"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi izah oluna bilər. İran-Azərbaycan münasibətləri tarixi köklərə dayanır. Eyni zamanda Azərbaycan cənub qonşusu İranla ortaq dəyərlərə, mədəniyyətə sahibdir".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Ceyhun Məmmədov deyib.
“Azərbyacan İranla İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında əməkdaşlıq edir. Eyni zamanda iki ölkə arasında bir çox strateji layihələr var. Ona görə də Bakı ilə Tehran arasındakı əlaqələrin inkişafı önəmlidir. Azərbaycan İranla münasibətlərin qorunmasında və inkişafında hər zaman maraqlı olub. 2020-ci ildə Cəbrayıl rayonu Ermənistanın işğalından azad edildikdən sonra Prezident İlham Əliyev bölgəyə səfər edərkən əlini Xudafərin körpüsü istiqamətində uzadıb demişdi ki, “o Azərbaycanla İran arasında dostluq körpüsüdür”, - deputat belə qeyd edib.
Ceyhun Məmmədov, həmçinin İranın Ermənistana birmənalı dəstək göstərdiyini də söyləyib:
“Son dövrlərdə rəsmi Tehran Azərbaycanla güc və təhdid dili ilə danışmağa çalışırdı. Ölkəmizə qarşı İran tərəfindən təxribatlar müşahidə olunurdu. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində İranda Azərbaycan səfirliyinə qarşı edilən terror hücumu, bu günə qədər terrorçunun cəzalandırılmaması, əyalət mollası səviyyəsində ölkəmizə qarşı olan fikirlərə münasibət bildirilib. Sözsüz ki, ölkəmizə qarşı İranın bu cür yanaşmaları yolverilməz idi”.
Deputat Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfərində keçirdiyi yüksək səviyyəli görüşlərdə bu məsələlərin xüsusi olaraq vurğuladığını söyləyib:
“Azərbaycanın İranla əlaqələrin qorunmasında maraqlı olduğu bir daha bəyan edilib. Bundan sonra bütün məsuliyyət İranın üzərinə düşür. Çünki son bir neçə ildə İranla münasibətlər heç də hamar olmadı. Burada da əsas günahkar qarşı tərəf idi. Tehran Azərbaycana qarşı dəfələrlə müxtəlif təxribatlar törətdi, əyalət mollalarının dili ilə ölkəmizə qarşı əsassız fikirlər səsləndirildi. Həmin əyalət mollaları isə İranda ali dini liderin rəsmi təmsilçiləridir. Ona görə də həmin açıqlamalar heç də təsadüfən verilmirdi”.
Ceyhun Məmmədova görə, artıq Azərbaycanla İran arasında yeni bir səhifənin açılması müşahidə olunur: “Gözləntilər ondan ibarətdir ki, İran rəsmiləri bundan sonra Azərbaycanla bağlı məsələlərə daha diqqətlə yanaşacaq. İran özü də anlamalıdır ki, Azərbaycan bölgədə yeni bir reallıq yaradıb. Ona görə də ölkəmizlə güc, təhdid dili ilə danışmaq olmaz. Dünyadan təcrid olunmuş İran üçün Azərbaycanla əlaqələr olduqca önəmlidir”.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsində maraqlı olan qüvvələr var idi:
“Bəzi qüvvələr öz nüfuzu naminə iki qonşu ölkə əlaqələrini belə risk altına alır. İranda ali dini lider və digər rəhbər şəxslər olsa da, onların ətrafında olan qüvvələrin bəziləri Bakı ilə Tehran arasındakı münasibətlərin gərginləşməsindən faydalanmaq istəyirdilər. Ona görə də Azərbaycana qarşı təxribatlar törədilirdi. Azərbaycanın İrandakı səfirliyində baş verən təxribat bunun bariz nümunəsidir. Eyni zamanda bəzi adamlara Azərbaycana qarşı fikirlər səsləndirmək üçün təlimatlar verilmişdi”.
Zərdüşt Əlizadəyə görə, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi Tehran üçün əlverişli deyil:
“Çünki Bakı da Tehranın təhdidlərinə eyni tərzdə cavab verə bilir. Ona görə də iki ölkə arasında münasibətlərin tənzimlənməsi ilə bağlı addımlar atılır. Çünki bu gün İran ətrafında gedən proseslər daha da sıxlaşır. Hətta bu ölkəyə qarşı beynəlxalq güclər tərəfindən hərbi əməliyyatların başlaması ehtimalı güclənir. Belə olan halda, heç bir əsas olmadan Azərbaycan tərəfi ilə kəskin vəziyyət İrana sərf etmir. Bu səbəbdən də geri çəkilirlər. Sözsüz ki, Azərbaycan da öz qonşusu ilə düşmənçilikdə maraqlı deyil. Amma bundan sonra da İrandan Azərbaycana qarşı hansısa təxribat xarakterli fikirlərin səslənməyəcəyinə zəmanət verilə bilməz. İranın sabiq prezidenti, mərhum İbrahim Rəisi Azərbaycanla sərhəddə gəlib münasibətləri inkişaf etdirməklə bağlı xoş sözlər demişdi. Amma o helikopter qəzasında rəhmətə getdikdən sonra İrandan Azərbaycana qarşı olan təhdidlər dayanmadı. Məhz bu baxımdan da münasibətlərin bundan sonrakı xronologiyasında müsbət tendensiyaların izlənilməsi üçün hər iki tərəf daha diqqətli olmalıdır”.