Folklorşünas:
480
18 Mar 2025 | 18:22

Folklorşünas: "Çərşənbələri ya özümüz sonradan Novruza əlavə etmişik, ya da haradansa keçib"

"Çərşənbələri ya biz özümüz sonradan Novruza əlavə etmişik, ya da haradansa bizə keçib".
 
Moderator.az xəbər verir ki, bu fikirləri AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayatın APA-ya müsahibəsi zamanı deyib.
 
- İlk olaraq Novruz bayramının tarixindən başlayaq. Bəzi mənbələrdə Novruzun "Ərgənəkon"dan, bəzilərində Zərdüştlükdən miras qaldığını deyirlər, eyni zamanda, Novruzun İran, Mesopotamiya ərazisində yaşamış xalqlardan bizə keçdiyi iddia edilir. Bəs siz necə düşünürsünüz?
 
- Novruz Azərbaycana heç yerdən gəlməyib. Novruz Azərbaycanın öz bayramıdır. Bir çox dünya xalqları, o cümlədən Azərbaycan türkləri ilin bəlli günlərini bayram kimi qeyd edirlər. Payızda, qışda və yazda dünya xalqları yaşadıqları coğrafiyaya, təsərrüfat sisteminə, ailə-məişət məsələlərinə, etnik və psixoloji nüanslara uyğun sıralayaraq Novruzu bayram kimi keçiriblər. Məsələn, soyuq iqlim şəraitində, şimalda yaşayan xalqlar bu bayramı qışda keçiriblər, köçəri maldarlar, xüsusən də, türklər bu bayramı ilk baharda keçiriblər. Türklər bu bayramı "Yengi gün" adı ilə keçiriblər. Sonralar fəsillərin dəyişməsi, gecə-gündüzün bərabərləşməsi ilə əlaqədar olaraq bu bayram martın 21-22-nə keçib.
 
 
Qədim türklər bu bayrama həm də "döl bayramı" deyiblər. Maldarlıqla məşğul olduqları üçün qoyun və inəklərin balaya qalması onlar üçün böyük, mühüm hadisə idi və bu dövrü bayram kimi qeyd edirdilər. Bu bayramın tarixi dəqiq hansı dövrdən başlayır? Bunu demək mümkün deyil. Hansısa xalqın keçirdiyi bir bayramın, yaxud hansısa nağılın, əfsanənin tarixini dəqiq hesablamaq mümkün deyil. İsti ölkələrdə yaşayan xalqlar, məsələn, ərəblər, Mesopotamiya ərazisində yaşayan şumerlər, akkadlar, assurlar və digərlərində bu bayramın olması mümkün deyildi. Çünki isti ölkələrdə qış və yaz olmur, fəsillərin bir-birini əvəzləməsi müşahidə edilmir. Ərəblər bu gün bu bayramdan xəbərdardırlar, qeyd edirlərsə, bunun səbəbi müsəlmanlığın yayılması, ərəblərin türklərlə kontaktıdır. Məsələn, bir dini rəvayətə görə, Məhəmməd peyğəmbərə Novruz günü bişirilən səməni halvası - yeri gəlmişkən, Mərkəzi Asiyada buna sümələk halvası deyirlər - pay aparıblar. Peyğəmbər bu payın nə münasibətlə təqdim edildiyini soruşub. Deyiblər ki, bu gün Novruz bayramıdır. Peyğəmbər də deyib ki, bu, çox gözəl ənənədir.
 
Adətə görə, bayram günü imkanı olan şəxslər qazan asır, süfrə açır, nemətləri kasıblarla bölüşür, insanlar bir araya gəlir, ünsiyyət qurur, mehribanlaşırlar.
 
Bu bayramı, dediyim kimi, ərəblər qeyd etməyiblər. Bu bayramı bizimlə eyni qandan gələn yakutlar qeyd ediblər, amma onlar da adına "Israk" deyirlər. Onlar bu bayramı qısraqdan, yəni yeni doğmuş atdan alınan ilk südü torpağa çiləməklə qeyd edirdilər və bunun bolluq-bərəkət gətirəcəyinə inanırdılar. Özü də may ayında qeyd edirlər. Çünki onlarda havanın isinməsi, təbiətin canlanması martda yox, mayda başlayır.
 
Qısacası, bu bayramın qeyd edildiyi tarix birbaşa coğrafiya və iqlim şərtləri ilə əlaqəlidir. Novruz bayramı Qafqaz, Azərbaycan ərazisində isə fəslin dəyişməsi və gecə ilə gündüzün eyniləşdiyi tarixlərdə - 21-22 martda qeyd edilir.
 
- Ermənilərdə Pasxanın 68-ci gününə təsadüf edən Surb Sarqis bayramı var. Bayramın personajı keşişdir. "Aşıq Qərib" dastanında da ona kömək edənin həmin keşiş olduğunu iddia edirlər. Bizdə isə həmin dastanda Aşıq Qəribə kömək edən Xıdır İlyasdır. Sizcə, buradakı motiv oxşarlığı təsadüfidir? Üstəlik bizdə də həmin ərəfələrdə Xızır Nəbi bayramı keçirilir. Ermənilər nə vaxtsa bu bayramın onların olduğunu iddia edə bilər?
 
- Bayram onu kim keçirirsə, onundur. Yalnız qəlbi dar xalqlar, mədəni səviyyəsi aşağı olan, düşüncə sistemi zəif olan xalqlar hansısa bayram üstündə mübahisə edə bilərlər. Bayramın mənşəyinin bir əhəmiyyəti yoxdur. Hansısa xalq bir bayramı qeyd edirsə, deməli, bu bayram onundur. Məsələn, biz martın 30-da Ramazan bayramını qeyd edəcəyik. Ramazan mənşə etibarilə ərəblərdən gəlir.
 
 
Sualınıza gəldikdə isə, Xızır obrazı Qurani-Kərimdə adı keçməyən övliyadır. Quranda 28 şəxsin adı keçir, bunlardan 27-si peyğəmbərdir. Bir nəfər loğmanın da adı keçir ki, biz onun peyğəmbər və ya övliya olduğunu bilmirik. Qurani-Kərimdə Musa ilə bağlı əhvalatların birində Xıdır İlyasın Allahın peyğəmbərindən daha dərin, daha bilgili olduğunu deyən bir qissə var. Musa peyğəmbərə sual verirlər ki, dünyanın ən bilgili insanı kimdir? Musa cavab verir ki, əlbəttə mənəm. Axı mən Allahın peyğəmbəriyəm. Bu, Allaha acıq gəlir. Deyir ki, filan yerdə bir nəfər var, o səndən bilgilidir. Musa peyğəmbər bu əhvalatı öz əshabələrinə danışanda həmin nişan verilən şəxsin adını Xızır kimi çəkir. Xızır Musaya dərs verən, Musanı öyrədən, xocalar xocası hesab edilir.
 
Biz Xızır İlyas - Xıdır Nəbi də deyirik - bayramını fevralda qeyd edirik, Anadolu türkləri isə may ayında qeyd edirlər. Yəni, Novruzdan sonra. Dünya xalqları bir-birindən müəyyən bayramları götürə bilər. Bu, çox normaldır. Novruz bayramı Mərkəzi Asiya türkləri üçün bir karnavaldır. Bayramın ritualları bayrama ciddiyyət qatmaq, hadisəyə çevirmək, bayramı zənginləşdirmək, simvollaşdırmaq funksiyası daşıyır. Dünyanı idarə edən simvollardır. Azərbaycan türkləri, təəssüf ki, simvollara çox diqqət etməyiblər.
 
- Novruz bayramının da simvolları var...
 
- Əlbəttə. Paxlava, şəkərbura... Biri Günəşin, biri Ayın simvoludur. Novruzun simvolları çoxdur. Bu simvollardan biri bərabərlik, biri istilik, həmrəylik, qardaşlıq, biri ölüb-yenidən dirilmə, biri əbədilikdir. Novruz bizim karnaval bayramımızdır. Burada da maskalar var. Məsələn, Kosanın, Keçəlin maskalı olması özü elə bu bayramın mahiyyətcə karnaval olmasından xəbər verir.
 
- Bəzi bölgələrdə Keçəl, Kosadan başqa da maskalı personajlar var...
 
- Bəli. Masallı və bir də Qazax zonasında Şəbədə deyilən bir mərasim var. Bəziləri bunu Novruz bayramı günü, bəziləri isə İlaxır çərşənbədə təşkil edirlər. Kişilər qadın paltarı geyinir, qiyafə dəyişir, üzlərini boyayırlar. Bu, həm əyləncə, oyun xarakteri daşıyır, digər tərəfdən də bir mesaj verir. Kişilərin bu mərasimlərdə maskalanıb, qadın paltarı geyinməsi, əslində, qədim türklərin o vaxtlar gender probleminə diqqət çəkmək məqsədi daşıyıb.
 
 
- Keçəl, Kosa, Bahar qızı kimi personajların SSRİ dövründə Şixəli Qurbanov tərəfindən Novruzu yaşatmaq üçün bayrama əlavə edilmiş atributlar olduğunu deyirlər. Bu barədə nə fikirləşirsiniz?
 
- Xeyr, Keçəl, Kosa personajları Şixəli Qurbanovgildən çox öncələr də bu bayramın atributları olublar. Masallı rayonunda bayram günləri uşaqlar toplu şəkildə "Novruziyyə" deyilən mahnı oxuyur, küçə-küçə gəzib evlərdən bayram payı yığırdılar. Uşaqlardan biri Keçəl, biri Kosa qiyafəsində olurdu. Söhbət İkinci Dünya müharibəsinə qədər olan dövrdən gedir. İkinci Dünya müharibəsindən sonra bu adət unuduldu. Bahar qızı rusların Qar qızına alternativ olaraq yeni bir element kimi bayrama əlavə edilmiş ola bilər. Buna müqavimət göstərmək olmaz. Bu gün Qazax, Şəmkir, Borçalıda gənclər üzlərinə avropasayağı, qorxulu maskalar keçirib şənlənirlər. Bunu qınamaqla nəyəsə nail ola bilməyəcəyik, onlar onsuz da istədikləri kimi şənlənəcəklər. "Bu, bizim adət deyil, bu, Avropadan gəlib" deyib müqavimət göstərmək mənasızdır. Məsələn, "Telefon gavur icadıdır" deyib bu gün telefondan imtina edib köhnə qaydaya - məktubla ünsiyyətə qayıda bilərikmi? Bəzi yeniliklərə boyun əyməliyik. Bu maskalar Azərbaycan mentalitetinə uyğun deyil, amma biz bayramda belə qəribə maskalar taxıb şənləndikləri üçün o gəncləri cəzalandırmalıyıq? Gənc əyləncəni bu cür görür, bu cür şənlənirsə, yaşlı nəsil ən yaxşı halda bunu qəbul etməyə bilər. Amma buna qarşı təbliğat aparmaq, bu gəncləri tənqid etmək lazım deyil. Zaman, texnoloji inkişaf "dədə-baba qaydası"nı dəyişir. Bu dəyişikliyə ayaq uydurmayan hər şey məhv olmağa məhkumdur.
 
- Mifologiyada deyilir ki, yaradan suyla torpağı qarışdırdı, odda bişirdi, ona nəfəs üfürüb insan yaratdı. Çərşənbələr də dörd element - hava, od, su və torpağın adıyla bağlıdır. Bəs çərşənbələrin sıralanmasında niyə miflərdəki insanın yaradılma ardıcıllığı gözlənilmir?
 
- Çərşənbə məsələsi bir az mürəkkəbdir. Çərşənbəni bir Azərbaycan türkləri, bir də İran coğrafiyasında yaşayanlar, farslar və Güney azərbaycanlılar qeyd edirlər. Xəzərin o biri üzündə, Mərkəzi Asiyada yaşayanlarda "çərşənbə" anlayışı yoxdur. Bu da o deməkdir ki, çərşənbələri ya biz özümüz sonradan Novruza əlavə etmişik, ya da haradansa bizə keçib.
 
Çərşənbələrin bu sonuncu mövcud sıralamasını isə bir alim təklif etmişdi. Axırıncı sıralamaya görə birinci su, sonra od, sonra yel, axırıncı - ilaxır çərşənbə isə torpaq çərşənbəsidir. El arasında isə bu çərşənbələrin adları tamam fərqlidir. Hətta bəzi yerlərdə yeddi çərşənbə qeyd edilir. Bu da onu göstərir ki, çərşənbələrin nə adı, nə də sıralaması ilə bağlı Azərbaycanda bir fikir birliyi var. Farslar da çərşənbələri çox coşqulu qeyd edirlər. Bu, onu deməyə əsas verir ki, böyük ehtimalla, çərşənbələr bizə məhz farslardan keçib.
 
Mən uşaq olanda biz tərəfdə çərşənbələrin dördü də keçirilmirdi. Amma Boz ayın girişi ilə bayram hazırlıqları başlayırdı. Bulaqdan su gətirib həyət-bacaya səpirdilər, havalar isinən kimi, Günəş görünən kimi, evdəki xalça-palaz çıxarılıb günə verilirdi. Təmizlik işləri başlayırdı. Uşaqlar yumurta döyüşdürür, ağacın ucuna əski bağlayaraq lopa düzəldir, yandırıb havaya atır, əylənirdilər. Yəni bütün bunlar çərşənbələrdə yox, Boz ayın girişindən Novruz bayramı gününə qədər edilirdi. Amma İlaxır çərşənbə böyük coşqu ilə qeyd edilirdi. İlaxır çərşənbədə nə arzulansa, Tanrının verəcəyinə inanılırdı. İlaxır çərşənbədə canlı və cansız hər şeyin Allaha səcdəyə durduğuna inanırdılar. Bu, həqiqətən də belədirmi? Bunun reallıq olması kimsəyə maraqlı deyil. Bu, bir inancdır. İnsanlar bayrama müqəddəslik qatmaq üçün belə inanclar yaradıblar. Güney Azərbaycanda da çərşənbələr böyük coşqu ilə qeyd edilir.
 
- Güneylilər Çillə gecəsini də bayram kimi qeyd edirlər, deyəsən, Arazın bu tayın çox az bölgədə bu ənənə qalıb.
 
- "Çillə" "çilə" sözündən gəlir. Çilənin mənası əzab, yük, ağırlıq deməkdir. Çillə gecəsi isə bütün yüklərdən, ağırlıqdan arınıb, təzə ilə keçmək deməkdir. Azərbaycanın bütün bölgələrində Çillə gecəsi anlayışı var, amma bəzi yerlərdə xüsusi adətləri var. Məsələn, Naxçıvanda Çillə gecəsində "Şah bəzəmə" adəti var. Qazax tərəfdə "Dan atmaq", Cənub zonasında "Şəbədə" geniş yayılıb. Zonalara, yaşayış tərzinə görə adətlər də dəyişir.
 
 
Çillə gecəsi Güney Azərbaycanda daha coşqu ilə qeyd edilir. Bu, bir az da onların özlərini, tarixlərini, adət-ənənələrini qoruyub-saxlamaq cəhdləriylə bağlıdır.
 
- Folklor İnstitutu Güney Azərbaycan, oranın adət-ənənələri ilə bağlı araşdırmalar apara bilirmi?
 
- Biz gedib orada araşdırmalar apara bilmirik. İran buna heç vaxt icazə verməz. Güneylilər adət-ənənələrini qoruyub saxlamağa çalışırlar, bayram ənənələrinə də bizdən daha çox əməl edirlər. Bu, özü elə bir müqavimət, mübarizədir.
 
Güneylilər özləri orada folklor materiallarını, adət-ənənələri toplayıb bura göndərə bilirlər. Folklor İnstitutunda bununla məşğul olan ayrıca şöbə var. Bizə kasetlər göndərirlər. Siyasi baxımdan Güneylə əlaqələr zəif olsa da, ədəbi və folklor əlaqələrimiz var.
 
- Deyirlər ki, İslamın bir xurafat tərəfi, bir də özü var. Bəs Novruzun xurafat tərəfi varmı?
 
- Əgər falabaxmaları nəzərdə tutursunuzsa, bu xurafat deyil. On min illər ərzində biz Yer üzündə bu bayramı keçirmişik və bayramda fala baxmışıqsa, İslam dinini qəbul edəndən sonra dində fala baxmaq xoş qarşılanmır deyə, bayramdan bu ənənəni çıxartmalıyıq? Hər xalq qəbul etdiyi dini öz yaşam tərzinə, mədəniyyətinə uyğunlaşdırır. Heç kəs yaşamından minillik adət-ənənəni dinə görə dəyişə bilməz. İslam dini bizə "Toy adətlərini dəyiş, toyu ərəblər kimi et" deyə bilərmi?
 
 
İslam dini deyir: "Verən də Allahdır, alan da". Yəni, ondan gəlmişik, ona da dönəcəyik. Bu fəlsəfəni qavrayan biri ölümə üzülməlidirmi? Amma biz yasda üz-gözümüzü cırıb, yas saxlayırıq, üzülürük. İslam dini bunu bizim şüurumuzdan çıxara bilməz. Bunlar İslama tərs düşmür. İslam deyir ki, müsəlmanın qəbri torpağa qarışmalıdır. Amma biz qəbrin üstündə abidə tikirik. Bu, bizi dindən çıxarırmı? Biz müsəlmanlığı öz qavradığımız şəkildə yaşayırıq və bu, çox normaldır. Dinin əsas fəlsəfəsinə tərs düşmədikcə, heç bir problem yoxdur.
 
İslamın biri içi, bir də dışı var. İslamın içi təriqət, dışı isə şəriətdir. Onda deyək ki, Novruzun da bir içi, bir çölü, bir də xurafatı var? Bunu deyən adam bir neçə şeyi bir-biri ilə qarışdırır: dinlə xurafatı, dinlə milli bayramı. Həmin şəxs milli adət-ənənəni qəbul etmir və bizi ərəbləşdirməyə çalışır.
 
Qafqaz müsəlmanları, Balkan müsəlmanları, Mərkəzi Asiya və Anadolu müsəlmanlarını ərəbləşdirməyə çalışdılar. Amma bu, bir nəticə vermədi. İslam deyir ki, müqəddəs yerlərə, ağaclara, pirlərə, ziyarətgahlara gedib arzu diləyib, nəzir verməyin. Dinə ziddir. Amma insanlar bundan əl çəkirmi? Din deyir ki, Allah deyib araya heç kimi qatma, şərik qoşma, istədiyini məndən istə. Amma insanlar müqəddəs hesab etdikləri yerləri vasitə kimi görürsə, burada heç bir problem yoxdur və bu, səni dindən, müsəlmanlıqdan çıxartmır.
 
Novruzda fala baxmağı, qapı pusmağı xurafat hesab edənlər milli adət-ənənələrdən xəbərsiz adamlardır. Novruzdan su falını, qapı pusmağı, şal atmağı, yumurta döyüşməyi və s. çıxartsaq, yerdə nə qalacaq?!
 
 
- İslamdan danışdıq, bəzi bölgələrdə Novruz bayramını Həzrəti Əlinin taxta çıxmasıyla da bağlayırlar...
 
- Novruzun antologiya tərəfindən başqa bir də bənzətmə tərəfi var. Məsələn, farslar deyirlər ki, Cəmşid Azərbaycana girəndə "Nov ruz" deyib, yəni "bu gün yeni gündür", yaxud Novruzu Yunusun balığın qarnından çıxdığı günlə bağlayanlar da var. Eynilə də, Həzrəti Əlinin taxta çıxması ilə bağlayanlar da var. Bunlar hamısı bənzətmələrdir. Bənzətmələr Novruzu daha da gücləndirir.
 
- Nə vaxtsa Novruz bayramının da unudulub, lokal xarakter alması mümkündür?
 
- Elm və texnologiyanın inkişafı insanı fərdiləşdirir, bayram isə insanları sosiallaşdırır, bir araya gətirir. Bu gün insanların həm də kifayət qədər sosial problemləri, sıxıntıları var. Bu gün radio və televiziyalar bayramı canlı tutmaq üçün çalışır, cəhd edirlər. Çalışırlar ki, xalq bayramı, adət-ənənələri unutmasın. Düzdür, hər dəfə efirlərdə demək olar ki, eyni adamlar, eyni şeyləri danışır, amma bu özü də yaxşı haldır, təkrar - unudulmağa qoymur. Təkrar - yaddaşı diri saxlayan mexanizmdir.
 
 
Bu cəhətdən TV-lərin bu cəhdini dəyərləndirmək lazımdır. Amma xalq özü bayramı diri saxlamağa çalışmırsa, bu, artıq TV-lərin günahı deyil. Bu, cəmiyyətin günahıdır. Novruz bizim milli bayramımızdır. İnsanlar hələ ki bu bayramı yaşadır. Ən azı, axırıncı çərşənbədə, bayram günündə bayramı qeyd etməyə çalışır. Novruz bayramı bir gün tarixə qovuşacaqsa, bu tarixin yox, xalqın günahı olacaq.
 
Link kopyalandı!
Son xəbərlər