Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir:
- Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir sıra vacib istiqamətlərlə yanaşı, ölkəmizin sosial həyatında baş verən dəyişikliklərə, əldə olunan uğurlara münasibət bildirdi. Artıq 2025-ci ilin dövlət büdcəsi təsdiq edilib. Bu mənada, sosial-iqtisadi sahədəki prosesləri necə xarakterizə etmək olar?
- Ölkəmizin başçısının yerli televiziya kanallarına verdiyi müsahibə bir çox cəhətləri ilə əhəmiyyətlidir və tarixi konseptual xarakter daşıyır. Müsahibəsində dövlətimizin başçısı ötən ilin nəticələrini və uğurlarını qeyd etməklə yanaşı, post-müharibə dövründə keçilən yola nəzər saldı. Eyni zamanda qarşıda duran perspektivlər və problemlər, o cümlədən geosiyasi məsələlər barəsində özünün dərin, düşüncəli fikirlərini Azərbaycan və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Ötən ilin göstəricilərini dövlət başçısı uğurlu adlandırdı. 2024-cü il iqtisadi və sosial cəhətdən uğurlu il olub. Prezident bir daha vurğuladı ki, sosial sahədə əldə edilən nailiyyətlər və bütün təminatlar iqtisadi uğurlarla bağlıdır. Ötən ildə də dövlət büdcəsi və ümumi daxili məhsulda artım olub. Eyni zamanda yanaşı iqtisadiyyatın bir çox sahələrində inkişaf əldə edilib.
- Bu ilin sosial sahə üçün strateji hədəfləri hansılardır?
- Məhz iqtisadi uğurlar 2025-ci ildə Azərbaycanda sosial sahədə dərin islahatları davam etdirməyə imkan yaradacaq. Dövlət başçısının da söylədiyi kimi, bu sahənin inkişafına xidmət edən dörd islahat paketi qəbul edilib. Artıq 2025-ci ilin əvvəllindən başlayaraq 5-ci sosial islahatlar paketi reallaşmaq üzrədir. Prezident İlham Əliyevin tövsiyələrinə və göstərişlərinə uyğun olaraq minimum əməkhaqqı 400 manata çatdırıldı. Eyni zamanda minimum pensiya 320 manata qədər artırılaraq, ötən ildəkindən 40 manat artıq bir həddə müəyyənləşdi. Bununla yanaşı, ölkə başçısının sərəncamları ilə müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqqları da artırılır.
- Minimum əməkhaqqının artması nə qədər insanı əhatə edəcək? Ötən il orta aylıq əməkhaqqında olan artımların digər sahələrə təsiri necə olacaq?
- Bu, 700 mindən artıq vətəndaşın minimum əməkhaqqının artırılması deməkdir. Ötən il ölkə üzrə orta aylıq əməkhaqqındakı 9 faizlik artım bütün pensiyaların sosial sığorta hissəsinin artırılmasına imkan yaradacaq.
- Qeyri-neft sektorunun inkişafı ilə bağlı əsas hədəflər nədən ibarətdir?
- Dövlətimizin başçısı müsahibəsində bu sahəyə də toxundu. Ölkənin əsas prioritetlərindən biri də insan kapitalının, qeyri-neft sektorunun və regionların harmonik inkişafının təminatıdır. Sevindirici haldır ki, Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələri həyata keçirildikcə, iqtisadi layihələrin də icrasına başlanılır. Məhz bunun nəticəsidir ki, artıq həmin bölgələrdən də dövlət büdcəsinə vəsait daxil olacaq.
- Müstəqillik tariximizin ən böyük büdcə zərfində sosial sahəyə nə qədər vəsaitin ayrılması nəzərdə tutulub?
- Sözsüz ki, 2025-ci ilin dövlət büdcəsi müstəqillik dövrünün ən böyük maliyyə sənədidir. Bu büdcənin 41 faizi və ya 17 milyard manatı sosial yönümlü xərclərə yönələcək. Eyni zamanda bu ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərcləri də artırılıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı Böyük Qayıdış üzrə birinci dövlət proqramı da davam etdiriləcək. Bu ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərcləri üçün 8,4 milyard manat vəsait nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun bərpasına, məskunlaşma xərclərinə isə 4 milyard manatdan artıq vəsaitin dövlət büdcəsindən yönəldilməsi həyata keçiriləcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan regionun hərbi, siyasi və sosial cəhətdən aparıcı dövlətidir. Məhz bu mənada bölgənin taleyi Azərbaycandan asılıdır və fərqli şəkildə inkişaf edə bilməz.