“Gözümü açandan həyətdə quş görmüşəm. Atam, babam, biz bütün nəsillikcə quşbazıq. Mən saxlamayım, o saxlamasın, bəs kim saxlasın? Yalan söhbətdir ki, quşun düşər-düşməzliyi var. Deyirlər ki, balıq, quş və dovşanın düşər-düşməzliyi var. Vallah boş söhbətlərdir. Sənin niyyətin düz olmayandan sonra quş nə etməlidir? İşdən gələn kimi quşlarla məşğul oluram. Onları yemləyirəm, başımı qatıram. Bu quşların balaları var. İşdən çıxıb heç yerə getmirəm ki, balalar ölər. Həyətdən çölə çıxmıram, avaraçılıq etmirəm. Quşbazlıq nəsildən-nəsilə keçir. Bakı kəndlərində o vaxt quş saxlamayan kişi yox idi. 200-300 manata da quş var, 1000 manata da. Göyərçin sülh quşudur. Əvvəllər quşbaza pis baxardılar. İndi məscidlərin qabaqlarında da quş saxlayırlar. Professor, iş adamı var ki, quşbazdır. O vaxt deyirdilər ki, quşbaza da qız verərlər? Elə qızı quşbaza verməlisən ki, bütün günü evdə oturur, heç yerə getmir”
Bunu Moderator.az-a açıqlamasında uzun illərdir quşbazlıqla məşğul olan Şağan kənd sakini Arzuman Cəbiyev deyib. O daha sonra əlavə edib:
“18 günə yumurtadan çıxır, 2 ayında isə uçur. Elə olur ki, 10-15 saat havada qalır, dayanmadan uçur. Quşu çox yemləmək olmaz ki, uça bilsin. Doysa o uça bilməz. Ac olanda da gözü yerdə olur, o quş qalxmır, yem istəyir. Bir balaca dənləyirsən, sonra yuxarı qaldırırsan. Quş uçurtma günləri var idi əvvəllər. Babam, atam, əmilərim oturub quşu uçurdurdular və gözləyirdilər ki, quş nə vaxt yerə düşəcək? Elə vaxt olub ki, oturub yemək yemişik, nərd oynamışıq, qonaq gedib-gəlmişik, sonra quş yerə düşüb. Enməyən quşu güzgü ilə, çərhovuzla axtarmışıq. Səhər uçurdub gedirdim, axşam görürdüm ki, quş gəlməyib. Qaranlıq düşəndə gəlirdi. İndiki quşlar passivləşib, artıq o göz yoxdur. Əvvəlki quşlar 12 tük idi. İndikilər 18 tükdür. İndi 12 tük quş tapa bilmirsən. Külək olanda quş uça bilmir. Övladlarımın biri də quş saxlayır, bu sənəti davam etdirir. Bu həvəsdir. Bütün nəsilin həyətində mütləqdir ki, quş var. Gənclər başlarını quş saxlamaqla qata bilər. Həyətimdə toyuq da saxlayıram, quş da. O quşlar uçanda elə zövq alıram ki.. İnsan daxilən sakitləşir. İndi gözüm zəifləyib. Quş göydən gələndə rəngini seçə bilmirəm” deyə o bildirib.