Sovet İttifaqı dağılandan sonra İran İslam Respublikası ABŞ-nin başlıca hədəfinə çevrilib. Elə Tehran hakimiyyəti də “ABŞ-yə ölüm!”, “İsrailə ölüm!” şüarları ilə ona qarşılıq verir.
Bu baxımdan, onlar arasında sosial, siyasi, iqtisadi, hərbi və s. istiqamətdə mübarizə 46 ilə yaxındır davam edir. 1979-cu il noyabrın 4-də ayətullah Xomeyninin, "İmam yolu"nun tərəfdarları ABŞ-nin İrandakı səfirliyinə hücum edərək missiyanın 53 əməkdaşının 444 gün, 1981-ci il yanvarın 20-dək girov saxlanılması ilə tərəflər arasında ziddiyyətin bünövrəsi qoyulub. Sonrakı illərdə Vaşinqton və Tehran dünyanın müxtəlif bölgələrində bir-birinin fəaliyyətini izləyib, yeri gəldikcə mənafelərinə zərbələr endiriblər.
ABŞ ilə İslam Respublikası arasında münaqişə Yaxın Şərqdə ən açıq və iddialı şəkildə görünür.
2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza zolağında HƏMAS qruplaşmasının İsrailə hücumu zamanı ABŞ-İran qarşıdurması aydın görünürdü.
İran Livanda “Hizbullah”, Suriyada Bəşşar Əsəd rejimi vasitəsi ilə bu ölkənin ərazisindən HƏMAS-a dəstək verirdi. Onda “Hizbullah”ın sonralar Beyrutda İsrailin hava zərbələri nəticəsində bunkerdə ölmüş lideri Həsən Nəsrullah da İsrailə qarşı müharibəyə qoşulduqlarını bəyan etmişdi. Onun ardınca Yəməndə iranyönümlü husi qiyamçılar da İsraillə müharibə aparacaqlarını bildirdi.
HƏMAS, “Hizbullah”, Bəşar Əsədin bir-birinin ardınca çökməsi İranın regiona təsirini azaldıb. Deməli, bu savaşda ABŞ Tehran hakimiyyətini həmin cəbhədə məğlubiyyətə uğradıb.
Bu hadisələr Cozef Baydeninin prezidentliyi dönəmində baş versə də, həmin vaxt Donald Tramp seçilmiş prezident statusunda idi. Beynəlxalq səviyyədə nüfuzunun sələfindən daha çox olmasına, habelə prezidentliyinin birinci dövründə regionda hərbiləşməyə diqqət artırdığı üçün ABŞ-İsrail cütlüyünün bu uğurunda onun da payı olduğu bildirilirdi.
Donald Trampın İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə məktubu ilə ölkələr arasında gərginliyin azalacağına, eləcə də bunun regional problemlərin həllinə təsir göstərəcəyinə ümidlər az da olsa var idi.
Tramp İslam Respublikası liderinə ismarışında bildirmişdi: “Seçim sizindir: İran xalqına firavanlıq gətirəcək sülh, yoxsa dağıntı gətirəcək qarşıdurma. Amerika həmişə danışıqlara hazırdır, amma bunu etməsəniz, tarix heç vaxt səhvlərinizi bağışlamayacaq”.
Məktubdan əvvəl isə o, jurnalistlərə “İranla bağlı tezliklə nə isə olacaq, bunu eşidəcəksiniz. Biz bu ölkə ilə bağlı son ana gəlmişik” açıqlamasını vermişdi.
Elə zənn edilirdi ki, Xamənei ABŞ liderinin məktubunu müsbət qarşılayacaq və ona şəraitə uyğun cavab verəcək. Ancaq bu, hələ də baş verməyib.
Cavabın yerinə İranın proksi qüvvələri Qəzza, Livan və Yəməndə fəallaşıb. Ötən gün HƏMAS girov və əsrilərin dəyişdirilməsi ilə bağlı razılaşmanı pozduğu üçün İsrail mövqelərinə havadan zərbə endirib.
Yeri gəlmişkən, fevralın 11-də Donald Tramp bu ayın 15-i saat 12-dək israilli girovların hamısının azad edilməsi tələbi ilə HƏMAS-a ultimatum vermişdi. Ancaq bu tələb reallaşmasa da, girov və əsirlərin mübadiləsi prosesi bərpa olunmuşdu.
Onda Tramp tələbinə əməl edilməyəcəyi halda HƏMAS-a “cəhənnəm” vəd etmişdi.
Son günlər “Hizbullah” və Əsəd rejimi qalıqlarının Suriyada hərbçilərə hücumu, qiyamı İranın ABŞ-yə qarşı mübarizəsinin davamı kimi də dəyərləndirilə bilər. Tehran həmin qüvvələr məğlub olduqdan sonra onlarla əlaqələrinin olduğunu rədd edirdi. Son hadisələr bu iddianın isbatı kimi də sayıla bilər. Yəni, İranın iştirakı olmadan da “Hizbullah” əməliyyat keçirər.
HƏMAS və Livandakı iranyönümlü qruplaşmanın fəaliyyətini husilərə dəstək aksiyası da saymaq olar.
Çünki bir müddət öncə qiyamçılar İsrailə hücuma keçəcəklərini bəyan etmişdi.
Martın 17-də Donald Tramp “Truth Social” hesabında yazmışdı: "Bu andan etibarən husilər tərəfindən atılan istənilən bir atəş İran silahları və rəhbərliyi tərəfindən atılan güllə sayılacaq. İran cavabdehlik daşıyacaq, bunun nəticələrini çəkəcək. Bunun nəticələri ciddi olacaq”.
ABŞ Prezidenti daha sonra “heç kim aldanmamalıdır, bunların hamısı İrandan qaynaqlanır. Onları İran idarə edir”.
Bundan sonra husilər Qırmızı dənizdə, bab-əl-Məndəb boğazında, Ədən körfəzində ABŞ-yə məxsus gəmilərə hücum ediblər. Ştatlar isə Yəməndə husilərin mövqelərinə zərbə endirib. Bəzi mənbələr iddia edir ki, hərbi qarşıdurmanın miqyası Hind okeanınadək genişlənib. Husilər İsrail ərazisini də bir neçə dəfə vurmağa cəhd ediblər.
Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts bildirib ki, Vaşinqton İranın Yəməndəki hədəflərinə hücumu nəzərdən keçirir. Müşavir onları aşağıdakı kimi təsnif edib:
- Yəmən sahillərində husilərə kəşfiyyat dəstəyi verən İran gəmiləri;
- İranın bu ölkədəki hərbi təlimatçıları və onların yerləşdiyi məntəqə;
- Tehranın Yəməndə husiləri təchiz etdiyi avadanlıq və hərbi texnika.
O, nüvə proqramından əl çəkməyəcəyi təqdirdə İranı başqa ağır nəticələrlə hədələyib.
İranın İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus informasiya kanalı bildirib ki, İslam Respublikasının Hərbi Hava Qüvvələri ABŞ-ın “MQ-4C” pilotsuz müşahidə təyyarəsi İranın hava məkanı yaxınlığında F-14 qırıcıları və müşahidə pilotsuz təyyarələri ilə qarşılaşdıqdan sonra dərhal geri çəkilib.
Məlumata görə, İranın Silahlı Qüvvələri istənilən təcavüzü dəf etməyə və Yaxın Şərqdə düşmənlərin maraqlarına sarsıdıcı zərbələr endirməyə tam hazır olduqlarını bəyan edib.
Sepahın Aerokosmik Qüvvələri də bunları vurğulayıb:
- İranın hava məkanını keçən, pilotlu və ya pilotsuz istənilən düşmən təyyarəsi vurulacaq;
- Biz düşməni istənilən təxribatçı hərəkətinin nəticələri barədə xəbərdar edirik.
Husilərin ABŞ gəmilərinə hücumunü müəyyən mənada Xaməneinin Trampın məktubuna cavabı kimi də qiymətləndirmək olar. Bununla İran lideri qarşı tərəfə sanki “gələcyin varsa, görəcəyin də var” ismarışını göndərir.
İran ABŞ ilə bu dəfə Yəməndə və Qırmızı dənizdə müharibə aparır. HƏMAS-ın, “Hizbullah”ın zəifləməsi və Bəşşar Əsəd rejiminin süqutu ilə Tehran hakimiyyəti Fələstin, Livan və Suriyadan sıxışdırılaraq çıxarılıb, yaxud zəiflədilib.
İndi belə növbə husi proksi qüvvələrinindir. Bu əməliyyat uğurla başa çatarsa, Tehran hakimiyyəti içərilərinə doğru tam sıxılmış vəziyyətə salınacaq.
ABŞ-nin Yəməndə apardığı əməliyyatın əmrini ali baş komandan olaraq Donald Tramp verib. Deməli, onun uğur və uğursuzluğunun məsuliyyətini də Prezident daşıyacaq. ABŞ Yəməndə husiləri təslim edəcəyi halda regionda İran və onun arxasında gizlənən qüvvələr üzərində böyük qələbə qazanacaq. Bununla Ştatlar və müttəfiqləri Yaxın Şərqdə əsas söz sahibi sayılacaq.
Məğlub olacaqları, yaxud əməliyyat uzanacağı halda vəziyyət nə Donald Trampın, nə də ABŞ-nin xeyrinə olacaq. Onun seçiciləri, Avropa və NATO-dakı müttəfiqləri, elə Fransanın timsalında Avropa İttifaqındakı rəqibləri arasında nüfuzu kəskin düşəcək. Belə bir şəraitdə bu savaş müəyyən çalarları ilə Vyetnamdakı 30 illik müharibənin nəticələrini xatırlada bilər.
Odur ki, Trampın Yəməndə husilərə qarşı əməliyyatını ABŞ-nin regionda İrana qarşı sonuncu savaşı da saymaq olar. Çünki İslam Respublikası bu şəraitdə xaricdəki təsiredici qüvvələrdən daha birindən məhrum olar. Bu döyüşdə uğur Vaşinqtona Tehranı İranda məğlub etməyə geniş imkanlar aça bilər...
Yəməndəki husilər İranın Yaxın Şərqdə qalması üçün son ümidi sayılır. ABŞ-yə görə onlar Tehrana aid qruplaşmanın sıradan çıxarılacağı axırıncı qərargah olacaq. Bunu regionda ABŞ-İran müharibəsinin başa çatması kimi də dəyərləndirmək olar.
Sədrəddin İsmayılov,
Report.az