Aktauda təyyarə qəzası qurbanlarının anım mərasimi keçirilib - FOTO
445
15:46, Bu gün

Aktauda təyyarə qəzası qurbanlarının anım mərasimi keçirilib - FOTO

Bu gün Aktauda 2024-cü ilin dekabrın 25-də baş vermiş "Azərbaycan Hava Yolları"na məxsus təyyarə qəzasında həlak olanların anım mərasimi keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbiri Qazaxıstanın Azərbaycandakı səfirliyi və Mangistau vilayətinin akimatı təşkil ediblər.
 
Tədbirdə Mangistau vilayətinin akimi Nurdaulet Kilıbay, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı, həlak olmuş qazaxıstanlıların ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, xilasetmə işlərində iştirak etmiş qurumların nümayəndələri və Aktau şəhərinin sakinləri iştirak ediblər. Tədbirin əvvəlində Qurani-Kərimdən ayələr oxunub.
 
Mangistau vilayətinin akimi Nurdaulet Kilıbay həlak olanların yaxınlarına başsağlığı verərək bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə Hökumət Komissiyası yaradılıb. Qazaxıstanın aidiyyəti qurumları, o cümlədən Mangistau vilayətinin akimatı faciə günlərində bütün zəruri tədbirləri görüb. N.Kilıbay xilasedicilərə, tibb işçilərinə və bütün laqeyd qalmayan qazaxıstanlılara bir daha təşəkkürünü bildirib.
 
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər, həqiqətən də, müttəfiqlik xarakteri alıb. O, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstanın və Azərbaycanın türk dünyasının mühüm oyunçuları, həmçinin Avrasiya nəqliyyat-logistika sisteminin əsas həlqələri olduğunu vurğulayıb.
 
Bayel faciədən sonra ölkələrimiz arasındakı dostluğun və qardaşlığın daha da möhkəmləndiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin dediyi sözləri xatırladıb. Bu kontekstdə o, azərbaycanlı iş adamı Amil Yusifovun təyyarə qəzasında həlak olanların ailələrinə yardım göstərmək təşəbbüsünü Qazaxıstan tərəfindən minnətdarlıqla qarşılandığını qeyd edib. Öz növbəsində, azərbaycanlı sahibkar Qazaxıstanda uğurla bizneslə məşğul olduğunu və qardaş xalqa dəstək verməyə öz borcu hesab etdiyini vurğulayıb.
 
Tədbir çərçivəsində Amil Yusifov həlak olmuş qazaxıstanlıların yaxınlarına Almatı şəhərindəki yeni yaşayış kompleksində yerləşən beş ikiotaqlı mənzillərin açarlarını təqdim edib. Mənzillər mebel və məişət texnikası ilə təmin olunub. Bundan əlavə, xeyriyyəçi Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, Aktau şəhərinin xəstəxanasına, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil bağışlayıb.
 
Həlak olanların yaxınları və zərərçəkənlərə yardım göstərmiş qurumların əməkdaşları azərbaycanlı iş adamına minnətdarlıqlarını ifadə ediblər. Mangistau vilayətinin akimi N.Kilıbay də Mangistau vilayəti ictimaiyyəti adından təşəkkür edərək, tədbirin Qazaxıstan-Azərbaycan dostluğunun növbəti rəmzi olduğunu vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər