20 Yanvar faciəsinin şahidi:
248
17:59, Bu gün

20 Yanvar faciəsinin şahidi: "Həyat yoldaşım yaşadıqlarımıza dözə bilmədi, xəstələnib öldü" - FOTO

"Güllə səsi eşidəndə, tank, əsgər görəndə eyni dəhşəti təkrar yaşayırdım. Uzun müddət bu faciənin təsiri altında qaldım, çox əziyyət çəkdim".
 
Bunu Oxu.Az-a açıqlamasında 20 Yanvar faciəsinin şahidi Fəridə Muradova deyib. O, tariximizin qanlı səhifəsi barədə xatirələrini bölüşüb.
 
F.Muradova deyir ki, həmin vaxt o, həyat yoldaşı, bir yaş yarımlıq oğlu və anasıgillə şəhərin mərkəzində - "Axundov" bağı yaxınlığındakı evlərində yaşayırmışlar. O, həmin gecəni belə xatırlayır:
 
"1990-cı ildə 20 Yanvar hadisələrindən əvvəl telestudiyanın blokunu partlatdılar. Buna görə nə baş verir, nə olacaq, - xəbərsiz idik. Lakin eşitdik ki, camaat indiki Prezident Administrasiyasının binasının qarşısına yığışıb. Biz də dedik, gedək görək nə baş verir. Təxminən, saat 22:00 idi. Uşağı da gəzməyə çıxarıb, getdik oraya. Filarmoniyanın qarşısında çox sayda adam var idi. Bir kişi bizə yaxınlaşıb soruşdu ki, uşaqla buraya niyə gəlmişik? Əlavə etdi ki, bir-iki saata atışma olacaq. Biz geri qayıtdıq. Amma nigaran qalmışdıq. Uşaq yatandan sonra anamgilin yanında qoyub, gecə 12-dən sonra çölə çıxdıq. Gördük ki, atışma var. Mərkəzdə atışma olmasa da, hər yandan ölüm xəbərləri gəlirdi. İstiqlaliyyət küçəsində aşağıdan yuxarı tanklar qalxırdı. Millət isə dayanıb, tərpənmir. İnsanlar etiraz edirdilər. Tanklardakı əsgərlərdən niyə gəldiklərini soruşurdular. O soyuq qış gecəsi faciə baş verdi. İnsan qətliamı törədildi. Qonşularımızdan, tanışlarımızdan şəhid olanlar oldu".
 
F.Muradovanın sözlərinə görə, yanvarın 22-də şəhidlər dəfn edildikdən sonra eşidiblər ki, Müşfiqabadda yaşayan qaynını silahın qundağı ilə yaralayıblar:
 
"Çox nigaran olduq. Qaynımın biri də Xırdalanda yaşayırdı. Axşamüstü yola çıxdıq ki, gedək görək qaynanamgil necədilər. Biz öz maşınımızla yola çıxdıq. Yaş yarımlıq oğlumu qucağıma alıb, arxada əyləşdim. "Salyanski kazarma"nın önündən keçəndə gördük ki, qapısı açıqdır. Oradan tanklar çıxır. O vaxt Xırdalana gedən yol təmirdə idi, hamı Biləcəridən keçirdi. Biz metronun indiki "20 Yanvar" stansiyasının yanından keçəndə tankları gördük. Silahlıların üz-gözündən zəhrimar, qəddarlıq yağırdı. Əsl qatilə oxşayırdılar. Biz bu mənzərəni görməmək üçün tez Biləcəridən aşağı düşdük. Həmin vaxt kiminsə maşınında nasazlıq yarandı, "qluşitel"i partladı. Bunlar da elə bildilər ki, kimsə atəş açdı, atışma var. Bu dəmdə atəş açmağa başladılar. Sağa-sola baxmadan atəş açırdılar. Biz çaşıb qaldıq. Yaxşı ki, sağ tərəfdə ağaclıq var idi. Ağaclığın içinə sürdük və maşını saxladıq. Yoldaşım tez maşından düşdü, dedi gəl qaçaq. Mən razılaşmadım. O, mənə məhəl qoymadan cəld uşağı qucağımdan alıb, yerə uzandı. O anda onun ayağının düz yanına dəyən güllə yeri deşmişdi. Bir neçə saniyə sonra mənə güllə dəydiyini başa düşdüm. Ayağımdakı 4 güllə yarası şiddətlə ağrımağa başladı. Əvvəl qışqırsam da, sonra qorxudan səsimi çıxartmadım. Çünki eşitmişdim ki, 19-dan 20-ə keçən gecə yaralıları öldürmüşdülər. Axı mən cəhənnəm, yanımızda körpə uşaq var. Sonra tanklardan düşüb gəldiklərini gördük. Yoldaşım məni maşından düşürdü. Qanım axa-axa qaçıb beşmərtəbəli evlərin arxasında gizlənmək istədik. Sakinlərdən kimsə eyvandan baxırdı. Bizə dedi ki, orada gizlənməyin, gəlirlər. Birtəhər qaçaraq gedib blokda gizləndik. Ev sahibi bizə kömək etdi. Mələfə ilə yaramı bağladılar, təcili yardım çağırdılar. Amma təcili yardım gələ bilmirdi. Sağ olsun, ev sahibi məni Biləcərinin xəstəxanasına apardı".
 
F.Muradova söyləyir ki, əməliyyatı 4 saat davam edib:
 
"Yaxınlarım danışırlar ki, bir yaş yarımlıq oğlum əməliyyat otağının qarşısında "mama" deyərək o yana-bu yana qaçırmış. Yoldaşım bu olanlardan sonra dözə bilmədi. Xəstələndi, 1994-cü ildə vəfat etdi".
 
O deyir ki, 40 gündən çox xəstəxanada qalıb:
 
"Komendant saatı elan olunmuşdu. O vaxt Biləcəridə mən müalicə olunduğum xəstəxananın yanında hərbi hissə var idi. Həyətdə əsgərlər gəzirdi. Hər dəfə mən onları görəndə qorxur, gizlənirdim. Bizi vuranlar 3 günlük gəlmişdilər. Onlar yanvarın 22-də gedirdilər. Onlar gedərkən də atışma oldu. Güllələr xəstəxana pəncərəsinin önündən keçdikcə, mən qorxur, gizlənirdim. Dilim tutulmuşdu. Bu faciə mənə çox bəlalar yaşatdı, çox əziyyət çəkdim..."
 
Link kopyalandı!
Son xəbərlər