Azərbaycan Könüllülərinin “Könüllü Baharı” yaz düşərgəsi baş tutub - FOTOLAR
432
12:45, Bu gün

Azərbaycan Könüllülərinin “Könüllü Baharı” yaz düşərgəsi baş tutub - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi , Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində “Könüllü Baharı” Azərbaycan Könüllülərinin yaz düşərgəsi həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, düşərgədə müxtəlif könüllü təşkilatlarını əhatə edən ümumilikdə 150 nəfər Azərbaycan könüllüsü iştirak edib. 14-18 mart tarixlərini əhatə edən düşərgənin məqsədi könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsimizin və zəngin tariximizin aşılanması, eyni zamanda, şəxsi inkişafın və sağlam həyat tərzinin təşviqindən ibarətdir.
 
Düşərgədən əvvəl Quba rayonuna çatan könüllülərimiz tərəfindən Ulu Öndərin abidəsi ziyarət edilib.
 
Sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.
 
Dörd gün davam edən düşərgə müddətində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, komanda oyunları, intellektual oyunlar və vörkşoplar baş tutub.
 
Novruz bayramı abu-havalı düşərgədə tonqal ətrafında Novruz şousu baş tutub. Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “İstedadSƏN!” yarışı keçirilib.
 
“Könüllü Baharı” yaz düşərgəsi Azərbaycan Könüllülərinin bilik və bacarıqlarını artırmaq, onların sosial aktivliyini yüksəltmək və şəbəkələşməsini gücləndirmək baxımından mühüm rol oynayıb. Novruz ənənələrinin yaşadılması və gənclər arasında təbliği Azərbaycan Könüllülərinin milli-mənəvi dəyərlərə verdiyi önəmin bir daha göstəricisi olub.
Link kopyalandı!
Son xəbərlər