Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecə keçirildi - FOTOLAR
219
13:17, Bu gün

Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecə keçirildi - FOTOLAR

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
 
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
 
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
 
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
 
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.
 
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
 
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
 
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
 
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.
 
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.

Link kopyalandı!
Son xəbərlər