Bizi sosial şəbəkələrdən izləyin:
Bakı metropoliteninin əsas muzey eksponatları olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş olunur.
"Bakı Metropoliteni" QSC -dən Moderator.az-a verilən məlumata görə sərnişinlər 19-22 mart tarixlərində saat 10:00-dan 22:00-a qədər retro vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər. Stansiyada nümayiş olunan “A” tipli vaqon 1934-cü ilin istehsalıdır. Bu vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımayıb. Orijinal görkəmi bərpa olunmaqla, dizaynı, xüsusi idarəetmə panelli maşinist kabinası, çilçıraqlı işıqlanması və yumşaq oturacaqları ilə diqqəti çəkir.
Digər eksponat ümumi sərnişin tutumu 264 nəfər, oturacaq sayı isə 52 olan, 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonudur. Bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırıldığı üçün Bakıda sərnişindaşımada istifadə olunmayıb. Hər iki vaqon 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə edilib. Sonradan bu vaqonlar Bakı metropoliteninin diaqnostika kompleksində orijinal görkəminə uyğun bərpa olunub.

“E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bu tipli vaqonlar Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərində istifadəyə verilib. Bakıya, ümumilikdə 47 ədəd “E” tipli vaqon gətirilib. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb. Bu vaqonlarda da sərnişin tutumu 264, oturacaq sayı isə 40-dır. “E” tipli vaqonun “Ej” modelindən formalaşdırılan son qatar 2009-cu ildən Bakı metropoliteni xətlərindən çıxarılıb.