Fransanın atom sınaqları - Müstəmləkələrində milyonlarla insanı öldürüb, təzminatdan boyun qaçırıb
197
13:32, Bu gün

Fransanın atom sınaqları - Müstəmləkələrində milyonlarla insanı öldürüb, təzminatdan boyun qaçırıb

II dünya müharibəsindən sonra bir çox dövlətlərin nüvə silahı əldə etməsi rəsmi Parisi narahat etməyə başlayıb. Fransanın o zamankı siyasi-hərbi lideri, general Şarl de Qoll 1958-ci ilə qədər parlamentdən gizli saxladığı Atom Enerjisi Komissiyasını yaradıb. Hakimiyyətə gəldikdən sonra o, Fransanın nüvə istəklərinin həyata keçirilməsini əsas prioritet hesab edib.
 
15 il ərzində komissiya ilk atom bombasını yaradıb. Silahın “atası” Mari Küri ilə birlikdə işləyən və nüvə silahı hazırlamaq üçün ABŞ-nin Manhetten layihəsində iştirak edən Bertran Qoldşmidt olub. Lakin silahı mütləq təkmilləşdirmək üçün sınaqdan keçirmək lazım olub. Bu məqsədlə Fransanın işğal altında saxladığı ölkələrin ərazisi sınaq meydanı seçilib.
 
Polineziyadakı sınaqlarda 110 min insan xəsarət alıb
 
french_nuclear_test_1280x720.jpg (437 KB)
 
Fransa illərdir ki, Sakit okean adalarında aparılan nüvə sınaqları nəticəsində radiasiyaya məruz qalan insanların sayını azalatmq üçün “mübarizə” aparır. Paris 30 il ərzində nüvə silahlarını Sakit okeandakı adalarda, o cümlədən Mururoa atollunda sınaqdan keçirib.
 
Fransanın “Disclose” saytı, ABŞ-nin Prinston universiteti və Britaniyanın “Interprt” firmasının ekspertlərinin xüsusi araşdırmasında göstərilib ki, Mururoa atollu üzərində 1966, 1971 və 1974-cü illərdə baş tutan nüvə partlayışı minlərlə insanın həyatını sözün əsl mənasında iflic edib.
 
Məhz radioaktiv buludların hərəkəti və dağıntılar Fransız Polineziyasının, demək olar ki, bütün əhalisinin bu sınaqlardan əziyyət çəkdiyini ortaya qoyub.
 
Həmin sınaq zamanı nüvə göbələyi buludu hesablanmış doqquz kilometrə deyil, cəmi 5200 metr hündürlüyə qalxıb, bulud alimlərin və hərbçilərin ümid etdiyi kimi, şimala deyil, qərbə, minlərlə insanın yaşadığı Taitiyə doğru hərəkət edib. Halbuki, həmin ərazidəki insanlar heç bir şəkildə radioaktiv dağıntılardan qorunmayıb.
 
frann333.jpg (362 KB)
 
1974-cü ildə həyata keçirilən “Kentavr” kod adlı atom sınağından sonra Taiti və Livard adalarının bütün 110 min sakini bir millizievert və ya daha çox radiasiya dozası qəbul edib. Bundan başqa, 1966-1974-cü illərdə Polineziyada nüvə sınaqlarında iştirak edən əsgər və zabitlərin üçdə biri - 6 min nəfərdən 2 mini o vaxtdan bəri xərçəngin ən azı bir formasına yoluxub.
 
2010-cu ildə Fransada təzminat ödənilməsi ilə bağlı yaradılan komissiya indiyədək cəmi 454 nəfərə pul ayırıb. Onlardan yalnız 63 nəfəri yerli sakin, polineziyalılardır.
 
Milyonlarla insanı öldürən sınaqlar
 
Əlcəzairin cənubunda aparılan nüvə təcrübələri Fransanın 132 illik işğalı dövründə törətdiyi ən ağır cinayətlərdən biridir. Sınaqlar insanları, heyvanları və bitkiləri məhv edib və Əlcəzair Saharasının yüz minlərlə kvadrat kilometr ərazisini və başqa yerləri çirkləndirib. Radioaktiv tullantılar təkcə səhrada deyil, Afrika və Aralıq dənizində də yayılıb. Sınaqların nəticələrini tədqiq edən ekspertlər nüvə partlayışlarının 42 mindən çox əlcəzairliyə təsir etdiyini təxmin ediblər.
 
fran222.jpg (111 KB)
 
“Le Journal de l'Afrique” nüvə sınaqlarının təkcə Əlcəzair deyil, həm də Mali əhalisini ciddi şəkildə şüalandırdığını qeyd edib. Nəşr bildirib ki, rəsmi statistikaya görə, 2 milyondan çox insan sezium və uranın çirklənməsindən dünyasını dəyişib.
 
Tədqiqatçılar xərçəng və genetik pozğunluqlar, vaxtından əvvəl doğuşlar və dölün anomaliyaları hallarının kəskin artdığını qeyd ediblər. 1999-cu ilin sonunda, Əlcəzair hökumətinin tələbi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi 1960-cı illərin əvvəllərində Fransanın istifadə etdiyi ərazilərə beş radioloji qiymətləndirici göndərib. Reqanada götürülən bütün nümunələr çirklənmiş olub. Çirklənmənin çox hissəsi qara, şüşəli, məsaməli materialda olub: partlayış zamanı qum əriyib, sonra bərkiyib.
 
Paris bildirib ki, Sahara səhrası uzaq və boş ərazi olduğu üçün seçilib. Əslində sınaqların keçirildiyi ərazidə radiasiyadan ölən yerli və köçəri xalqlar yaşayıb.
 
fran11.jpg (97 KB)
 
Fransızların həyata keçirdiyi partlayışlar heç bir halda təhlükəsiz və təmiz olmayıb. Çünki arxiv sənədləri Fransa tərəfindən yerli əhalinin və əlcəzairli işçilərin qorunmaq üçün kifayət qədər tədbir görülmədiyini sərgiləyib. İlk sınaq günü yerli sakinlərə evlərini tərk etmələri və yorğan-döşəklə örtülmələri əmri verilib, orada olan mütəxəssislərə və yüksək səviyyəli şəxslərə isə yalnız xüsusi qara eynək verilib.
 
Digər fakt. 1961-ci ildə “Sahara Hərbi Təcrübələr Mərkəzi” nüvə silahının insanlara təsirini öyrənmək üçün sınaq keçirib. Çağırışçılar partlayışdan 45 dəqiqə sonra onun episentrinə bir neçə yüz metr yaxın məsafəyə yaxınlaşmaq və təxminən bir saat orada qalmaq əmri alıblar. Onlar yalnız standart səhra çöl formaları geyiniblər. Bundan başqa 150 əlcəzairli məhbusun təcrübələrdə istifadə edilməsi faktı da mövcuddur. Atom partlayışı zamanı insan davranışını öyrənmək üçün onları sınaq meydançasının yaxınlığında dirəklərə bağlayıblar.
 
Təzminatdan boyun qaçırmaq
 
2010-cu ildə Parisdə Fransa parlamenti “nüvə sınaqları qurbanlarının tanınması və onlara təzminat ödənilməsi haqqında” qanun qəbul edib. Qanuna əsasən, xəstəliyin təcrübələrin nəticələrindən qaynaqlandığına dair ən azı 1% ehtimal varsa, ödəniş tələb oluna bilər. Bununla belə, Fransanın nüvə sınaqlarından bəhs edən “Toxique” kitabının müəllifləri T. Statius və S. Fillipp sınaqların qurbanlarının müəyyən edilməsi mexanizminin şəffaf olmadığını və ödənişlərdə mənəvi zərərin nəzərə alınmadığını iddia ediblər. Üstəlik, qanun qəbul ediləndən bəri iddia qaldıran əlli əlcəzairlidən yalnız biri (obyektlərdən birində olan əsgər) təzminat ala bilib.
 
fran.jpg (470 KB)
 
Qeyd edək ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Fransanın nüvə sınaqlarının mənfi təsirlərinə görə təzminat ödəməsi tələbi ilə aksiya keçirilib. Afrikanın 10 ölkəsinin nümayəndələri bildiriblər ki, Fransanın Afrikadakı nüvə sınaqlarının, işğal etdiyi ərazilərdə hərbi fəaliyyətlərinin ağır nəticələrinə görə məsuliyyət daşıyır.
 
Fransız hərbçiləri 1966-cı ildə əraziləri tərk etdikdən sonra nüvə tullantıları və avadanlıqlarını qumda basdırıblar. Hazırda basdırılan yerlər naməlum olaraq qalır. Məhz buna görə də zəhərli tullantılar və zibillər ətraf mühitə və sağlamlığa ciddi ziyan vurmaqda davam edir.
 
Qeyd edək ki, Fransa 1960-1996-cı illər arasında 210 nüvə sınağı keçirib. Bunlardan 17-si Əlcəzairin Sahara səhrasında (o dövrdə Fransanın müstəmləkəsi idi), 46-sı atmosferdə, 147-si isə Fransız Polineziyasındakı Fanqataufa və Mururoa atolllarında baş tutub. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər