Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi ənənəsinə və dəyərlərinə sadiq qalaraq, bu il də Novruz bayramı ərəfəsində İlaxır Çərşənbə gününü Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə bir yerdə qeyd edib.
Moderator.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov müəssisənin qocaman sakinlərini bayram münasibətilə təbrik edərək, onlara sağlamlıq və uzun ömür arzulayıb. O, yaşlı nəslə sevgi və qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu bildirərək, UNEC-in hər zaman bu kimi sosial məsuliyyət layihələrinə dəstək olmağa davam edəcəyini deyib.
Görüşdə müəssisənin ağbirçək sakini Zəminə Cəbrayılova müəllifi olduğu və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çap olunmuş “Çin olan yuxum” adlı şeirlər kitabını Ədalət Muradova hədiyyə edib.
Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr ahıllar qarşısında şən musiqilər ifa ediblər, şeir parçaları səsləndiriblər, eyni zamanda onlarla birlikdə rəqs edərək, ahıl sakinlərə sevinc bəxş ediblər. Müəssisənin sakinləri söylədikləri şeirlərlə dinləyənlərin qəlbini duyğulandırıblar.
UNEC kollektivinin ağbirçək və ağsaqqallarla görüşü hər kəsə xoş və unudulmaz anlar yaşadıb.