"Azərbaycanla Ermənistan arasında sülh mətninin razılaşdırılması mühüm nəticədir. Tərəflər arasında bu istiqamətdə uzun müddətdir danışıqlar gedirdi. Sözsüz ki, sülhlə bağlı rəsmi Bakının haqlı tələbləri var. Amma rəsmi İrəvan bu tələbləri icra etməkdə həvəsli görünmür. Ona görə də yekun sülh sazişi layihəsinin qısa zamanda imzalanması ehtimalı azdır".
Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova sülh prosesininin hazırkı vəziyyətini şərh edərkən deyib.
Onun fikirincə, 5 illik sülh danışıqları ətrafında aparılan müzakirələrin nəticəsində Ermənistan rəhbərliyi ritorikasını dəyişməyə məcbur olub: “Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyəyə ilə bağlı bəyanatları buna misaldır. Amma iş heç də bəyanatlarla bitmir. Əsas nəticə regionda Ermənistanın iddialarının birdəfəlik aradan qaldırılmasından sonra əldə ediləcək. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəalar mövcuddur. Bunlara birdəfəlik son qoyulmalıdır”.

Politoloq, həmçinin Paşinyanın Türkiyə mediasına müsahibəsində konstitusiya dəyişikliyi və qondarma soyqırımla bağlı məsələlərə dair açıqlamlarına toxunub: “Görünən odur ki, ermənilərə təlqin edilmiş “ideologiya”nın dəyişməsi ehtimalı azdır. Məqsəd regionda Ermənistan vasitəsi ilə Azərbaycana və Türkiyəyə qarşı mümkün qədər təhdidlər yaratmaqdır. Bu məqsədlə erməni lobbisinin əli ilə İrəvana açıq təzyiqlər edilir. Hazırda Ermənistana göndərilən silahlar da bu prosesin tərkib hissəsidir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli sülh mətnindən kənarda razılaşdırılmayan məqamlara diqqət çəkib.
O qeyd edib ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çəxarılması, ATƏT-in Minsk Qrupundan imtina kimi vacib şərtləri erməni tərəfi qəbul etmək istəmir: “Ona görə də sülh müqaviləsinin yaxın zamanlarda imzalanması ehtimalı azdır. Sözsüz ki, sülh mətni üzərindəki razılaşma bütün məsələlərin həlli demək deyil”.
Onun fikrincə, rəsmi İrəvanın sülhlə bağlı tələskənliyi fərqli amillərlə bağlıdır: “Regionda yeni geosiyasi tendensiyalar yaranır. ABŞ-dəki prezident dəyişikliyi Cənubi Qafqazdakı proseslərə də təsir edir. Erməni tərəfi düşünür ki, Azərbaycanla problemləri həll etməməsi onun üçün ciddi təhdidlər yarada bilər. Hərbi balansın Bakının xeyrinə olduğu dövrdə istənilən hərbi münaqişə Ermənistan üçün fəlakətə bərabərdir”.
Ekspertin fikrincə, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etməlidir: "Bu 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb. Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunmalıdır. Rəsmi İrəvan indiyə qədər bu istiqamətdə praktiki addımlar atmayıb. Bölgədə qalıcı sülh naminə digər kompanentlərin də həlli vacibdir”.