Metodistlər işdən çıxarılırlar - Onlara artıq ehtiyac yoxdur?
603
11:40, Bu gün

Metodistlər işdən çıxarılırlar - Onlara artıq ehtiyac yoxdur?

Bir neçə gündür regional təhsil idarələrində fəaliyyət göstərən metodistlərin işdən azad olunması ilə bağlı paylaşımlar edilir. Lənkəran-Astara Regional Təhsil İdarəsində 18, Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaş işdən azad edilib. Buna səbəb isə qurumun daxilində fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
 
Maraqlıdır, artıq metodistlərə ehtiyac yoxdur?
 
Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, təhsilin inkişafından danışılan bir vaxtda metodistlərə ehtiyac var:
 
 
"Metodistlər əvvəllər rayon təhsil idarələrinin tərkibində fəaliyyət göstərirdi. Metodist müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən, tədrisini aparan təhsil idarələrinin təkmilləşdirilməsi istiqamətində müəyyən dəstək göstərən şəxsin vəzifəsi idi. Onlar ixtisasın, tədrisin inkişafında təhsil verənlərə müəyyən dəstəyin göstərilməsini həyata keçirirdilər. Müasir dünyada hər bir fənnin müasir tədris metodikası var. Metodistlərin belə zamanda gənc müəllimlərə dəstək göstərməsi, əməyin təkmilləşdirilməsi, ixtisasın tədris olunmasında iştirakı çox vacibdir. Mən təhsil idarələrində metodistlərin işlərinə son verilməsinə qarşıyam. Həmin idarələr məktəblərdə yoxlamalar keçirəndə metodist müəllimlərin iştirakı mütləqdir. Bu gün onların fəaliyyətinə son verilməsi gündəmə gəlirsə, yəqin ki, metodistlərə ehtiyac olmadığını düşünürlər".
 
Ekspertin sözlərinə görə, idarələr tərəfindən metodistlərin işlərinə son verilməsi onların fəaliyyətsizliyi ilə əlaqəli ola bilər:
 
"Metodistlərin fəaliyyətsizliyini görüb onları işdən azad etmək yerinə, onlar üçün müxtəlif fəaliyyət formaları, növləri, istiqamətləri yaratmaq lazımdır. Fənn müəllimləri ilə onların görüşdürülməsində, inkişafı istiqamətində tövsiyələrin verilməsində, fənlər üzrə olimpiadaların təkmilləşdirilməsində, inkişafında regional təhsil idarələrinin funksiyası böyükdür. Bu istiqamətdə metodistlərin fəaliyyəti aktivləşdirilə bilər. Onlar düşünürlər ki, fəaliyyət yoxdur, boşuna bu vakant yerə diqqət artırılır. Amma bu vakant yerin işləməsi lazımdır. Onun tədrisə daha yararlı olması üçün vəzifəni işlək vəziyyətə gətirmək lazımdır, çünki metodistlərin görülməli işləri çoxdur".
 
- Metodistlərin fəaliyyət istiqaməti necə genişləndirilə bilər?
 
- Rayonlarda təhsil idarələrinin nəzarətində olan ərazilərdə fənlər üzrə müsabiqələrin keçirilməsi, olimpiadaların təşkil edilməsi, yoxlanılması, hər rayonda fənlər üzrə gənc müəllimlər ilə metodistlərin tədris prosesi başlamazdan öncə görüşünün təşkil edilməsi, metodiki biliklərin ötürülməsi işləri həyata keçirilə bilər. Bunlar vacib işlərdir. Bunlar gözardı edilərək, metodistlərə ehtiyac olmadığı düşünülür. Hər bir fənnin tədrisinin tətbiqi üsulları, mövzunun daha rahat formada çatdırılması, fənlər üzrə yeniliklərin müəyyənləşdirilərək müəllimlərə izah edilməsi metodistlər tərəfindən həyata keçirilməlidir. Rayonlarda regional təhsil idarələrinin tabeliyində olan ərazilərdə müəllimlərin bəziləri bəlkə də fənlər üzrə müasir biliklərə sahib deyillər, müasir tədris üsullarından xəbərsizdirlər. Bunları həmin müəllimlərə çatdıracaq şəxs metodistdir. Onların olmaması, fəaliyyətlərinin məhdudlaşdırılması təbii ki, təhsilə də müəyyən dərəcədə zərbə vuracaq.
 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, savadlı, öz sahəsini dərindən bilən metodistlər digər sahələrdə işlə təmin edilməlidirlər:
 
 
"Elm və təhsil sahəsindəki siyasəti Elm və Təhsil Nazirliyi həyata keçirir. Bu gün də nazirlik islahatları davam etdirir. Son bir neçə ildə nazirliyin nəzdində olan bir neçə strukturların, agentliklərin yaradıldığını görürük.
 
Metodiki kabinetlər və metodistlər sovet dövründə formalaşdırılmış bir sistemin tərkib hissəsidirlər. Uzun illərdir bu istiqamətdə metodistlər tədris, təhsil prosesinin aparılmasında işlərin həyata keçirilməsi ilə məşğul idilər. Son zamanlar metodistlərin işdən çıxarılması ilə bağlı müraciətlər artıb. Elm və Təhsil Nazirliyi növbəti bir islahat kimi bu məsələni həyata keçirir. Biz davamlı olaraq həm parlamentdə, həm də mətbuatda bu və digər məsələlərin müzakirəsini aparıb, fikirlərimizi bildiririk. Bu iş görülürsə, demək nazirlik belə qənaətə gəlib ki, həmin kabinetlərin fəaliyyətinə ehtiyac yoxdur, ona görə bu istiqamətdə addımlar atmağa başlayıblar. Burada ən önəmli məsələlərdən biri sahəsini, təhsil, tədris prosesini dərindən bilən şəxsləri digər sahələrdə işlə təmin etməkdir. Bütün hallarda təhsil həssas sahədir. Addımlar atılarkən də bütün hallarda xüsusi diqqətdə saxlanılmalıdır".
 
Link kopyalandı!
Son xəbərlər