Vahid Səhiyyə İnformasiya Sisteminin üstünlükləri - DETALLAR
552
12:33, Bu gün

Vahid Səhiyyə İnformasiya Sisteminin üstünlükləri - DETALLAR

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminin (VSİS) “İşə qəbul” alt sistemi səhiyyə müəssisələrinə kadr seçimi prosesini daha səmərəli və şəffaf şəkildə aparmağa imkan yaradır”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov açıqlayıb.
 
Onun sözlərinə görə, işə qəbul prosesinin tam elektronlaşdırılması sayəsində insan faktorunun təsiri minimuma endirilir:
 
“Namizədlərin qiymətləndirilməsi obyektiv meyarlar əsasında aparılır. “İşə qəbul” alt sistemin tətbiqi Səhiyyə müəssisələrinin kadr ehtiyaclarını mərkəzləşdirilmiş sistem vasitəsilə daha sürətli qarşılamağa imkan yaradır, kağız üzərində aparılan müraciət və sənəd qəbulu prosedurlarını aradan qaldırır. Mərkəzləşdilrilmiş məlumat bazası hesabına Səhiyyə müəssisələri real vaxt rejimində vakansiyalar və namizədlər haqqında məlumat əldə edə bilirlər. Seçim mexanizmi avtomatlaşdırıldığı üçün namizədlərin təhsil, iş təcrübəsi və digər uyğunluq göstəricilərinə əsasən avtomatik filtrasiya aparılır. Müsahibə və imtahan mərhələlərinin nəticələri sistemdə qeyd edilir və reytinq əsasında yekun seçim aparılır”.
 
A.Səmədov qeyd edib ki, “İşə qəbul” alt sistemi Vahid Səhiyyə İnformasiya Sistemi çərçivəsində digər səhiyyə və dövlət qurumlarının sistemləri ilə inteqrasiya edilərək məlumatların doğruluğunu və etibarlılığını artırır:
 
“Namizədlərin sertifikat, diplom və digər sənədlərinin doğrulaması avtomatik həyata keçirilir. Alt Sistem həm işəgötürənlər, həm də namizədlər üçün rahat və intuitiv interfeys təqdim edir. Sistem həmçinin müraciətlərin statusunu izləmək və bildirişlər almaq imkanı yaradır. Bu sistem səhiyyə sahəsində insan resurslarının idarə olunmasını daha effektiv və müasir tələblərə uyğun şəkildə təşkil etməyə kömək edir”.
Link kopyalandı!
Son xəbərlər