“Mən belə düşünürəm ki, sənətçi üçün heç vaxt rolun böyüyü-kiçiyi olmamalıdır. O heç nə seçməməlidir. Elə aktyor və aktrisalar var ki, onların öz sənət prinsipləri, baryerləri var. Yəni qadındırsa həyat yoldaşının, kişidirsə xanımının ona qoyduğu qadağalar var. Bu bizim ailəmizdə də var. Mən nə qədər cəsarətli obrazlar oynasam da elə bir hədd var ki, onu aşmamalıyam. Bunu birinci gündən mənə həyat yoldaşım deyib. Düşünürəm ki, oynadığım bütün cəsarətli obrazlarımda bu həddi nəinki aşmaq, heç o həddə çatmamışam da. Amma bu da bir həqiqətdir ki, biz elə bir zamanda yaşayırıq ki, həmin cəsarətli obrazları oynamadıqca, daha az tanınırıq, yerimizdə saymağa başlayırıq. Çünki ümumiyyətlə nəinki sənət, həyat cəsarət tələb edir. Bu həyatda varsansa cəsarətli olub, ayaqda duracaqsan”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın aparıcı aktrisası Gültac Əlili deyib.
O daha sonra teatrda işlərinin çox olmasına baxmayaraq məişət problemlərini də özünün həll etdiyini, ailəsinə böyük qayğı göstərdiyini bildirib:
“Bir insan əgər nəyisə istəyirsə onu edə bilər. Yetər ki, istəsin. Mən bəzən bəhanələr gətirirəm ki, idman etməyi, yürüyüş etməyi çatdırmıram. İnanın ki, istəsəm çatdıraram. Çünki hazırdakı durumumda onu istəməməyim üçün etmirəm. Bir şeyi istəmək lazımdır. Yemək bişirməyə də, dükan-bazara getməyə də, ailəyə vaxt ayırmağa da istək lazımdır. Düzdür, insan çox yorulur. Yaşından artıq yük götürür. Bu da onun zamanla, bir müddətdən sonra səhhətinə çox ciddi təsir edir. Amma arzularımızı reallaşdırmaq, həyatın axınına ayaq uydurmaq üçün çox çalışmağa məcburuq. Çiynimizin daşıya biləcəyindən artıq yük götürməyə məcburuq ki, mən də bunu edirəm”.
Aktrisa deyir ki, iki azyaşlı övladı da həyat yoldaşı və onunla birgə teatrdakı tamaşalarda rol alır:
“Ataları onların tamaşalarda rol almasına qəti narazılıq edirdi. Qadağa qoymuşdu. Amma elə bir yaşa gəlib çatdılar ki, biz onların fikirlərinə mane ola bilməzdik. Seçmək hüquqları var idi. Teatrda rol təklif olunanda gördüm ki, etiraz etmirlər. Kənardan baxanda gördük ki, bu onlarda nə qədər gözəl alınır. Hətta bir dəfə yadımdadır ki, Hüseyn səhnə arxasında idi, gözləri dolmuşdu, səhnənin arxasından oğlumuza baxırdı. Yaxınlaşıb dedim ki, nə olub? Dedi ki, bunlar nə tez bu qədər böyüdülər? Mən elə bil ki, özümə baxıram səhnədə. Əvvəlcə böyük oğlumuz səhnəyə çıxdı. Bizim heç ağlımıza gəlməzdi ki, balaca böyüyü də ötüb keçəcək. İndi balaca oğlum elə oynayır ki.. Teatrdan o qədər rol təklifləri alır ki. Bəzi hallarda biz qarşısını alırıq. Teatr elə bir aləmdir ki, gəldinsə aşiq olursan, burada qalırsan. Bu yaxınlarda da “Evdə tək” tamaşasında hər iki qardaş bir-birinin dublyoru idi. Kevin obrazını tamaşaçılar da çox gözəl qarşıladılar. Normal bir şeydir. Ata peşəkar, bənzərsiz aktyordur, ana işini sevən aktrisadır. Nəzərə alsaq ki, ana bətnində son günə qədər hər ikisi səhnədə olublar. Bu da onların istedadsız ola biləcəyinə heç cür zəmin yaratmır”.