Sülh müqaviləsinin iki bəndi belədir: Masadakı sənəd açıqlandı
520
14:31, Bu gün

Sülh müqaviləsinin iki bəndi belədir: Masadakı sənəd açıqlandı

"Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda, "Atlantic Council" təşkilatında çıxışı zamanı münaqişəli məsələlərin müzakirəsini başa çatdırmaq və Azərbaycanla ikitərəfli münasibətlərdə yeni dövr açmaq istədiyini bildirib. Sözsüz ki, Bakının sülhlə bağlı bir neçə vacib şərti var. Rəsmi İrəvan bu tələbləri yerinə yetirməlidir. Ermənistan sülh müqaviləsinin qalan iki bəndi ilə bağlı fərqli mövqedədir. Azərbaycan tərəfi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini qəbul etmir. Amma Bakı tam qadağa tələb etsə də, İrəvan bunun yalnız delimitasiya edilmiş ərazilərə şamil olunmasını təklif edir. Eyni zamanda beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi kimi şərtlər var. Görünən isə odur ki, Ermənistan buna hazırdır. Amma onlar şərt olaraq bu məsələlərin ikitərəfli danışıqlarda gündəmə gətirilməməsini istəyir".
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli erməni tərəfinin beynəlxalq məhkəmələrdəki qarşılıqlı iddialardan imtina etmək məsələsini şərh edərkən söyləyib.
 
“Onların bu məsələdə razılaşmaya gələcəyi ehtimalı var. Şərti sərhəddə üçüncü qüvvələrin olmaması ilə bağlı Azərbaycanın mövqeyinə isə Ermənistan fərqli rakursdan yanaşmağa çalışır. Əslində, iki tərəf arasında razılaşdırılmayan məsələlərdən biri də budur. Ona görə də burada mövqelər tamam fərqlidir”, - deyə o qeyd edib.
 
 
Ekspertin fikrincə, Ermənistan tərəfi delimitasiya edilmiş sərhəd xətti yaxınlığında üçüncü qüvvələrin olmayacağını iddia edir:
 
“Azərbaycan isə haqlı olaraq bəyan edir ki, bütövlükdə şərti sərhəddə üçüncü tərəfin olması sülhə xidmət etmir. Avropa İttifaqının mülki “missiyası"nın iki il yarım müddətlik fəaliyyəti də göstərdi ki, onlar sülhün formalaşmasında maraqlı deyil”.
 
Mətin Məmmədliyə görə, Ermənistan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməlidir: “Rəsmi İrəvan isə hələ də qeyri-konstruktiv mövqe sərgiləyir. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasının aradan qaldırılması ilə bağlı konkret mövqe yoxdur. Əslində, bu, Bakının prinsipial tələbidir. Mövcud fikir ayrılıqları, Ermənistanın sürətlə silahlanması, şərti sərhəddə yeni atəş nöqtələri yaratması sülh prosesinə mənfi təsir göstərən amillərdir”.
Link kopyalandı!
Son xəbərlər