“Deyirlər, uşaqların sümüyünü sındırırıq, sonra da...” – Namaz qılan, oruc tutan dilənçi ilə SÖHBƏT - FOTO
562
23 Jan 2025 | 16:58

“Deyirlər, uşaqların sümüyünü sındırırıq, sonra da...” – Namaz qılan, oruc tutan dilənçi ilə SÖHBƏT - FOTO

Onları hər gün axşam çağı, işdən çıxarkən Neftçilər metrosunun girişində, pilləkənlərdə əyləşən görürəm. Qucaqlarında uşaq, içi manat və qəpiklərlə dolu karton qutu qarşılarında yalvararaq pul istəyirlər. Bəli, söhbət dilənçilərdən gedir.

Hələ ötən həftə onlardan birinin, daha gənc olan qadının qucağındakı xoşsimalı körpənin yanağını sığallayıb adının nə olduğunu soruşmuşdum: “Qızım Məryəmdir” demişdi. Ancaq həmin vaxt tələsirdim deyə, söhbətimiz dünən baş tutdu.



-Məryəm hanı? Deyəsən, bu gün başqa uşaq gətirmisən.

- Məryəm evdədir, bu gün Səyavuşu özümlə götürdüm.

Əlimdəki nərgiz güllərindən birini və 1 manat pulu ona uzadıb, söhbət etməyi təklif edirəm. Mehribanlıqla razılaşır, amma bildirir ki, anası metronun digər çıxışında dilənir, onun yanında söhbət etsək, daha yaxşı olar. Razılaşıram.

Beləliklə, metronun o biri başında dilənən anaya yaxınlaşırıq. Anası dediyi Niqablı 45 yaşlı qadının adı Mədinədir, deyir ki, 4 övladı: 1 qızı, 3 oğlu var. Sabunçuda 3 otaqlı evdə kirayə yaşayırlar. Onunla söhbətimizə hansı millətdən olması ilə bağlı başlayırıq:

-Azərbaycanlıyıq, daha doğrusu, kürdük. Bərdədən gəlmişəm, biz də hamı kimiyik, əsgər göndəririk, qazimiz, şəhidimiz var. Allah camaata versin, onların sayəsində dolanırıq. 19 yaşımda ərə getmişəm, indi ərim yaşamır, bütün həyatım boyu dilənmişəm. Başqa işim olmayıb. İşləmək istəyərəm, kim çörəyindən qaçar ki. Ancaq heç vaxt iş axtarmamışam. Səni aldatsam da, Allahı aldada bilmərəm.



Ondan qaraçılarla aralarında nə kimi fərqin olduğunu soruşuram:

-Eyni millətik, Onu da, məni də Allah yaradıb.

Söhbətin bu yerində yarım oturulu vəziyyətdə qucağında tutduğu 22 yaşlı fiziki qüsurlu oğlu müxtəlif səslər çıxarır. Hürküb geri çəkilirəm. “Qorxma, oğlum epilepsiya xəstəsidir”,-deyir.

- Axı əlində də ciddi qüsur var... Deyirlər, çox vaxt, valideynlər özləri körpə olarkən övladlarının sümüyünü sındırıb bu vəziyyətə salır ki, sonra dilənəndə yaxşı pul yığsın.

- Yalan söhbətdir, kim öz övladına qıyar ki...Bu oğlanın dərmanını, pampersini dilənməklə alıram. Adı Yusifdir, nə yeriyir, nə də danışır... Digər oğlanlarım dəmir yığır, mən isə bu uşağıma baxıram deyə ancaq dilənirəm. Böyük oğlum orta məktəbi bitirib, digərlərinin təhsili yoxdur.
Hər gün gəlib metronun girişində yarım saat pul yığıb, sonra evə qayıdıram. Uşağım şikəstdir, artistlik etmirəm.

-Qaraçıların məhəlləsi olduğunu bildirirlər. Nə əcəb orada yaşamırsınız.

-Elə məhəllə yoxdur. Hərə bir yerdə qalır. Mən kirayəyə 150 manat verirəm. Bərdəyə də gedirəm, amma çörəyim Bakıda dilənməklə çıxır.

Söhbət arası qutuya boylanıram, 10 manata yaxın pul yığılar. Ondan gün ərzində nə qədər yığdığını soruşuram.

-10-20-30 manat. Burada çox qalmıram, qalsam, çox yığılar.

-Polislərlə münasibətiniz necədir, sizi qovmurlar?

-Qovanda qovurlar, bu onların işi və haqqıdır, qadan alaram. Polislə polislik edəsi deyiləm ki. İnsanlardan təhqir edən olub, amma çörəyimin xətrinə yola vermişəm. Başqa iş olsa işləyərdim, niyə işləmirəm ki, ancaq oğluma kim baxsın.

-Şəhid verdiyinizi dedin, kimdir ki?

-Qazaxda atamın xalası oğludur.

-Oğlanlarınız evlidir?

-Böyük oğluma Ağcabədidən qız almışam.

-Başınız bağlıdır, deyəsən, dindarsınız?

-Ötən il qardaşım namaz qılmağı öyrədib. Bizlər də oruc tuturuq, qurban kəsirik. İmamların yolunda ehsan veririk.

Mədinə ilə sağollaşıb ayrılıram. Hərə öz yoluna davam edir... /Musavat.com/

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər