Sahibə Qafarova İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb - FOTO
235
12:56, Bu gün

Sahibə Qafarova İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının və İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşüb.

Moderator.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb.
 
Milli Məclisin sədrini salamlayan senator Culio Terzi bu səfərin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib. O, 20 yanvar faciəsinin 35-ci ildönümü və 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzası ilə əlaqədar bir daha Milli Məclisin sədrinə başsağlığı verib. O, bildirib ki, İtaliya Prezidenti Serjio Motarellanın və xarici işlər naziri Antonio Tayaninin təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verməsi iki ölkə arasındakı dostluğun bariz nümunəsidir.
 
Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Söhbət zamanı qeyd olunub ki, qarşılıqlı səfərlər əlaqələrin daha da inkişafına mühüm töhfələr verir. Bu baxımdan, Prezident İlham Əliyevin İtaliyaya səfərləri, o cümlədən, ötən ilin sentyabr ayında baş tutmuş səfəri, həmçinin İtaliya Prezidentinin ölkəmizə səfəri ikitərəfli əlaqələrimizin daha da genişlənməsində və dərinləşməsində mühüm rol oynamışdır.
 
Söhbət zamanı Azərbaycan və İtaliya arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğu qeyd edilib, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən, nəqliyyat, enerji məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər arasında humanitar sahədə də əlaqələrin müsbət inkişafı, xüsusilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin önəmi vurğulanıb, həmçinin, Azərbaycan-İtaliya Universitetinin fəaliyyəti qeyd edilib. Komissiyanın üzvləri bu universitetin Azərbaycana səfər edən hər bir italyan üçün böyük qürur və fəxr mənbəyi olduğunu qeyd ediblər.
 
Görüşdə bildirilib ki, bir sıra məsələlərlə yanaşı, tərəflərin müzakirə etdiyi mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə əlaqədardır. İtaliyanın Baş nazirinin COP29-da iştirakı da İtaliyanın bu məsələyə böyük önəm verdiyini göstərir.
 
İtaliya tərəfi COP29-un yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycana, xüsusilə, Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Bildirilib ki, COP29-un uğurlu keçməsi və mühüm nəticələrin əldə edilməsi Azərbaycanın ortaya qoyduğu mövqeyin nəticəsidir. Qeyd edilib ki, hazırda ətraf mühitlə bağlı danışıqlar davam edir və bu da Avropa İttifaqının bu məsələdə maraqlı olduğunun göstəricisidir.
 
Söhbət zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında dostluq qruplarının rolunu qeyd edən Milli Məclisin sədri, bu sahədə qarşılıqlı səfərlərin sayının artırılmasının əhəmiyyətindən danışıb. Spiker bildirib ki, bu səfərlərin intensivliyinin artırılması Avropada Azərbaycan haqqında saxta xəbərlərin yayılması fonunda daha düzgün məlumatların ictimaiyyətə təqdim olunmasına kömək edər.
 
Görüşdə çıxış edən İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Marko Skuriya da ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, AŞPA-da Azərbaycanla bağlı qərəzli mövqeyin nümayiş etdirilməsindən narahatlığını ifadə edib.
 
Sonra görüş interaktiv formada davam etdirilib, qarşı tərəfin Azərbaycan-İtaliya münasibətləri, Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı sualları Milli Məclisin sədri tərəfindən cavablandırılıb.

Link kopyalandı!
Son xəbərlər