Azərbaycanın dərman sənayesi olarsa, səhiyyədə xərcləri azalda bilərikmi? - mütəxəssislərin rəyi
539
11:16, Bu gün

Azərbaycanın dərman sənayesi olarsa, səhiyyədə xərcləri azalda bilərikmi? - mütəxəssislərin rəyi

Azərbaycanda bir neçə əczaçılıq istehsalatı quraşdırılır. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir vurğulayıb ki, layihəyə görə, burada dərman vasitələrinin hazırlanması nəzərdə tutulur. Yeri gəlmişkən, ötən il Azərbaycanda istehsal edilən dərmanların siyahısı da yayılmışdı.
 
Mütəxəssislərə görə, Azərbaycanda dərman istehsalına başlanılması bizə bir çox üstünlüklər qazandıracaq: dərmanlar ölkə daxilində yüksək keyfiyyət və müvafiq standartlara uyğun şəkildə istehsal olunacaq, əhalinin istənilən təbəqəsi üçün əlçatan olacaq, gözlənilməz pandemiyalar zamanı kifayət qədər ehtiyat dərman bazası olacaq və ən əsası yüksək keyfiyyət, sərfəli qiymətlə təklif olunacaq.
 
Eyni zamanda ölkə daxilində istehsal edilən dərmanların “Made in Azərbaycan” brendi altında digər ölkələrə ixracı və tanınması da iqtisadi baxımdan kifayət qədər uğurlu olacaq. Amma bu pozitiv görünən bu proqnozların reallaşması nə dərəcədə mümkündür? Ən əsası, öz istehsalımız olan dərmanların keyfiyyətinə güvənmək olarmı? Çünki idxal edilən dərmanların keyfiyyətindən belə tez-tez şikayətlər olur.
 
Məlumat üçün deyək ki, sovet dövründə Azərbaycanda dərman və tibbi məhsulların istehsalı ilə məşğul olan zavodlar olub, amma onların əksəriyyəti SSRİ-nin dağılmasından sonra ya fəaliyyətini dayandırıb, ya da özəlləşdirilərək sahəsini dəyişib. Hazırda “R-Pharm” zavodu (Pirallahı Sənaye Parkı) fəaliyyət göstərir ki, bu zavod 2019-cu ildə istifadəyə verilib. Rusiya ilə əməkdaşlıq əsasında qurulub. Burada əsasən onkologiya, virus əleyhinə və digər ixtisaslaşmış dərmanlar istehsal olunur. Məqsəd daxili bazarın dərman ehtiyaclarını qarşılamaq və ixraca yönəlməkdir. Bundan əlavə, “Diamed Co” MMC də var ki, bu da ölkəmzidə fəaliyyət göstərən və bəzi tibbi preparatları yerli istehsal edən şirkətlərdəndir. Əsasən tibbi məhlullar və istifadə üçün hazır olan bəzi məhsullar istehsal edir. “Azərmed” MMC isə Gəncədə yerləşir, bu müəssisə dezinfeksiyaedici və bəzi tibbi vasitələrin istehsalı ilə məşğuldur. Fəaliyyəti xüsusilə pandemiya dövründə önə çıxdı.
 
Adil Qeybulla həbsxanada sabiq deputatı müayinə edəcək » Reyting.az
 
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda dərman maddələrinin istehsalı məsələsi əslində çoxdan həllini gözləyən məsələlərdən biridir. Əvvəla, nəzərdə tutaq ki, biz bütün dərmanları istehsal etməsək də, əhalinin ciddi ehtiyacı olan bir sıra mühüm dərman vasitələrinin istehsalına çoxdan başlamalıydıq. Bunun üçün də Avropanın aparıcı firmaları, eləcə də qardaş Türkiyənin firmaları ilə müştərək işləyə bilərik. Bu istiqamətdə bizim mütəxəssis imkanlarından istifadə edə bilərik və onların yenilərin yetişdirilməsi üçün həm Avropada, həm də Türkiyədə kifayət qədər imkanlar var. Hesab edirəm ki, kimyaçılar, texnoloqlar və digər bu sahədə lazım olan mütəxəssislərin hazırlanmasına müştərək şirkətlərlə birgə start verilə bilər. Azərbaycanın dərman sənayesi olarsa, səhiyyədə xərcləri də xeyli azalda bilərik. Ayrı ayrı vacib, istehlakı yüksək olan dərman maddələrinin ölkə daxilində istehsalı ilə səhiyyə büdcəsinə də xeyli qənaət etmiş olarıq”.
 
Azərbaycan Tibb Universiteti | Dosent Aydın Əliyev
 
Farmokoloq, dosent Aydın Əliyev: “Uzun illərdir deyirik ki, yeganə çıxış yolumuz ayrı-ayrı insanların insafından asılı qalmamaq üçün ölkəmizdə dərman sənayesini inkişaf etdirməkdir. Dərman sənayesi inkişaf etsə, həmin sahənin elmi çox yüksək inkişaf edir. Burada ayrı-ayrı mütəxəssislər iştirak edir. Dərman sənayesində flora, faunadan istifadə edildiyinə görə ölkəmizin müvafiq təsərrüfat sahələri inkişaf edir. Bu sənaye inkişaf etmədikcə biz dünyadakı qiymət artımı, keyfiyyətsizlik, bəzi adamların insafsızlığından asılı vəziyyətə qalırıq. Bu gün təbii, kimya  və kadr potensialı Azərbaycanda dərman sənayesini formalaşdırmağa imkan verir. Vacibdir ki, dərman istehsalına nəzarət edək və keyfiyyətinə də özümüz cavab verək. Biz dərmanların canlı insan orqanizminə təsir xüsusiyyətlərini öyrənirik. Dərman maddəsini canlı orqanizmə təsirini müəyyən edəndə, bu, bütün bədənin ayrı-ayrı orqanları ilə ələqəli olur. Bunun müsbət və mənfi tərəfləri var. Ona görə də zavodlarımız təcili açılmalı, yerli xammaldan, sintetik maddələrdən, kimya sənayesindən, mütəxəssislərimizdən istifadə edərək problemləri həll edə bilərik. Hesab edirəm ki, hökumət həmin məsələyə bir daha qayıdacaq və dərman zavodlarının istehsalı haqqında olan söhbətlər reallaşacaq”.
 
Link kopyalandı!
Son xəbərlər