"Ermənistanın Baş naziri Nikol Paşinyan iddia edir ki, Azərbaycanla keçmiş SSRİ dövrünün xəritələri əsasında bir-birinin ərazi bütövlüyünün tanınması məsələsində razılığa gələ bilər. Amma keçmiş sovet xəritələrinə əsasən, razılığa gəlmək əslində, bir məsələni açıq saxlayır. Bu da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlıdır. Yəni, sərhəddin konkret haradan keçdiyi müəyyənləşməyib. Əslində, SSRİ xəritələri əsasında razılaşma əvvəl də olub. Sadəcə, sərhəddin konkret haradan keçməsi ilə bağlı yekdil rəy yox idi".
Moderator.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, SSRİ dövründə olmuş xəritələr o qədər də dəqiq deyil:
“Ona görə də erməni tərəfinin bu məsələdəki mövqeyi heç də yenilik sayılmır. Burada aydın olmayan məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Yəni, Paşinyanın “SSRİ dövrünə aid xəritələrə əsasən razılığa gələcəyik” ifadəsi Zəngəzur dəhlizini istisna etmir. Bu dəhlizi istisna edən ifadə deyil”.
Politoloq hesab edir ki, SSRİ xəritələri əsasında sərhədlər dəqiqləşirsə, Zəngəzur Ermənistanda qalmış olur və nəticədə Azərbaycan üçün Naxçıvana gediş-gəliş dəhlizi verilir:
“Bu məsələ bu formada həll oluna bilər. Azərbaycan Prezidentinin isə Zəngəzur dəhlizi məsələsində mövqeyi qətidir. Tarixdə göstərib ki, ölkə başçısı hansı məsələdə qətiyyətini ortaya qoyubsa, onun həllinə nail olunub. Bu birmənalıdır. Əslində, Paşinyan da bunu yaxşı başa düşür. Ola bilsin ki, vaxtın uzadılması da Ermənistanın buna hazırlanması ilə bağlıdır. Çünki məsələnin başqa həlli yoxdur”.
Fərhad Mehdiyevə görə, əsas mövzu Zəngəzur dəhlizi və Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır:
“Erməni tərəfi iddia edir ki, sülh razılaşması imzalansa, bu, Ermənistan konstitusiyasına zidd olmayacaq. Amma Ermənistanın müstəqillik bəyannaməsində “Qarabağın Ermənistanla birləşəcəyi” ilə bağlı müddəaların hüquqa zidd olduğu bəyan edilməyib”.