Hansı jurnalistlərə MEDAL VERİLƏCƏK? – MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR… + FOTO
832
24 Jan 2025 | 15:12

Hansı jurnalistlərə MEDAL VERİLƏCƏK? – MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR… + FOTO

“Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik olunacaq. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Qeyd olunub ki, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
 
Maraqlıdır, bu medallar kimlərə veriləcək? Bu zaman hansı meyarlar, prinsiplər əsas götürüləcək, şərtlər nə olacaq? Xüsusi xidmətləri olan şəxslər kateqoriyasına kimlər aid ediləcəklər? Əsassız iddiaların qarşısını almaq, medalın əhəmiyyətini kiçiltməmək üçün təltif zamanı hansı məqamlar xüsusi nəzərə alınmalıdır? Medianews.az mövzu ilə bağlı media mənsublarının fikrini öyrənib.

Hansı jurnalistlərə MEDAL VERİLƏCƏK? - <span style=color:red>MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR... + FOTO

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Medianın İnkişafı Agentliyinin belə bir təşəbbüsünü müsbət qiymətləndirib. Qeyd edib ki, belə bir medal jurnalistlərin peşəkarlığına, onların əməyinə verilən qiymət baxımından böyük bir stimul yaradacaq: “Bu il Milli Mətbuatımızın 150 yaşı tamam olur. Bununla bağlı müxtəlif tədbirlər nəzərdə tutulur. Hesab edirəm ki, belə bir medal jurnalistlərin peşəkarlığına, onların əməyinə verilən qiymət baxımından böyük bir stimul yaradacaq. Güman edirəm ki, müzakirələrin nəticəsi olaraq, bu medal jurnalistikamızda haqqı, əməyi olan şəxslərə veriləcək. Amma təəssüf edirəm ki, medal söhbəti ortaya çıxan kimi müxtəlif jurnalistlər artıq neqativ fikirlər bildirməyə çalışırlar. Jurnalistlərin və qeyri-jurnalistlərin bir-birinə qarşı əsasız ittihamları ümumiyyətlə media mənsubu adına yaraşmayan halların yaranmasına səbəb olur. Bu da jurnalistlərə qarşı olan etimadı, etibarı azaldır. Bu baxımdan mən bütün peşəkar jurnalistlərə arzu edərdim ki, bir-birilərinə qarşı əsasız ittihamlardan əl çəksinlər. Əminəm ki, Media Agentliyinin bu təşəbbüsü və media rəhbərlərinin, ekspertlərinin, bu sahədə qərar verəcək insanların dəqiq analizləri nəticəsində sözügedən medallar həqiqətən jurnalistikamızda xidməti olan media mənsublarına veriləcək”.

Hansı jurnalistlərə MEDAL VERİLƏCƏK? - <span style=color:red>MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR... + FOTO

Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist, Prezident təqaüdçüsü Qulu Məhərrəmli də hesab edir ki, bu tarixi hadisə milli mətbuatımızın keçdiyi şərəfli yolun tanınması və qiymətləndirilməsi istiqamətində növbəti uğurlu addımdır. Onun sözlərinə görə, “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalının təsis edilməsi mühüm hadisə olmaqla yanaşı, həm də rəmzi xarakter daşıyır: “Maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzeti Azərbaycan xalqının milli şüurunun və istiqlal ideyalarının formalaşmasına ciddi təsir göstərib. “Əkinçi” ilə başlanan maarifçilik hərəkatı və mətbuat ənənəsi milli oyanışa, bu isə son nəticədə müstəqilliyə yol açıb. Bu nöqteyi-nəzərdən 150 illik yubiley medalının təsis olunmasını müsbət hadisə kimi dəyərləndirirəm. Çünki milli mətbuatımızın 150 illik tarixi qeyd edilir. Bu, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatına verdiyi töhfələrin rəsmi şəkildə tanınması, eləcə də milli mətbuatın inkişafına verilən önəmin göstəricisidir”.

Hansı jurnalistlərə MEDAL VERİLƏCƏK? - <span style=color:red>MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR... + FOTO

Professor ümid edib ki, sözügedən medal media sahəsində haqqı, əməyi olan insanlara veriləcək: “Bir məqamı da xatırlatmaq istəyirəm. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xüsusi medal təsis edilmişdi. Bu da tariximizə, o dövrdəki ziyalılarımıza verilən dəyər baxımından mühüm hadisə sayılırdı. Lakin təəssüf doğuran hal bu oldu ki, belə ali mükafat ona layiq olmayan şəxslərə də təqdim olundu. Düzdür, istənilən sahədə əməyin qiymətləndirilməsi və mükafatlandırılma həmişə obyektiv olmur. Amma elə etmək lazımdır ki, belə məsələlərdə, yəni mükafatlandırılmalarda buna haqqı çatan insanlar kənarda qalmasınlar. Ümid edirəm ki, “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalının verilməsində bu cür hallarla qarşılaşmayacağıq”.

Hansı jurnalistlərə MEDAL VERİLƏCƏK? - <span style=color:red>MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR... + FOTO

Əməkdar jurnalist Azər Həsrət də saytımıza açıqlamasında yubiley medalının təsis edilməsini müsbət hadisə kimi dəyərləndirib, eyni zamanda vurğulayıb ki, bu medal ilə təltifetmə heç də asan olmayacaq: “Adətən belə tədbirlər olanda iddia edənlərin sayı həddindən artıq çox olur. Misal üçün, Əməkdar jurnalist fəxri adına, ayrı-ayrı medallara, ordenlərə iddia edənlər çoxdur. Hətta şəxsən mənim özümə də illərlə müraciət edənlər olub ki, təqdimatımızı verməyə kömək edin, fəxri ad alaq, yxud təltif olunaq deyə. Mən də soruşmuşam ki, hansı xidmətlərinə görə? Onda da mənə deyiblər ki, bəs filankəsə hansı xidmətlərinə görə verilib? Belə sualların olmaması üçün meyarlar dəqiq elan edilməlidir. Kifayət qədər vaxtımız var. İyul ayının 22-sinə qədər yarım il vaxtımız var. Bunun üçün Azərbaycan Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, Prezidentin mətbuatla işləyən müvafiq köməkçisi bir araya gəlməli, bağlı qapılar arxasında müzakirə açmalıdırlar ki, hansı kateqoriyadan olan insanlara bu medal verilə bilər. Yəni, filankəsin dostudur, qohumudur, yerlisidir, bunu filankəs təqdim elədi, xahiş etdi kimi məsələlər yığışdırılmalıdır. Azərbaycan mətbuatı qarşısında həqiqətən də xidmətləri olan, jurnalistikanın standartlarına uyğun olan insanlara verilməlidir bu medal. Özü də çox insanlara deyil, az sayda həqiqi media mənsublarına təqdim etməliyik. Yəni, ucdantutma kimə gəldi medal versək, onu gözdən salacağıq”.

Hansı jurnalistlərə MEDAL VERİLƏCƏK? - <span style=color:red>MEYARLAR, ŞƏRTLƏR, PRİNSİPLƏR... + FOTO

Əməkdar jurnalist A.Həsrətin qənaətincə, 150 illik yubiley medalı müstəqil Azərbaycan mediasının formalaşmasında birmənalı rolu, mövqeyi olan, eyni zamanda ölkənin taleyüklü məsələlərinə biganə qalmayan, həmişə sinəsini qabağa verib dövlət və millət üçün öz sözü, qələmi ilə çarpışan adamlara verilməlidir: “Bir sözlə, beynəlxalq səviyyədə Azərbaycanı müdafiə etməyi bacaran, bunun üçün işlər görən şəxslər ilk kateqoriyada olmalıdır. Belələrinə medal vermək olar. Yoxsa elə adamlar var ki, şəxsən mən də tanıyıram, vaxtilə müxtəlif mükafatlar, təltiflər alıblar. Bəzən olur Azərbaycan dövləti, prezidenti, ümumiyyətlə, hər şeyimiz təhqir edilir, kimlərsə üstümüzə gəlir. Amma o adamlar susurlar. O adamlara mən dəfələrlə demişəm ki, siz də bu məsələlərə reaksiya verin, mövqe bildirin. Onlar yaxalarını kənara çəkiblər, boyun qaçırıblar. Amma görəcəksiniz, həmin adamlar yenə gələcəklər ki, mənə də medal verilsin. Mən düşünürəm ki, dövlətimiz monitorinq aparmalı, kimin kim olduğu burada ayırd edilməlidir. Yoxsa, ucdantutma medalpaylama olacaqsa, bu medal artıq dəyərini, əhəmiyyətini itirəcək. Ona görə də dəyər məsələsində diqqətli olmalıyıq. Hər yoldan ötənə medal verilməməlidir”.

Link kopyalandı!
Son xəbərlər