BDU-da 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub - FOTOLAR
576
17 Jan 2025 | 18:03

BDU-da 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub - FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
 
Moderator.az xəbər verir ki, əvvəlcə BDU kollektivi 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb.
 
Tədbir Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu il Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 35 il ötür. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 35 il əvvəl həmin faciəli gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin və yenilməz iradəmizin rəmzinə çevrilib: “Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına, dinc, silahsız insanlara qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə həkk olunub. 20 Yanvar faciəsi dünya azərbaycanlılarının azadlıq uğrunda təşkilatlanmasını sürətləndirməklə, faciədən sonra Azərbaycanda sovet imperiyasının bütün mənəvi və sosial dayaqlarını itirməsinə səbəb olub. Məhz bu hadisədən sonra müstəqillik ideyası ümummilli amala çevrilib. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək və Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra, 1994-cü il martın 29-da Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
 
Rektor bildirib ki, 20 Yanvar hadisələrində Bakı Dövlət Universitetinin müəllim, tələbə və məzunları da düşmən ordusuna sinə gərib. Onlardan qəhrəmancasına şəhidlik zirvəsinə ucalanlar olub: “Şəhid tələbələrimizin xatirəsi daim qəlbimizdə yaşayır.  20 Yanvar hadisələrində özünü göstərən bu birlik, mətinlik bizə həm də 44 günlük Vətən müharibəsində şanlı Zəfəri qazandırdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mahir sərkərdəliyi, qətiyyəti, qüdrətli Ordumuzun rəşadəti, xalqımızın birliyi ilə qazandığımız tarixi Zəfərlə bütün şəhidlərimizin intiqamı alındı. Onların Vətən yolunda axıdılan qanı yerdə qalmadı”.
 
Milli Məclisin üzvləri – professor Hikmət Babaoğlu, Rizvan Nəbiyev və BDU-nun Tarix fakültəsinin dosenti Elvira Lətifova çıxışlarında 20 Yanvar faciəsinin ölkəmizin müstəqillik tarixində önəmli rolundan danışıb, şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, 20 Yanvarda xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirib. 20 Yanvar azadlıq və milli istiqlalımızın başlanğıcı olub.
 
Tədbir BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə - Qanlı şənbə gecəsi” sənədli filminin nümayişi ilə başa çatıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər