Melaniya Trampın andiçmə geyimi: rəmzlər və mesajlar... - FOTO
1107
22 Jan 2025 | 17:52

Melaniya Trampın andiçmə geyimi: rəmzlər və mesajlar... - FOTO

 
"Prezidentin andiçmə ənənəsi Amerika demokratiyasının gözəlliyini təcəssüm etdirir və biz birinci xanım Melaniya Trampı geyindirmək şərəfinə nail olmuşuq..."
 
Yanvarın 20-də yenidən birinci xanım statusuna qayıdan Melaniya Tramp ərinin andiçmə mərasimində gözlənildiyi kimi dəbdəbəli, lakin eyni zamanda ciddi və mühafizəkar bir obrazda görünüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co.il" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, belə əhəmiyyətli bir tədbir üçün geyim və dizayner seçimi təsadüfi deyil. Moda ekspertləri birinci xanımın geyiminin hansı gizli mesajlar daşıdığını anlamağa çalışıb
 
Melaniya Tramp ərinin ikinci andiçmə mərasimində tünd göy rəngli yun palto və ətəkdən ibarət bir geyimdə görünüb. Bu obraz fil sümüyü rəngində bluzla tamamlanıb. Bundan əlavə, o, qara dəridən əlcəklər, göy zamşdan ayaqqabılar və bluza uyğun lentlə bəzədilmiş düz üstlü papaq taxıb. Şübhəsiz ki, bu geyim sıfırın altına düşməsi gözlənilən temperaturda onu soyuqdan qorumaq üçün seçilib. Lakin Melaniya Tramp daha əvvəl "Mənim üçün həqiqətən fərqi yoxdur. Bəs sizin üçün?" yazılı zeytun rəngli palto geyinərək yaratdığı qalmaqallı obrazdan sonra bu dəfə də geyiminə dərin məna yükləyib.
 
 
"Vogue" moda ekspertləri qeyd edir ki, budəfəki obrazın hörmətli və rəsmi xarakteri xanım Trampın artıq həyat yoldaşının kölgəsində qalmaq niyyətində olmadığını və öz siyasi ambisiyalarını nümayiş etdirmək istəyini göstərir. Geyimin müəllifi müstəqil amerikalı dizayner Adam Lippesdir. Əvvəlki andiçmə mərasimində Melaniya Ralf Lorenin əsəri olan açıq mavi rəngli paltoda görünüb. Lakin Lippes hələ adı ilə sinonimə çevrilməmiş gənc bir dizaynerdir və onun markası cəmi on il yaşı olan perspektivli bir brenddir.
 
"Prezidentin andiçmə ənənəsi Amerika demokratiyasının gözəlliyini təcəssüm etdirir və bu gün biz birinci xanım Melaniya Trampı geyindirmək şərəfinə nail olduq," - Аdam Lippes bildirib. "Xanım Trampın geyimi Amerikanın ən yaxşı ustaları tərəfindən hazırlanıb və belə bir işi dünyaya təqdim etdiyim üçün qürur duyuram."
 
Sloveniyadan olan immiqrant kimi Melaniya Tramp, adətən, "Dolce & Gabbana", "Alexander McQueen", "Christian Dior" kimi Avropa dizaynerlərinə üstünlük verir. Onun həyat yoldaşının birinci prezidentlik dövründə Amerika istehsalçılarını dəstəkləmək və iqtisadiyyatı gücləndirmək siyasətinə rəğmən, birinci xanımın Avropa markalarına meylli qarderobu bu ideyanı açıq şəkildə ziddiyyətə salıb. Buna baxmayaraq, 2017-ci ildəki andiçmə mərasimində onun geyindiyi tamamilə amerikalı olan Ralf Loren tərəfindən dizayn edilmiş mavi palto milli birliyə çağırış kimi qəbul edilib.
 
Qeyd etmək lazımdır ki, Ralf Loren əvvəllər də keçmiş birinci xanım Cill Baydeni geyindirib və hətta onu öz dəb nümayişlərində qəbul edib. Keçən ay isə o, Bayden administrasiyası tərəfindən Prezidentin Azadlıq Medalı ilə təltif edilən ilk dizayner olub. Prezident Bayden və doktor Cill Bayden də andiçmə mərasimində Ralf Loren geyimləri ilə çıxış edib.
 
Melaniya Trampın Adam Lippes dizaynını seçməsi, onun müstəqil və perspektivli Amerika biznesini dəstəkləmək niyyətini göstərir. Həyat yoldaşının seçki kampaniyası zamanı o, əsasən diqqət mərkəzindən uzaq qalsa da, ötən il nəşr olunan "Melaniya" adlı memuarları vasitəsilə mediada görünüb. Bu, onun gələcəkdə müstəqil ictimai fiqur olmağa can atdığına işarə edə bilər.
 
 
Bununla belə, Nyu-Yorkun moda elitası yeni prezident administrasiyasından uzaq dayanmağa çalışır. "Vogue" yazır ki, bu, onların "mütərəqqi dəyərlərini və siyasi ideallarını" qorumaq məqsədini güdür. Digər tərəfdən, birinci xanımın geyimlərinin diqqət cəlb etdiyi və mühafizəkar dairələr üçün dəb nümunəsinə çevrildiyi də inkar edilə bilməz. Bu, məhz "Lippes", "Carolina Herrera", "Oscar de la Renta" və digər oxşar brendlərin hədəf auditoriyasıdır.
Link kopyalandı!
Son xəbərlər