MSK bələdiyyə seçkiləri ilə bağlı yeni mərhələyə start verdi - FOTO
740
17 Jan 2025 | 13:13

MSK bələdiyyə seçkiləri ilə bağlı yeni mərhələyə start verdi - FOTO

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) genişmiqyaslı kampaniyası ardıcıl, sistemli və intensiv şəkildə davam edir.
 
Bu barədə Moderator.az-a MSK-dan məlumat verilib.
 
Qeyd olunub ki, MSK yanvarın 17-dən etibarən daha bir mühüm layihəyə - aşağı seçki komissiyalarının bütün üzvlərini əhatə edən treninqlərə başlayıb.
 
"Bu məqsədlə Komissiyanın treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində iki mərhələli proqram hazırlanıb. İki gün davam edəcək “Trenerlər üçün treninq” adlı birinci mərhələyə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsinin hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 236 yerli trener cəlb olunur. Treninqlər ərzində iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi və seçki günü müstəsna hallar da daxil olmaqla, bütün seçki günü prosedurları müxtəlif metodiki və yardımçı vəsaitlərdən də istifadə edilməklə əyani formada çatdırılır. Xüsusilə seçicilərin öz iradələrini ifadə etməsi ilə bağlı bələdiyyə seçkilərinin spesifikliyindən irəli gələrək, səsvermə, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması bütün təfsilatı ilə aydın izah olunur. Treninqlər çərçivəsində, həmçinin seçki günü prosedurlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılır, meydana çıxan suallar cavablandırılır", - deyə MSK-nin məlumatında bildirilir.
 
Qurumdan o da qeyd olunub ki, treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə yanvarın 19-dan başlanacaq və treninqlər hər seçki dairəsində məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə gün davam edəcək. Bu mərhələnin də səmərəli və keyfiyyətli olması üçün treninqlərin praktiki məşğələlər şəklində və MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvələ uyğun olaraq, kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur: "Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvü MSK tərəfindən hazırlanan və bütün aidiyyəti prosedurları müfəssəl əks etdirən “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, müxtəlif zəruri metodiki vəsaitlər və əyani materiallarla da təmin olunacaq. Kifayət qədər genişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər, bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün üzvlərini əhatə edir.
 
Qeyd etmək lazımdır ki, MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində əsası qoyulan və seçkilərdə müvəffəqiyyətlə gerçəkləşdirilən treninq layihəsi dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının artırılmasında, işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır".
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər