Tramp heç kəsi dinləmədi: Onları
606
17 Mar 2025 | 16:38

Tramp heç kəsi dinləmədi: Onları "Yer üzündəki cəhənnəm"ə göndərdi - FOTOLAR

ABŞ prezidenti Donald Tramp federal məhkəmənin qərarına baxmayaraq, 250-dən çox qeyri-qanuni miqrantı deportasiya edərək El Salvadora göndərib.
 
El Salvador prezidenti Nayib Bukele ABŞ-dən geri göndərilən bu şəxslərin Venesuela mənşəli "Tren de Aragua" qruplaşması ilə əlaqəli olduqlarını bildirib. Bukelenin sözlərinə görə, ölkəyə gətirilən qrup üzvləri "yer üzündəki cəhənnəm" kimi tanınan CECOP meqa-həbsxanasına yerləşdiriləcək.
 
Trampın miqrasiya siyasəti yenidən gündəmdə
 
Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantlara qarşı sərt tədbirləri ABŞ ictimaiyyətində geniş müzakirə olunmağa davam edir. Tramp hökuməti, federal hakim Ceyms Boasberqin deportasiya prosesini dayandırmaq barədə qərarına baxmayaraq, "Tren de Aragua" qruplaşması ilə əlaqəli olduğu iddia edilən 250-dən çox şəxsi ölkədən çıxarıb.
 
ABŞ rəsmiləri bildiriblər ki, Trampın imzaladığı prezident fərmanı əsasında müharibə dövründə istifadə olunan sərhəddən qovulma səlahiyyətlərindən yararlanaraq, həmin şəxslərin dərhal deportasiya edilməsi həyata keçirilib. Hökumət nümayəndələri deportasiya edilən şəxslərin əvvəlcədən razılaşma əldə olunmuş El Salvadora təhvil verildiyini qeyd ediblər.
 
ABŞ dövlət katibi Marko Rubio sosial media platforması X hesabından etdiyi paylaşımda, "Tren de Aragua"nın 250-dən çox üzvünü göndərdik və El Salvador onları yüksək təhlükəsizlikli həbsxanalarında saxlamağa razı oldu" deyib.
 
El Salvador prezidenti Nayib Bukele isə federal hakimin qərarına ironiya ilə yanaşaraq "Lənət olsun... Çox gec" sözlərini yazıb. Ağ Evin Kommunikasiya direktoru Stiven Çanq da Bukelenin bu paylaşımını yenidən bölüşüb.
 
Bukele: 261 nəfər ölkəyə gətirildi
 
Bukele bildirib ki, "Tren de Aragua" qruplaşasına mənsub 238 nəfər və MS-13 qruplaşması ilə əlaqəli 23 nəfər olmaqla, ümumilikdə 261 nəfər San Salvador hava limanına gətirilib.
 
Onun sözlərinə görə, bu şəxslər CECOP meqa-həbsxanasına yerləşdiriləcək. O, həmçinin qeyd edib ki, dəstə üzvlərinin həbs olunması və məcburi əmək proqramına cəlb olunması El Salvadorun həbsxana sisteminin özünü maliyyələşdirməsinə kömək edəcək.
 
Bukele ABŞ-dən deportasiya edilənlər arasında iki dəstə liderinin də olduğunu vurğulayaraq bildirib:
 
"Onlardan biri təşkilatın ali rəhbərlik heyətinə daxildir. Bu isə bizim istintaq prosesimizi irəlilətməyə və MS-13 dəstəsinin qalan qalıqlarını tamamilə aradan qaldırmağa imkan verəcək. Biz qruplaşmanın köhnə və yeni üzvlərini, onların maliyyə mənbələrini, silah və narkotik tədarük zəncirini, gizlənmə yerlərini və əməkdaşlarını aşkar etmək üçün araşdırmaları davam etdirəcəyik".
 
Bukele ölkəsinin mütəşəkkil cinayətkarlıqla mübarizəyə qətiyyətlə davam etdiyini vurğulayaraq, əlavə edib:
 
"Bu dəfə biz təkcə özümüz üçün deyil, həm də müttəfiqlərimiz üçün çalışırıq. Həbsxana sistemimizi özünü təmin edən bir sistemə çevirir və ölkəmizi daha da təhlükəsiz etmək üçün həyati əhəmiyyət daşıyan məlumatlar əldə edirik. Bütün bunlar tək bir addımla mümkün olur".
 
"Yer üzündəki cəhənnəm": CECOP həbsxanası
 
El Salvadorun Tekoluka bölgəsində yerləşən Terorçular üçün Həbs Mərkəzi (CECOP) "Yer üzündəki cəhənnəm" və ya "Dünya üzərindəki cəhənnəm" kimi tanınır.
 
2022-ci ilin fevralında açılışı edilən mega-həbsxana, təxminən 40 000 məhbus saxlamaq üçün dizayn olunub. Müasir video-müşahidə sistemləri, yüksək divarlar, tikanlı məftillər və ciddi təhlükəsizlik tədbirləri ilə təchiz edilən həbsxana, əsasən El Salvadorun ən təhlükəli cinayətkar qruplaşmaları olan MS-13 və Barrio 18 çətə üzvlərini saxlayır.
 
Bukelenin rəhbərliyi altında El Salvador hökuməti mütəşəkkil cinayətkarlığa qarşı sərt tədbirlər həyata keçirərək, minlərlə dəstə üzvünü həbs edib. CECOP isə bu siyasətin ən mühüm elementlərindən biri hesab olunur./qaynarinfo/

Link kopyalandı!
Son xəbərlər