Son aylarda təyyarə qəzalarının sayı kəskin şəkildə artıb. Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasından sonra bu məsələ cəmiyyətimiz üçün aktuallığını daha da artırıb. Lakin həmin qəzadan sonra ardıcıl olaraq Cənubi Koreya, Kanada və Norveçdə də ardıcıl üç qəza baş verdi. Son olaraq isə - yanvarın 31-i və fevralın 1-də ABŞ-nin Vaşinqton ştatında və Pensilvaniya ştatının Filadelfiya şəhərində də ardıcıl iki təyyarə qəzası baş verib, nəticədə onlarla insan ölüb və yaralanıb.
Bəs təyyarə qəzalarının sayı niyə artıb? Bunu hansı amillərlə əlaqələndirmək olar?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran türkiyəli polkovnik, təlimatçı pilot Mustafa Tekindor bildirib ki, hava nəqliyyatı qəzaları ilə bağlı mütəmadi olaraq qeyd edilən məsələ qəzaların qarşısının alınmasının mümkünlüyü ilə bağlıdır:
"Sual yaranır ki, qəzaların qarşısı alına bilirsə, bəs onlar niyə baş verir? Çünki araşdırmalar göstərir ki, qəzaların 80%-i insan faktoru ilə bağlıdır və böyük ölçüdə qarşısı alına bilər. Hər hansı bir uçuşun təhlükəsiz şəkildə həyata keçirilməsi, təyyarənin uçuşa hazırlanmasına məsul olan texniki heyətdən tutmuş təyyarəni idarə edən pilotlara, hava məkanını idarə edən nəzarətçilərə qədər geniş bir heyətin düzgün zamanda düzgün qərar verməsindən asılıdır".
"Ümumiyyətlə, aviasiyada görmək və görünmək məsələsi çox əhəmiyyətlidir. Texnologiyanın inkişafına əsasən, havadakı hərəkət trayektoriyası düz mütənasib olaraq artır. Hava vasitələrində digər hərəkətlərin asanlıqla görünməsi və fərqləndirilməsi üçün avadanlıqlar və işıqlandırmalar mövcuddur. Məsələn, toqquşma əleyhinə profilaktik işıqlar hər hava nəqliyyatı vasitəsində mövcuddur və mühərrik işə salındıqdan sonra açılır, uçuş sonunda mühərriklər dayandırıldıqdan sonra bağlanır. Bu və buna bənzər işıqlandırma sistemləri sayəsində digər nəqliyyat vasitələrinə vizual nəzarət etmək mümkündür.
İşıqlandırma sistemlərindən fərqli olaraq, indiki təyyarələr "Traffic Alert and Collision Avoidance System (TCAS - Trafik xəbərdarlığı və toqquşmadan qaçma sistemi) adlı avadanlıqla təchiz olunub. Bu sistem yaxınlıqdakı "Secondary Surveillance Radar" (SSR - ikinci dərəcəli müşahidə radarı) transponder cihazlarının siqnallarını sorğulayan, eləcə də SSR transponderləri ilə təchiz edilmiş digər nəqliyyat vasitələri ilə potensial toqquşma riskləri haqqında məsləhət verən və uçuş heyətinə vizual və səsli xəbərdarlıqlar verməklə şaquli qaçma manevrlərini tövsiyə edən toqquşmadan yayınma sistemidir", - polkovnik vurğulayıb.
Pilot əlavə edib ki, aviasiyada görmək qədər digər nəqliyyat vasitəsinin dinlənilməsi də vacibdir:
"Belə ki, hava məkanında uçuşların təhlükəsizliyinin, hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyasının yerinə yetirilməsi üçün ümumi ortaq dildən istifadə edilir. Burada istifadə olunan ümumi dil termini aviasiya frazeologiyasıdır. Məsələn, təyyarə havadadır və pilota belə bir sual verilir: "Havadakı təyyarəni görürsən?" Cavab: "Hansı təyyarəni?" - olmalıdır. Çünki gecəgörmə cihazı ilə edilən uçuşlarda görmə sahəsi gündüzə nisbətən daha azdır. Yəni pilotun "görürəm" cavabı, bəlkə də, havaya qalxan başqa bir təyyarə üçün verilmiş ola bilər. Ona görə də hava hərəkətinin intensivliyinin nəzarətçiləri nəqliyyat vasitələrini davamlı olaraq izləyir və mümkün fors-major vəziyyətlərə qarşı pilotları xəbərdar edirlər. Həmçinin bu kimi hallarda nəzarətçilər istiqamət və məsafə məlumatlarını da verməlidirlər".
"Bir sözlə, qəzalar aviasiya sənayesinin qaçılmaz reallığıdır. Quru, dəniz və dəmir yolu nəqliyyatında olduğu kimi, hava nəqliyyatında da qəzalar mümkündür. Tədqiqatlar göstərir ki, dünya üzrə hər gün edilən minlərlə uçuşu nəzərə alsaq, hava nəqliyyatında ölüm riski milyonda ondur. Məhz buna görə də təyyarələr hələ də dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.