Bizi sosial şəbəkələrdən izləyin:
“35 ildir ki, gözümün yaşı qurumur. Mehman mənim arzularımı, istəklərimi, gülüşümü, canımı aparıb getdi. Mən heç onu yuxularımda da görmürəm ki.. Təzə-təzə yuxularıma gəlirdi, indi heç gəlmir. Mehmanın qocalmağını görmək mənə qismət olmadı. İndi düşünürəm, fikirləşirəm ki, görəsən Mehman necə qocalardı? Görəsən Mehman sağ qalsaydı neçə yaşında evlənərdi? Neçə övladı olardı? Bütün bunları düşünüb, özüm-özümə sual verirəm. Amma sualların cavabını tapmıram. Yəqin ki, ömrümün sonuna qədər də həmin suallar cavabsız qalacaq. Mehman o qədər mərd, insanlara kömək edən oğul idi ki.. İnsanların meydanda əliyalın çıxıb tanklara müqavimət göstərməsi ilə heç cür barışa bilmirdi. Elə həmin hadisə günü ürəyindən güllə dəymişdi (ağlayır)”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, 20 yanvar şəhidi Mehman Həsənovun anası Səmayə Musayeva deyib. O daha sonra əlavə edib:
“Mənim bu dünyada heç kimim yoxdur. İki qardaşım var idi. Mənə baxan qardaşım bu günlərdə dünyasını dəyişdi. Mehmandan sonra bir daha yetim qaldım. O müntəzəm mənimlə olurdu. Gündə gəlib dəyirdi mənə. Ayağımı suya kimi qoyurdu, hara lazımdırsa aparırdı məni. Mehmanı sanki ikinci dəfə itirdim. O mənə bir yox, beş Mehman idi. Həmin qardaşımın oğlunu övladlığa götürdüm. Hələ 35 il əvvəl Mehmanın 40 mərasimi çıxan kimi gedib sənədləri həll edib onu adıma yazdırdım. Amma Mehmanın yerini mənə heç kim əvəz etmədi. Həmin oğlum heç evlənmədi də. Elə bil mən yazığın bəxtindəndir. Evi də onun adına salmışam. QanuniMəhv olmuş insanam da.. Arzularım var idi. Tənhalıq pis bir şeydir” deyə aktrisa bildirib.
Səmayə Musayeva bildirib ki, Akademik Musiqilu Teatrın rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılır:
“Artıq 80 yaşım tamam oldu. Düzdür, özüm-özümü idarə edirəm, amma ayaqlarım tutulub, çətinliklə gəzirəm. Səhnə üçün, sənətim üçün, tamaşaçılarım üçün səbirsizliklə darıxıram. Onları yadıma salıb hönkürtü ilə ağlayıram. Axı mən sənətimi çox sevirdim, ora təsadüf nəticəsində düşməmişdim. 80 illik yubileyim vaxtı Akademik Musiqili Teatrından zəng edib mənim üçün tamaşa hazırlamağı təklif etdilər. Vaxtilə mən həmin “5 manatlıq gəlin” tamaşasında oynamışdım. Mən yaslı idim, istəmədim. Qardaşımı itirmişəm, dünyam gedib. Necə rol oynaya bilərəm?” deyə aktrisa bildirib.