Ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin repetitorluqla bağlı verdiyi açıqlama ictimaiyyətdə və təhsil sferasında müzakirələrə səbəb olub.
Moderator.az xəbər verir ki, nazir müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olmasının doğru olmadığını deyib:
“Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv edilməsi ilə bağlı təkliflər hazırlanır”.
Qeyd edək ki, repetitorluğun ləğvi məsələsi daha çox müəllimləri və kurs rəhbərlərini narahat edib. Bəziləri isə repetitorluğun bu qədər şaxələnməsində Elm və Təhsil Nazirliyini günahlandırır, qeyd edilir ki, nazirlik pafoslu açıqlamalar versə də, repetitorluğun davam etdirilməsində maraqlıdır.
Bəs repetitorluğun mərhələli şəkildə ləğvi mümkündürmü? İllərlə formalaşmış bu sistemi dağıtmaq mümkün olacaqmı? Ən çox verilən suallardan biri isə budur, repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə biləcəkmi?
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, uşaqlar 1-ci sinifdən repetitor yanına gedir, sanki məktəb yoxmuş kimi:
“Əslində bu, təhsilin uğursuzluğudur. Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur? Repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi? Hazırlıq sistemini ləğv etməklə problemi həll etmirik. Təhsili keyfiyyətli etmədən repetitorluğu ləğv etməyə çalışmaq xəstəlik müalicə olunmadan dərmanı atmaq kimidir. Əsas məsələ məktəbdə elə təhsil verməkdir ki, repetitor ehtiyacı yaranmasın.
İbtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır. Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun.
Əgər məktəblər yetərincə güclü olsa, repetitorluq təbii olaraq azalacaq. Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır!”
Təhsil eksperti Qoşqar Məhərrəmov da mövzu ilə bağlı fikrini bölüşüb:
“Gəlin, əvvəlcə məsələyə belə yanaşaq: razılaşdığın və qarşılığında ödəniş aldığın hər hansı bir işi layiqincə, canla-başla, ürəklə etməmək işinə, peşənə qarşı hörmətsizlikdir. Bu, işin nə olmasından asılı deyil. Amma belə bir məsələ də var, adam ustaya deyir ki, ay usta, necə oldu ki, qonşunun damı küləkdə uçmadı, amma mənim damım uçdu. Usta da cavabında deyir ki, o verdi ətdən-mətdən, mən də vurdum bərkdən-bərkdən, sən verdin şordan-mordan, mən də vurdum oradan-burdan. Yəni müəllimlərə illərdir dəyər verdiyimizi göstərsəydik, onlara prinsipiallıq və şəffaflığımızla nümunə olsaydıq, onlardan bu dəyərləri gözləməyə haqqımız çatardı.
Cənab nazirin qeydi doğrudur ki, müəllimin dövlət məktəbindəki şagirdinə öyrətməyib, onu evinə çağırmaq, ya da uşağa eyham vurmaq ki, yanına gəlsin, bu, doğru deyil. Bu hal isə o qədər yayılmış praktikadır ki, insanlara bu durum heç ayıb kimi gəlmir. Hətta şagirdi başqa müəllimin yanına gedir deyə onunla ağız dalaşına girən, ondan küsən müəllimlər də var. Onlar deyirlər ki, onun məndən nə artığı var, niyə onun yanına gedirsən, indi görəcəyik nəticələr çıxanda. Özəl məktəblər bunu lap çoxdan həll edib. Özəl məktəblərdə əgər belə bir hal yaşanarsa, rəhbərlik də bundan xəbər tutarsa, müəllimin işinə son verilir.
Özəl məktəblərdə işlədiyim dövrdə şagirdlərimdən yanıma hazırlığa gəlmək istəyənlər olub və mən onlara üsulunca rədd cavabı vermiş və demişəm ki, məktəbdə yaxınlaş, nə qədər lazım olarsa, məktəbdə əlavə dərs keçim, boş saatlarım bunlardır. Amma məsələ bundadır ki, müəllimlərin dövlət məktəbində boş saatları da olmur. Onlar məktəbə sadəcə dərslərini keçməyə gedirlər.
Müəllimlərin sabit iş saatları və orada keçirdikləri hər bir saata uyğun məvacibləri olsa, onda onlar məktəbdə tyutor saatları qoyarlar və məktəblərdə əlavə dərsə ehtiyacı olan şagirdlər bu saatları dəyərləndirə bilərlər. Xülasə, belə deyim, repetitorluq bir zərurət yox, “lyuks” olmalıdır, müəllim üçün də, şagird üçün də”. /Musavat.com/