Bizi sosial şəbəkələrdən izləyin:
"Cavid Hüseynovun istefaya göndərilməsi birmənalı şəkildə nəticələrlə bağlıdır".
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Səbail"in icraçı direktoru Firuz Abdulla deyib.
Funksioner baş məşqçi ilə yolların ayrılması ilə bağlı fikirlərini bölüşüb:
"Mətbuat konfransında səsləndirdiyi fikirlərin buna heç bir aidiyyəti yoxdur. Bu, tək "Neftçi" ilə matçın nəticəsinə aid deyil. Onun fəaliyyəti dövründəki nəticələr uğursuz sayılıb və istefaya göndərilməsi ilə bağlı qərar qəbul edilib. Qarşılaşmadan dərhal sonra söhbət üçün dəvət olunub. Amma C.Hüseynov bildirib ki, mətbuat konfransından sonra gəlib danışacaq. Mətbuat konfransından sonra isə rəhbərliklə görüşməyib, bazanı tərk edib. Biz də qərarımızı vermişik".
F.Abdulla mütəxəssisə təzminat ödənilib-ödənilməyəcəyi barədə isə özü ilə müzakirə ediləndən sonra bununla bağlı qərar qəbul ediləcəyini bildirib.
O, yeni baş məşqçi ilə bağlı bu gün rəsmi məlumat verəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, "Səbail" ötən gün Misli Premyer Liqasının XXVII turunda evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzub. Qarşılaşmadan sonra "dənizçilər" baş məşqçi Cavid Hüseynovun istefaya göndərildiyini açıqlayıblar.