmaq istərkən MKİ onu nəyə görə hədələdi və Tramp o zaman niyə geri çəkildi?
 
mkkki.jpg (55 KB)
 
 
Məxfilikdən çıxarılan sənəddə SSRİ-nin də adı çəkilir. Xüsusilə, SSRİ-nin Meksikadakı səfirliyində gizli işləyən DTK zabiti Valeri Kostikovun MKİ-nin müşahidəsi ilə bağlı məlumatlar maraq doğurur. Osvald Kennedinin öldürülməsindən iki ay əvvəl Meksikaya gedib. MKİ-nin hesabatında bildirilir ki, o, yenidən “SSRİ-yə qayıtmağa imkan verən viza almaq” niyyətində olub. Kostikov konsulluğun əməkdaşı olduğu üçün onun sorğusuna baxıb. MKİ rəsmiləri yazıb: “Bizim bu iki şəxsin Osvaldın viza sorğusunu müzakirə etməkdən başqa məqsədlə əlaqə saxladığını göstərən heç bir məlumatımız yoxdur”. Eyni zamanda, onlar Kostikovun özünü "Meksikadakı kəşfiyyatçıların ən təsirli və təhlükəlisi" kimi xarakterizə edirlər. Kostikov əxlaqı, təhsili və mədəni davranışı olmayan birİ kimi təsvir olunur.
 
SSRİ-nin Mexikodakı səfirliyində gizli xidmət edən və orada Osvaldla şəxsən əlaqə saxlayan keçmiş DTK zabiti Oleq Neçiporenkonun kitabı Kostikovun gələcək qatillə görüşündən bəhs edir. "Osvald çox həyəcanlandı və FTB-nin sözünü eşidəndə qəflətən isterikaya düşdü, ağlamağa başladı və göz yaşları arasında dedi: "Qorxuram ... məni öldürərlər ... içəri buraxın".
 
O, təqib edildiyini , hətta Meksikada da izləndiyini təkrar edərək, sağ əlini pencəyinin sol tərəfinin arxasına qoyub, tapança çıxarıb və deyib: “Budur, özümü müdafiə etmək üçün silah daşıyıram”. Bundan sonra o, silahını masanın üstünə qoyub. Çaşmış DTK zabiti ehtiyatla revolveri götürüb, patronları çıxarıb, boşaldılmış silahı Osvalda verib və bu qəribə qonağı tez bir zamanda konsulluqdan çıxarmağa çalışıb.
 
Beləliklə, Tramp vədini yerinə yetirib Kennedinin qətli ilə bağlı sənədləri ictimailəşdirib, ancaq açıqlanan sənədlər 20-ci əsrin ən müəmmalı qətlini bir az laübalı edir. Görünür, hər halda açıqlanmayan sənədlər də var. /Musavat.com/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər